27 Sentyabr 2014 19:15
10 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zemfira Adıgözəlova : “Mənə gələn təklifləri qəbul etmiş olsaydım...”

Teleaparıcı Zemfira Adıgözəlova Teleqraf.com-un suallarını cavablandırıb.

- Uzun müddətdir ki, səsiniz –sorağınız gəlmir. Sizi teleməkanda nə zaman görəcəyik?

- “Qızıl pillə”nin ideya müəllifi mən idim. O verilişdə fikrimdə olan yenilikləri edə bilmişdim. Amma sonra ailə, xəstəliklərlə əlaqədar televiziyadan, efirdən uzaqlaşdım. Hər dəfə dedim ki, sentyabr, oktyabr ayında yenidən efirə qayıdacam, amma alınmadı və mən də bu planı gələn mövsümlərə saxladım. Beləcə, iki il ara vermiş oldum. Düşünürəm ki, yenidən efir məkanına “Qızıl pillə”dən qat-qat güclü verilişlə qayıtmalıyam. Bu iki ilə ərzində çox təkliflər oldu, mən onları qəbul etmiş olsaydım, həmin Zema olmayacaqdım. Mən adi, sıradan layihələri qəbul edə bilməzdim və yaxşı ki, şeytan başımı aldatmayıb.

Hazırda komandamızla yeni veriliş layihəsi üzərində işləyirik. Demək olar ki, işin 50 faizi görülüb. Yeni verilişimiz “Qızıl pillə”dən qat-qat güclü, səs-küylü olacaq. Çox məsuliyyətli olduğu üçün hələm-hələm “bişirib” ortaya çıxara bilmirik. Onu da deyim ki, teleməkanda bizim verilişlə rəqabət aparacaq veriliş yoxdur.

-Adətən bizim verilişlərin əksəriyyəti əcnəbi layihələrin “kopyası” olur. Yeni verilişiniz “kopya”dır yoxsa...

-İdeya əcnəbi bir verilişdən götürülüb. Amma çox dəyişiklər etmişik.

-İpucu verə bilərsinizmi?

-Hər dəfə ipucu verəndə problemlər yaranır. Ya mənim, ya redaktorun, ya da komandanın digər üzvlərinin başına iş gəlir. İki ildir ki, biz bir yerə toplana bilmirik. Ona görə ipucu verməsəm yaxşıdır, sadəcə onu deyim ki, tamaşaçılar üçün sürpriz olacaq. Bircə onu deyim ki, əcnəbi qonaqların da layihədə iştirakı gözlənilir.

-Efir üçün darıxmısınız?

-İndi- indi hiss edirəm ki, efir üçün darıxmışam. Bilmirəm, payızdanmı, yoxsa havaların soyuqluğundanmı, ya da işlərin qızışıb, artıb və mənim içimdə də nələrsə tərpənir.

-Sizə hər zaman televiziyanın seksi aparıcısı kimi xitab edilir. Və bu sizin xoşunuza gəlir.

-Əvvəllər mənə bu cür müraciət edəndə özümü qəribə hiss edirdim. Çünki məndən öncə heç bir aparıcıya belə xitab olunmamışdı. Tək jurnalistlər deyil, artıq kütlə mənə belə müraciət edəndə yavaş –yavaş qulağım öyrəşməyə başladı. Və bu ifadəni normal qəbul etdim. Məni başa saldılar ki, hər bir ölkənin müxtəlif simalı aparıcıları olur. Həmçinin də kimsə seksi aparıcı statusu daşıyır. Amma Azərbaycanda bu pillə indiyə kimi boş qalmışdı. Bilirsiniz, çox adam elə bilir ki, mən yatıb-durub birdən-birə efirə seksual geyimdə, belə bir imicdə çıxdım və məqsədimə çatdım. Xeyir, mənim teleməkana bu formada çıxmağımın və o pilləni tutmağımın səbəbkarı rejissor Anar Hüseynovdur. Mənim imicim, mənim danışığım, mənim davranışım, mövzuların seçilməsi, mətnlər, bir sözlə “Qızıl pillə”də gördüyünüz hər şeyin ideya müəllifi Anar idi. Anar peşəkar rejissordur, Röyanın, Rəhim Rəhimlinin eləcə də digər müğənnilərin məşhur kliplərini o çəkib.

İndi bir çoxlarını seksual adlandırırlar. Bir də sizə bir şey deyim, ümumiyyətlə statistik göstəriciyə görə seks sözü internetdə ən çox axtarılan sözdür. Jurnalistlər də bunu bilir və kimdənsə nəsə yazmaq və onu reytinqli etmək üçün o sözdən istifadə edirlər. Bununla da oxucu sayını artıra bilirlər yəni bu, jurnalistlərin öz siyasətidir. Tamaşaçılara gəlincə, onlar özləri seçim edir. Mən teleməkana çıxdığım illərdə seksi aparıcı adı məndən başqa heç kim üçün deyilmirdi. Elə məclislərdə adi tamaşaçı məni görəndə “Bizim seksi Zema” deyə müraciət edirdi. Əvvəllər bu müraciət forması mənə qəribə gəlsə də sonradan öyrəşdim, sanki mənim adımı familiyamı deyirlər...

-İndi o pillədə qalmaq üçün nə edirsiniz?

-O pillə yerişimlə, oturuşumla, danışığımla qazanmadım. Veriliş efirə getdi, sonra fotosessiyalarım, müsahibələrim yayımlandı. İllər keçəcək, yeni nəsil gələcək. O nəsil bəlkə elə addımlar atacaq ki, mən belə ona heyrətlənəcəm. İndiki zamanda cəsarətli addımları mən atıram. Yeni verilişdə də bu imicim qorunacaq və efirə yenə seksi aparıcı kimi qayıdacam.

-Saçınıza çox düşkünsünüz. O saçların kəsilməsi mümkündürmü?

-Həyatı boyu yox. İllər öncə mən başımda cürbəcür eksperimentlər eləmişəm. Və nəticədə saçım yanıb, buruqlarım məndən küsüb. Öz təbii buruqlarım qayıdanacam çox əziyyət çəkmişəm. Çoxları inanmayacaq, hətta buna görə ağlayırdım, Allaha dua edirdim ki, öz buruqlarımı geri qaytarsın. Təbii buruqlarım mənim üçün çox əhəmiyyətlidir. Məni çox adam bu saçlarla sevir. İnanmıram ki, mən dəyişsəm, kimsə məni qəbul edə bilər. Bir də ki, efir məkanında teleaparıcılar arasında yeganə belə saçlar məndədir. Aktrisalar içərisində bir nəfər var- Vəfa Zeynalova.

-Özünüzdən başqa kimi efir məkanında seksi aparıcı hesab edirsiniz?

-Əgər kimsə məni yamsılayırsa, ayağını ayağının üzərinə aşırıb qısa, gecə geyimləri geyinirsə, asta-asta danışırsa, bu o demək deyil ki, o seksi aparıcı sayılır. Çünki ən azından o adı qazanmaq üçün apardığın verilişlər, mövzular və atdığın addımlar da onu təsdiqləməlidir. Hər halda mən özümdən sonra bu tip verilişlər aparan, həssas mövzulara toxunan, onu müzakirəyə çıxaran aparıcı görmədim.

-Afaq Gəncəlini seksi hesab etmirsiniz?

-Afaq Gəncəli ilə illərlə dost olmuşuq. Əvvəl tələbə yoldaşı, sonra ailəvi dost olduq, bir-birimizin çətin, şirinli günlərində birlikdə idik. Bilmirəm, Afaqa seksi desəm onun xoşuna gələr?

-Bütün mətbuat onu belə adlandırır, hər halda xoşuna gəlməsəydi etiraz edərdi.

-Hər halda reaksiyası necə olar, bilmirəm. Yenə deyirəm, seksi adını qazanmaq üçün ona uyğun addım atmalısan. Mən bu adı qazanmaq üçün riskə girmişəm. Mən o sözü dilimə alıb, onun ətrafında müzakirələr aparmışam. O zaman üçün bu çox çətin idi. Mənə çox daşlar da dəyib, qulağım çox tənqidlər eşidib. Hələ verilişi insanlar görməmişdilər, anonslarımızdan sonra telekanalın bütün şəhər telefonları dağılırdı. Hər anons gedəndə postlardakı uşaqlar bilmirdilər hansı telefona cavab versinlər. Hətta telekanala zəng vurub məlum olmayan səbəbə görə məni görmək üçün gəlmək istəyənlər var idi. Bir ajiotaj yaranmışdı. Mən özümdən sonra o ajiotajı yaradacaq ikinci adam görmədim. Tək imiclə kimisə elə adlandıra bilərlər, amma mənim aldığım riskin altına hələ ki, heç kim girməyib. Mənim ayağıma, başıma dəyən daşların kiməsə dəydiyini görməmişəm. Anara həmişə deyirdim ki, nə elədinsə sən elədin. Əvvəllər bu barədə Anarla çox mübahisələrimiz olurdu. İndi Anar mənim canımdır, o gələcəyi öncədən görüb.

-Təndiqlərdə sizi üzən hansı sözlər idi?

-Zəng vurub deyirdilər ki, veriliş mentalitetimizə uyğun deyil, uşaqlarımız da baxır, qız isə efirdə seksdən danışır. Telefona cavab verənlər deyirlər ki, veriliş 11 30-da nümayiş olunur, o vaxtı sizin uşaqlar televizorun qarşısında neyləyirlər?

-Evdəkilərin tənqidləri qarşılaşmadınız?

-Anam bir cümlə dedi: “Vaxsey kənddə biabır olduq”. İndi hər şey normaldır. Qəribədir, ilk olaraq tənqidlər eşitdim, sonra tamaşaçılar mənə öyrəşdi, indi isə hamının gözü məni axtarır. İndi mənə hər yerdə deyirlər ki, elə gözəl verilişlər aparırdınız, indi bunu heç kim etmir, yeriniz görünür. Amma zaman olub çox tənqidlər olub. Biz beləyik də : əvvəl vuraq, sonra sığallayaq, sonra axtaraq.

-Televiziyada işləmirsiniz, sirr deyilsə maddi gəliriniz haradan gəlir?

-Aparıcıların gəlir yerləri televiziya deyil, bunu hamı bilir. Necə müğənnilər albom satışından deyil, toylardan, tədbirlərdən pul qazanırlarsa, bu aparıcılara da şamil edilir. Toylar, tədbirlər aparıcıların gəlir yeridir. Aparıcı ağıllı tərpənib özünə kənarda biznes qurubsa, lap gözəl. Ondan başqa bizim bir neçə aparıcımız həm də oxumağa başlayıb. Bu da toy bazarından pul tutmaq məqsədi güdür. Aparıcı bəstəkarlarımız da var ki, o sahədən də qazanırlar. Yenə də hər şey dolanıb toy, tədbir biznesinə gəlir. Aparıcıların televiziya məkanında qazandığı pul o dərəcədə deyil ki, aparıcı toy, tədbir aparmasınlar. Sadəcə televiziyada məşhurluq onlara dayaq və dəstək olur.

-Siz də həmçinin...

-Mənim də tədbirlərim olur. Və kifayət qədər qazanıram. Tədbirlərdən əlavə ailəm mənə dəstək olur.

Pərvin Mikayılova


Müəllif:

Oxşar xəbərlər