Maşado de Assisin portuqal dilində qələmə aldığı “Don Kasmurro” romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. Sadə insanların, kənardan məsum və günahsız görünən kişi və qadınların riyakar həyat tərzi əsərdə fərqli dildə, fərqli ifadə tərzində oxucuya təqdim edilir.
Teleqraf.com xəbər verir ki, portuqaldilli ədəbiyyatın Şekspiri adlandırılan Maşado de Assisin “Don Kasmurro” əsəri ilk dəfə orijinal dildən Nigar Sultanova tərəfindən TEAS Press Nəşriyyatında çap edilib.
Kitabın təqdimatı 27 noyabr, saat 19:00-da Libraff kitab mağazasının Elmlər Akademiyası filialında keçiriləcək. Tədbirdə Braziliya hökümətinin ölkəmizdəki səfiri və bir sıra digər rəsmi şəxslərin iştirakı gözlənilir. Tədbirin xüsusi qonağı olan Azərbaycanın tanınmış piano ifaçısı və bəstəkarı İsfar Sarabski ifası ilə qonaqları sevindirəcək.
Giriş sərbəstdir!