20 Mart 2020 17:12
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Aqşin Yenisey yeni şeirini təqdim edib. “Kor koronavirus” adlanan şeir sosial şəbəkələrdə maraqlı qarşılanıb.

Teleqraf.com Aqşin Yeniseyin yeni şeirini təqdim edir.

“Kor koronavirus”

(Qan Turalı üçün)

Poeziya faciənin sevgilisiydi...
İllər keçdi...
Sevgi dərd sözünün sinoniminə çevrildi
Axrıncı dəfə tualet qapılarının üstündəki yazılarda ayrıldılar
Kişilər və qadınlar.
Həyat, onsuz da, insan üçün karantin idi!
Yuxularımıza tanımadığımız adamlar girdi.
Əllər qatil elan edildi!

Təbiət öz vəhşiliyini ört-basdır etmək üçün
tezbazar kəpənəyi yaratdı.
Şimşək, o göylər şahının dəcəl oğlu, yenə qılıncını oynatdı,
ucuyla buludları qanatdı,
Gözünü çıxardı kimsəsiz gölün...
Kor-koronavirusdan başqa kimsə qalmadı küçədə,
O da bizim şizofren abi kimi elə hey qışqırırdı
yoxa çıxmış adamlara
– ölün... ölün... nə olar, siz allah, ölün...

Bundan sonra itmiş bir əşya kimi yaşamaq var həyatda.
Əmin olmaq var, səni nə vaxtsa kimsənin tapacağına
və kiminsə ömür boyu səni tapmaq üçün axtaracağına ümid var.

Küləkli havada küçədə dəliqanlılıq edən ağac kimi yaşamaq,
Vicdanına qısılan bədəndən süzülən göz yaşı kimi lal-dinməz axmaq,
Kor gözlər kimi görməmək, amma baxmaq... baxmaq... var
Bundan sonra!

Hətta möminin evində də artıq şeytan allaha qalib gəlir.
Dua oxumağa hazırlaşan Gülfidan xala səcaddə önündə spirtlənir.
Arvadım Ömər Xəyyamı sevmir, halbuki müdrik idi o qədim içki düşkünü
Yazırdı ki, quşlar uçmağın özü üçün uçanda göylər dincəlir.

Hər gün ümid edirəm ki, bir daha ümid etməyəcəyəm.
Çünki insan ağrıyırsa,
Yəni nəhəng bir yara kimi yaşayırsa həyatı,
Üstəgəl, ovucları gözəgörünməz göz yaşları ilə doludursa,
Hətta hədiyyə olunmuş gül kimi
hiss olunmadan solursa!
O mənə paslı kağızda yanan qədim bir mətni xatırladır:
Əbədiliyinin bir qığılcıma bənd olmasını!

Poeziya faciənin sevgilisiydi...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər