Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının 11-12-i tarixlərində 87-ci teatr mövsümünün ilk premyerasını təqdim edəcək.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, mövsümün ilk yeni tamaşası rus xalq nağılı əsasında səhnələşdirilmiş “Qoğalın sərgüzəştləri” adlı nağıl - müzikldır. Tamaşanın səhnə redaksiyasının müəllifi gənc yazıçı Pərvin, quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu və musiqi nömrələrinin tərtibatçısı İradə Muradovadır.
Nağıl - müziklda əsas obrazları Anar Seyfullayev (Qoğal), Ramil Məmmədov (Baba), Zülfiyyə Alhüseynova (Nənə), Elşən Şıxəliyev (Canavar), Günel Məmmədova (Tülkü), Roza İbadova (Dovşan) və başqaları ifa edəcəklər.
Musiqili, əyləncəli, eyni zamanda ibrətamiz hadisələrlə zəngin müzikl kiçik yaşlı tamaşaçıları düzlüyə, prinsipiallığa səsləyir, pisi yaxşıdan ayırmaq kimi insani keyfiyyətləri aşılayır.
Tamaşa oktyabr ayının 11 və 12-də saat 12.00- da nümayiş olunacaq.
Nərmin