25 Sentyabr 2014 23:41
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqda bəstəkarların VIII Beynəlxalq Müsabiqəsi başa çatıb.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlunun Teleqraf.com-a bildirdiyinə görə, sentyabrın 19-da Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında müsabiqənin nəticəsini müəyyən edən seçim konserti baş tutub:

"Azərbaycan musiqi ictimaiyyəti üçün bu müsabiqənin əlamətdarlığının başlıca səbəbi müasir musiqinin ən tanınmış nümayəndələri olan Aleksandr Knayfel, Vladimir Tarnopolskiy, Aleksandr Radviloviç, Leonid Desyatnikov, Anatoliy Korolyov, Valeriy Platonov, Aleksandr Popov kimi bəstəkarlardan ibarət Münsiflər Heyətinə xalq artisti, professor Firəngiz Əlizadənin sədrlik etməsidir. Öz yaradıcılığı boyu bir çox «ilk»lərə imza atmış Firəngiz Əlizadəyə belə bir möhtəşəm layihədə bu cür etimadın göstərilməsi Azərbaycan bəstəkarlıq məktəbinə hörmətin xoş təzahürüdür. Çünki belə məşhur, beynəlxalq miqyaslı müsabiqənin Münsiflər Heyətinə azərbaycanlı bəstəkarın rəhbərlik etməsi ilk hadisədir".

İltifat Hacıxanoğlu bildirib ki, bütün yaş kateqoriyalarında olan bəstəkarlar üçün nəzərdə tutulan, üç mərhələdən ibarət müsabiqənin seçim turuna Rusiya, Belorusiya, İtaliya, Kanada, İsveç, Estoniya, Yaponiya, Ukrayna kimi ölkələrindən 187 əsər təqdim olunub: "Bu əsərlərdən 140-ı ikinci mərhələyə, 6-ı isə final mərhələsinə vəsiqə qazanıb. Bu rəqəmlər və adları sadalanan ölkələr müsabiqənin dünya musiqi ictimaiyyəti arasında populyarlığının göstəricisidir.

Senyabrın 19-da Rusiyanın məşhur dirijoru Andrey Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Akademik Simfonik Orkestrinin ifasında finala vəsiqə qazanan 6 iştirakçının əsərləri dinlənilib".

İltifat Hacıxanoğlunun bildirdiyinə görə, Firəngiz Əlizadənin sədrlik etdiyi Münsiflər Heyəti həmin əsərlər arasından finalda iştirak şansı qazanan 6 qalibi müəyyən edib: "Belə ki, yekun rəyə görə, Sankt-Peterburqdan olan bəstəkar İqor Druxun «Betelqeyze» əsəri 1-ci yerə, İsveçli bəstəkar Katarina Leymonun "Buludların Kralı" əsəri 2-ci yerə, Kanadadan Nurulla Xocanın saksofon və orkestr üçün bəstələnmiş «Konsert»i isə 3-cü yerə layiq görülüşb. Bundan başqa daha üç iştirakçı- Tatarıstan təmsilçisi Elmir Nizamov, Moskva təmsilçisi Alina Podzorova və Sankt Peterburqlu Artur Vabel müsabiqənin diplomları ilə təltif edilib".


Müəllif:

Oxşar xəbərlər