17 Sentyabr 2014 18:03
3 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arifin həyatda ən böyük səhvi ailə qurmaması idi”

Ötən gün xalq artisti, prezident təqaüdçüsü, televiziya və kino rejissoru Vasif Babayevin doğum günü idi. Sentyabr ayının 16-da 1940-cı ildə İçərişəhərdə Hacıağa kişinin ailəsində doğulub. O zamankı Teatr İnstitutunu bitirib. 1964-cü ildən taleyini AzTV ilə bağlayıb. Əvvəlcə rejissor köməkçisi olub sonra televiziyanın baş rejissoru, bədii rəhbəri vəzifələrinə kimi yüksəlib. AzTV-də öyrəndikləri başqa kanalların quruculuğunda da köməyinə gəlib. “MİR” Dövlətlərarası Teleradio Şirkətinin direktoru. “SARA” müstəqil teleradio şirkətinin icraçı direktoru, Moskvada fəaliyyət göstərən “İNTER-AZ” Teleradio Şirkətinin vitse-prezidenti olub. “Qızıl Fond”da saxlanan çoxlu sayda sənədli filmlər çəkib. Ümumilli lider Heydər Əliyevin ötən əsrin 60-70 və 80-ci illərindəki fəaliyyətinin kinoxronikasını o lentə alınıb. Teleqraf.com-a söhbətində Vasif Babayev o illərdən, “Alfa” qrupunun qarşısına tək çıxmağından, xalq şairi Bəxtiyar Vahabzadəni ölümün pəncəsindən necə xilas etməyindən danışdı. Və əlbəttə ki, uşaqlığını, həyatının idealına çevrilən tanınmış kinorejissor Arif Babayevi xatırladı.

Bir qığılcım

“Ailədə beş qardaş olmuşuq. İçərişəhərdə doğulmuşuq, böyümüşük. Evimiz Şirvanşahlar sarayının iki addımlığında idi. Mənim ilk məhəbbətim, ilk öpüşüm İçərişəhərdə olub. İçərişəhərə hədsiz bağlıyam. Qardaşım Arif Babayev kinorejissor olub. O çox gözəl filmlər çəkib, gənc vaxtlarında da rəhmətə gedib. Mən ondan 12 yaş kiçik olmuşam, o mənim pərəstiş etdiyim insan idi. Həyatımda atdığım addımları ona layiq atmağa çalışmışam, ona oxşamağa, onun yolu ilə getmək arzu idi mənim üçün. Arif saf, təmiz qəlbli insan idi. Uşaq olarkən qarşısında toyuq başı kəsdiklərinə görə, həyatının sonuna kimi toyuq yemədi. Saf idi və bu saflıq onun filmlərinə də hoppuşdu. Ona görə filmləri indiyə kimi aktual və məşhurdur. İçərişəhəri sevirdi və onu yaşatmaq üçün filmlər çəkirdi. Hər zaman tənha oldu, ailə qurmadı, övlad sahibi olmadı. Arifin həyatda ən böyük səhvi ailə qurmaması idi. O həyatını kinoya həsr etdi, özünü kinoda yandırdı. Arif Babayev gözümün qarşısında olub, ona görə onun bütün xasiyyətinə bələdəm. O yeganə rejissor olub ki, kino təhsili almayıb. Teatr İnstitutunu bitirib, amma istedadlı kinorejissor idi”.

Doğum günü

“Heç vaxt ad günümü təmtəraqlı qeyd etməmişəm. Üç–beş nəfər yığılmışıq, qeyd etmişik, o da ailəiçi olub”.

“Alfa” qrupu

“Yanvar ayının 19-da axşam efirinə hazırlaşırdıq, birdən güclü partlayış səsi eşitdik və hamımız həyətə qaçdıq. Onda başa düşdük ki, televiziyanın enerji bloku partladılıb. Bir neçə əməkdaşla ora getdik və qəribə mənzərə ilə rastlaşdıq. Qəribə geyimli adamları ordan çıxarkən gördük. Sonra bildik ki, onlar “Alfa” qrupunun hərbçiləri imiş. Çox ağır və acılı anlar idi. Rus ordusu Bakıya girmişdi, xalqı qırırdı, hamını dizi üstə çökdürmək istəyirdi. Lakin buna nail ola bilmədilər. Bəzi vətənpərvər insanlar, mən də daxil olmaqla xalq hərəkatına qoşuldum. Səmimi ürəklə, uşaq xasiyyəti ilə...Televiziyada işləyənlərin çoxu bu hərəkata qoşulmamış, qaçıb gizlənmişdilər. Bir qrup vətənpərvər uşaqların içində çalışırdıq televiziyanın qeyrətini çəkək.

Bir hadisəni danışım: 1988-ci ildə televiziyanın həyətində böyük bir mitinq təşkil etdim. Bir rəssam çağırmışdım ki, iri hərflərlə “Azərbaycan televiziyası Azərbaycan xalqına xidmət etməlidir” şüarını yazsın. Mitinqdən sonra keçirilən kollegiya iclasında hədəfə çevrildim, tənqid olundum, işdən çıxarılmadım, amma vəzifədən alınıb, rejissor kimi çalışdım. Ardınca 19-20 yanvar hadisələri gəldi. Elə o ərəfələrdə Rafiq Savalan, Azər Camal və məni tutdular, hər şeyin günahkarı biz seçildik. Amma biz sınmadıq”.

Məhbəs həyatı

“Həmin gün qollarımızı qandallayıb, fərdi təyyarələrlə bizi burdan sürgün etdilər. Vaqonlara mindirib bizi göndərdilər Ulyanska. Böyük şəxsiyyətlərimiz Anar, Oljas Süleymanov, Tofiq İsmayılov, Arif Məlikov ayağa qalxıb, bizi axtarırdılar. Sovet İttifaqının bütün dairələrinə məktublar yollamışdılar. Nəhayət, Rusiyada yaşayan azərbaycanlıların hesabına biz azadlığa buraxıldıq”.

Bəxtiyar Vahabzadə

“Bəxtiyar Vahabzadə enerji blokunun dağıdıldığı günün səhəri yanvar ayının 20-də Teleradionun həyətinə gəldi. Amma ondan əvvəl rus işğalçı ordusunun baş senzoru Ovçinnikov gəlmişdi və mən, televiziyanın sədr müavini Fuad Tanrıverdiyev onunla söhbət edib, niyə gəldiyini araşdırırdıq. Birdən Bəxtiyar müəllim gəldi və dedi ki, televiziyada çıxış etmək istəyirəm. Çox həyəcanlı idi, gözləri dolmuşdu. Ona dedik ki, televiziya partladılıb, qapıları bağlıdır, işləmir. Sonra gözləri Ovçinnikovu gördü və onu bizdən xəbər aldı. Vəziyyəti ona başa salanda lap hirsləndi, əsəbdən əsməyə başladı, ona yaxınlaşıb: “İşğalçı” deyib, ona tərəf tüpürdü. Senzorun yanında dayanan iki əsgər avtomatlarını hazır vəziyyətdə saxladılar, bircə əmri gözləyirdilər. Vəziyyəti belə görüb Fuadla mən Bəxtiyar müəllimin qarşısına keçdik, onu qucaqladıq və senzora Bəxtiyar müəllimin kim olduğunu başa salmağa çalışdıq. Biz faciənin qabağını aldıq, onlar Bəxtiyar müəllimi güllələyə bilərdilər. Mən və Fuad baş verəcək acı faciəni qarşısını aldıq. İndi yerindən duran deyir ki, Bəxtiyarı biz müdafiə etmişik. Yalan deyirlər, orda Fuadla məndən başqa kimsə olmayıb. İndi danışmaq, şərh etmək çox asandır, hamı dildə qəhramandır. Televiziyanın işçilərinin əksəriyyəti partlayışdan əvvəl qaçmışdı, idarədə beş-altı nəfər qalmışdı, amma indi hamı qəhrəman kimi danışır”.

Ulu öndər

“Ulu öndər Heydər Əliyevlə müxtəlif illərdə görüşlərim olub: istər sovetlər zamanı, istər müstəqillik qazanandan sonra. Hətta deyərdim ki, 1969-cu ildən 1982-ci ilə kimi mən Heydər Əliyevin sözün əsl mənasında kölgəsi olmuşam. Qurultaylar, canlı yayımlar, abidələrin açılışı eləcə də digər tədbirləri rejissor olaraq lentə alırdım. Hətta heç kim ona yaxınlaşmaq cəsarətini özündə tapmırdı, mən isə işimin öhdəsindən gəlməyə çalışırdım. 1983-cü ilin yanvar ayının əvvəlləri idi, Zərifə Əliyeva mənə zəng vurdu və dedi ki, yanvar ayının 11-də operatorumla bərabər Səadət sarayında olum. Həmin gün İlham Əliyev və Mehriban Paşayevanın nişan mərasimi idi, mən operatorumla birgə o tarixi anları lentə aldıq”.

Kino

“Hazırda geniş bir layihə üzərində işləyirəm. Azərbaycan tarixində ilk dəfə olaraq geniş masştablı iki hissəli sənədli film çəkirəm. Mövzu barədə ətraflı danışmayacam. Bir -iki çəkilişlərimiz qalıb, ondan sonra filmin montajı, səsləndirilməsi başlayacaq, təxmini bir aya filmi tam başa çatdıracam. Bundan başqa özüm haqqımda kitab yazıram. Başıma gələn bütün hadisələr orda qeyd olunacaq”.

Nərmin Muradova

QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: