Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, təşkilat komitəsinin sədri, rejissor Fehruz Şamıyev festivalın əsas məqsədindən danışıb: “10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas məqsədi azərbaycanlı və xarici gəncləri bir araya gətirmək, canlı olaraq bir yerdə müzakirələr təşkil etmək, müsabiqə keçirmək və onların mükafatlandırmaqdır. Bu gənclərin yaradıcılaqlarına da təkan verəcək. Bu, sayca 10-cu festivaldır. Filmlər əsasən festivalda nümayiş olunacaq. Festival bitdikdən sonra televiziya və “Youtube” kanalına yerləşdirə bilərik. Ümumən festivalların əsas missiyası odur ki, burada ekskluziv filmlər nümayiş olunur”.
Əməkdar incəsənət xadimi Ayaz Salayev deyib ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalı Azərbaycanın kino tarixinidə özünün yeri var: “Bu festivalın qiyməti ondadır ki, gəncləri öz ətrafında toplayır və ölkəmizə gələn xarici gənclərlərlə fikir mübadiləsi aparır. Dünyagörüşləri formalaşır. Çox vacib tədbirdir”.
Festivalın münsiflər heyətinin üzvü, 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı kinorejissor Rezan Yaşılbaş festivalın önəmindən söz açıb: “Çox önəmli festivaldır. Sənətçilərin bir-biri ilə yaradıcılığını paylaşmasına istiqamət verəcək. Qısa filmləri çox sevirəm. Yarışmada olan bütünmünsif heyətini təbrik edirəm”.
Beynəlxalq müsabiqənin münsiflər heyətinə kino və teatr rejissoru İlqar Safat, 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı Rezan Yaşılbaş, yerli və xarici festivallarda 60-dan çox mükafata layiq görülən İran rejissoru Kərim Əzimi, CineDOG-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri, əməkdar incəsənət xadimi Bəhram Bağırzadə daxildir.
Yerli müsabiqədə “Qızıl nar” mükafatı uğrunda mübarizə aparacaq filmləri isə xalq artisti Vidadi Həsənov, əməkdar artist Gülzar Qurbanova, rejissor İman Həsənov müəyyənləşdirəcək.
10-cu açılışını edən kinoforuma 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib. Festivalın yerli proqramına isə 84 ekran işi göndərilib.
Filmlər noyabrın 6-dan 9-dək Nizami kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.
Festival “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə baş tutub.
Qeyd edək ki, tədbirdə xalq artisti Fəxrəddin Manafov, əməkdar incəsənət xadimi Ayaz Salayev, əməkdar incəsənət xadimi Cəmil Quliyev ilə yanaşı bir çox mədəniyyət və incəsənət nümayəndələri və bir çox rəsmilər iştirak ediblər.