19 Sentyabr 2014 11:19
3 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərçənd ki, Azərbaycanda aktyor olub sonradan özünü rejissor kimi sınayanlara münasibət birmənalı deyil, amma belə nümunələr bizim sənət tariximizdə yetərincədir. “Gündəlik Teleqraf” hazırda fəaliyyət göstərən aktyorluqdan rejissorluğa keçən məşhurların sorağına düşdü. Nəticə isə belədir:

Xalq artisti Bəxtiyar Xanızadə

O, 1978-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. 1994-cü ildə dərs dediyi bir qrup tələbə ilə Azərbaycanda “Dəli yığıncağı” adlı ilk Pantomima teatr studiyası yaradıb.

“Mən özüm aktyorluq fakültəsini bitirmişəm. Uzun illər teatrda, kinoda aktyor kimi işləmişəm. Vaqif İbrahimoğlu, Bəhram Əlizadə ilə birgə işlərimiz olub. Hətta bir müddət Vaqiflə teatr açmağa cəhd etdik, amma alınmadı. İstədiyim oyun üslubunu heç bir teatrda görmədim. Heç bir rejissor da o üslubda işləmirdi ki, mən onun əlinin altında aktyor olum. Bilirsiniz, aktyor hiss edəndə ki, rejissor ondan güclüdür, o zaman ona tabe olur. Əks təqdirdə onu tərk edib gedir, ya da özü rejissorluq edir. Ona görə incimək lazım deyil. Aktyorun qarşısında gərək güclü bir şəxsiyyət dayansın. Üz tutdum Mədəniyyət və İncəsənət Universitetinə. Bədənlə, plastika ilə eləmək istədiyimi, yəni yeni teatr üsulunu tələbələrə öyrətməyə başladım. Ətrafıma tələbələri yığdım, görmək istədiyim aktyor oyununu, görmək istədiyim teatrı yaratdım”.

Rövşən İsax

O, 1970-ci ildə Gəncədə anadan olub. 1988-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. Universiteti 1992-ci ildə bitirən Rövşən İsax bir il Azərbaycan, Dövlət Gənclər Teatrında işləyib. Bu müddət ərzində səkkiz tamaşada rol alıb.

“İndi həmin dövrün teatrını analiz etmək istəmirəm. Onu bilirəm ki, teatrda o şəraitdə qala bilmədim. Çünki hər dəqiqə beynimdən keçirirdim ki, ömür gedir və mən burda papağımı günə yandırıram. Həftədə 1-2 dəfə yarım saat məşq olurdu, o da bir lampanın ümidinə. Maaş az, zal boş. Aktyor olmaq istədiyin rolu oynamaq imkanı vermir insana. Aktyor rejissordan asılıdır. Rejissorun yadına düşdünsə, o, sənə rol verəcək. Əks təqdirdə sənin işin çətindir. Ömür-gün də gedir... Axı adam nə qədər uşaq pyesi oynayar? Qəribəsi də bu idi ki, heç kimi qınaya bilmirsən. Qəti qərara gəldim ki, teatrdan uzaqlaşmalıyam. Gəncəyə gedirdim ki, Şakir Eminbəyli məni ANS-ə dəvət etdi. 1995-ci ildə ANS-dən ayrılanda Bəxtiyar Xanızadə Pantomim Teatrı yaratmağı təklif etdi. Yaratdıq və bir il də orda çalışdım. Sonra Ş.Eminbəyli ilə Dövlət Televiziyasında ”Virtouz" verilişini hazırladıq. Daha sonra 2001-ci ilə qədər “Samanyolu” Televiziyasında icraçı direktor vəzifəsində işlədim".

Xalq artisti Ramiz Novruzov

O, 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb.

“Bu il Akademik Milli Dram Teatrının səhnəsində mənim quruluşumda Eduard de Filippin ”Silindr" əsəri oynanılacaq. Tamaşada Azərbaycanın sevimli aktyor və aktrisaları iştirak edir. “Silindr” mənim rejissor kimi ilk təcrübəmdir, əlbəttə, həyəcanlıyam. Amma bu o demək deyil ki, aktyorluqdan uzaqlaşıram. Bir aktyorun da tamaşa hazırlaması çox normaldır. Ölkəmizdə də, dünyada da belə təcrübələr yetərincədir. Mənim üçün rejissorluq böyük və çətin peşədir. İllər öncə də bu sahədə özümü sınamaq istəmişəm. Sadəcə, buna cəsarətim çatmayıb. “Mədəniyyət və Turizm Nazirliyi, ”Azdrama"nın rəhbərliyi mənə bu işdə böyük etimad göstərdi, onlara çox təşəkkür edirəm. Eyni zamanda, bu işi öhdəmə götürəndə aktyor dostlarımdan da çox böyük dəstək gördüm. Bu da məni sevindirdi, cəsarətləndirdi".

Əməkdar artist Nicat Kazımov

O, 17 iyun 1972-ci ildə Şabranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirib. 1991-cı ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir.

“Aktyorluq üzrə təhsil almışam. Amma 1996-cı ildən eyni vaxtda rejissorluq və aktyorluq üzrə təhsil alıram. Son 10 ildə daha çox rejissor kimi fəaliyyət göstərirəm və hazırda teatrda rejissor ştatındayam. Mənim üçün hər iki sənət doğmadır. Birini digərindən ayırmaqda çətinlik çəkirəm. Heç biri də asan iş deyil. Aktyor daha çox asılı işdir, yəni rejissordan asılı olur. Rolu ona rejissor verməlidir”.

Qurban Məsimov

O, 1988-1993-cü illərdə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil alıb. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirib. Uzun illər Dövlət Pantomima Teatrında çalışıb. Hazırda Dövlət Kukla Teatrının baş rejissorudur.

“Uşaqlıqdan aktyor olmaq istəyirdim. Sadəcə, biz tərəflərdə aktyor sənətinə kişi sənəti kimi baxmırdılar. Bu halda belə Həsən Turabovu, Rasim Balayevi, Həsən Məmmədovu görəndə onların sənəti qarşısında səcdə edirdilər. Dolayısı ilə isə rejissorluğa yönəldim və düşündüm ki, rejissor olmaqla, istəsəm, özümə baş rol da verə bilərəm. Universitetdə təhsil aldığımız illərdə istəmirdik ki, aktyor tarixi geyimdə səhnəyə çıxıb uzun-uzadı monoloq desin. Səhnədə hərəkət görmək istəyirdik. Bu hərəkətə axtarış meyli bir mədəniyyətə çevrildi və pantomim yarandı. Pantomim aktyorlarının olmadığı bir dövrdə məcbur olub özümüz həm oynadıq, həm də tamaşalara quruluş verdik. Pantomim teatrında işlədiyim zamanlardan qazandığım təcrübə və əldə etdiyim məlumatlılıq düşünürəm ki, əksər teatrların aktyorlarında yoxdur”.

Əməkdar artist Nofəl Vəliyev

Nofəl Vəliyev 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. 2006-cı ildə Rusiya Federasiyası Staraya Russa şəhərində keçirilən Dostoyevski adına Beynəlxalq Festivalın laureatıdır. Teatr Xadimləri İttifaqının “Rejissor emalatxanası” laboratoriyasının tələbəsi olub. O, bu yaxınlarda Türkiyədə də rejissor kimi tamaşa hazırlayıb.

“Rejissorluğa hər zaman marağım olub. Rejissor emalatxanasında Cənnət Səlimovanın tələbəsi olmuşam. Azərbaycanda rejissor kimi işim ”Bir səbət tənhalıq" tamaşasıdır. Bununla yanaşı teatrın repertuarında oynanılacaq tamaşalarda aktyor kimi rollar ifa edirəm. Gələcəkdə növbəti tamaşalar da hazırlayacam".


Asya Atakişiyeva

O, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Rejissor kimi ilk və yeganə işi Universitetdə oxuyarkən Edvard Olbinin “Heyvanxanada nə baş verdi?” əsərinin motivləri əsasında hazırladığı diplom tamaşasıdır. İlk dəfə olaraq əmisi Hüseynağa Atakişiyevin Gənclər Teatrında işə başlayan Asya daha çox Gənc Tamaşaçılar Teatrında parladı. Asya xanım digər müsahiblərimdən fərqli olaraq rejissorluqdan aktyorluğa keçid edib.

“Əslində rejissorluğu seçməyimə səbəb əmim olub. Düşünürdüm ki, bu sənətdə onun davamçısı mən olacam. Universitetdə oxuduğum zamanlarda ”rejissor olacam", “tamaşalar hazırlayacam” kimi arzularım var idi. Hətta o illərdə bir diplom tamaşası da hazırlamışdım. Amma sonralar və indinin özündə də rejissor olmaq iddiasında deyiləm. Gələcəyi isə bilmək olmaz. Ola bilər təcrübə qazandıqca tamaşa hazırlamaq həvəsinə də düşərəm. Rejissor olmaq üçün çox oxumaq, çox bilmək lazımdır. Rejissor hökmlü olmalıdır, aktyor onun baxışından belə çəkinməlidir. Hüseynağa müəllim aktyorların üstünə qışqırmazdı, danlamazdı, sadəcə bir baxışı hamımıza kifayət edərdi. Hərdən düşünürdük ki, belə baxmaqdansa, yaxşısı budur bizi döyüb-söysün".

Nərmin Muradova

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: