18 Dekabr 2019 10:30
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 17-də Tunisin paytaxtında Prezidenti Qeys Səidin himayəsi ilə İSESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin XI konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, "İslam dünyasında mövcud mədəniyyət siyasətlərinin inkişafı uğrunda” devizi altında keçirilən tədbirdə Azərbaycanı Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda 50 ölkənin Mədəniyyət nazirləri və nümayəndə heyətləri, eləcə də 16 regional və beynəlxalq təşkilatın təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tunisin Mədəniyyət İşləri üzrə naziri Məhəmməd Zeyn əl-Abidin İSESKO ilə ölkəsinin əlaqələrindən, eləcə də “Tunis İslam Mədəniyyətinin paytaxtı-2020” ili ərzində görülmüş işlərdən danışıb.

Sonra İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışında təşkilatın həyata keçirdiyi tədbirlərə toxunub, “İslam Mədəniyyəti paytaxtı” proqramının uğurla davam etdirildiyini bildirib.

Baş direktor tədbirdə iştirak edən Mədəniyyət nazirlərini və digər məsul şəxsləri ölkələrinin tarixi abidələrini İslam İrs Siyahısına daxil etmək üçün qeydiyyat məsələlərini tezləşdirməyə çağırıb. Qeyd edib ki, dünyada dağılmaq təhlükəsi ilə üzləşən tarixi və mədəniyyət məkanlarının təqribən 70 faizi İslam ölkələrinin ərazisində yerləşir. Əlavə edərək bildirib ki, təşkilat bəzi tarixi və mədəni məkanları, yolları (Həcc yolu, ticarət karvanlarının, səyyahların, alimlərin səfər etdiyi yollar, eləcə də əlyazmalar) müştərək Siyahıya əlavə edəcək.

Sudanın Mədəniyyət naziri Feysəl bin Məhəmməd Salih çıxışında İslam dünyasının üzləşdiyi çağırışlardan danışıb, mədəniyyət sahəsinə daha çox diqqət ayırmağın və sərmayə qoymağın zəruriliyini vurğulayıb.

Sonra İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusuf bin Əhməd əl-Əsimeynın çıxışının mətni oxunub. Bildirilib ki, İƏT-ə üzv dövlətlərlə başqa dövlətlər arasında mədəniyyət sahəsində əlaqələr təşkilatın əsas vəzifələrindən biridir.

Konfransın açılış mərasiminin sonunda İSESKO-nun ənənəvi sənətkarlıq və əl işləri, ən yaxşı media işi, İslam Mədəniyyəti paytaxtları üzrə ən yaxşı mədəniyyət layihəsi mükafatları təqdim edilib. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə “Naxçıvan – İslam Mədəniyyətinin Paytaxtı – 2018” ili çərçivəsində mədəniyyətin təbliği və mədəni layihələrdə yaradıcılıq və innovasiyanın təşviqinə görə “Ən yaxşı mədəni layihə üzrə İSESKO mükafatı” təqdim olunub.

Tədbirdə çıxış edən Vaqif Əliyev təşkilatçılara öz təşəkkürünü bildirib və konfransın mövzusuna uyğun olaraq İslam dünyasında mədəniyyət siyasətinin inkişafı üçün Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat verib.

Tədbirdə, həmçinin əvvəlki konfranslarda qəbul edilmiş qərarların icra vəziyyəti müzakirə olunub, İslam Dünyasının İrs Komitəsinin hesabatının təqdimatı keçirilib, rəqəmsal mədəniyyət haqqında sənəd layihəsinə, mədəniyyət layihələrinin maliyyələşdirilməsi mənbələri haqqında təkliflərə baxılıb. Eləcə də İslam dünyasında mədəniyyətin inkişafı ilə bağlı Məşvərətçi Şuranın üzvləri seçilib, növbəti konfransın yeri barədə müzakirələrin aparılıb.

Konfransın sonunda Tunis Bəyannaməsi qəbul edilib.


Müəllif: Teleqraf.com