15 Sentyabr 2014 15:33
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Xalidə Quliyeva türk filmində oynayacaq.

Bunu Teleqraf.com-a açıqlamasında aktrisa özü deyib. Onun sözlərinə görə, Türkiyənin İzmir şəhərində çəkilişləri başlayan “Tərk edilmiş” dram filmində baş rolda oynayan qızın anasını canlandıracaq: “Yəqin xəbəriniz var ki, həmin filmdə baş rolları azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev canlandıracaq. Mən də Könülün anası rolunda oynayacaq. Artıq müqavilə imzalanıb, çəkiliş günlərim müəyyənləşdiriləndən sonra Türkiyəyə gedəcəm”.

Türkiyənin “Post Production” şirkəti tərəfindən ekranlaşdırılan filmin rejisorru Korhan Uğurdur. Süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir: “Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik”.

İzmirdə filmin çəkilişləri bir ay davam edəcək. Bu, azərbaycanlı aktyorların Türkiyədə bədii filmdə baş rollarda çəkildiyi ilk ekran əsəridir. Bundan başqa, filmdə tanınmış türk aktyorları Serdar Gökhan, Lila Gürmün, Hakkı Ergök, Sema Şimşek, Erol Alpsoykan da rol alıblar.

Qeyd edək ki, “Tərk edilmiş” filminin premyerası 2015-ci ilin mart ayına planlaşdırılır. Ekran işinin həm Türkiyədə, həm də Azərbaycanda təqdimatı keçiriləcək. Premyeradan sonra film Türkiyənin 140 kinoteatrında nümayiş olunacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər