Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Rəbiqə Nazimqızıdır.
Onunla müsahibəni təqdim edirik:
- Nə düşünürsünüz, niyə insanların əksəriyyəti həyatı olduğu kimi qəbul etməkdə çətinlik çəkir?
- Əvvəlcə, gəlin bunu düşünək, həyatı olduğu kimi qəbul etmək nə deməkdir? Bu, robotlaşmaya gətirib çıxarmayacaq ki? İnsan təəccüblənmək, sevinmək, kədərlənmək və əsəbiləşmək hislərini itirəndən sonra onun həyatı necə keçəcək? Məncə, həyatı bir az rahat qarşılamaq yaxşı olar. Faciələşdirmədən yaşamaq və cəhrayı eynəkləri zaman-zaman taxıb çıxara bilməyi bacarmaq lazımdır. Heç bir şeydə ifrata varmadan...
- Sizcə, insanları yalnızlığa sürükləyən şey nədir? Həyatın reallıqlarını az qala dörd gözlə görən və bunları qəbul edən Şopenhauer belə yalnızlığa məhkumiyyətindən yazırdı.
- İnsanın təbiəti budur. İki bir-birinin eyni olan adam yoxdur, bu da gözəldir, hər zaman öyrənmək şansın olur. Mən tək qalmağı sevmirəm, sevincimi və kədərimi insanlarla bölüşməyi sevirəm, amma bunu onları yükləmədən edirəm, onlara qoşulub öz kədərimə gülürəm və yüngüllük hissi gəlir. Tənhalıq başqadır, tənhalıq insanın daimi halıdır və bunu da faciə kimi qəbul etmək lazım deyil.
Şopenhauerə gəlincə, yeniyetməlik zamanı onu çox oxuyurdum. Sonra baxdım ki, neqativ gətirir. Başqalarının həyat fəlsəfəsini tətbiq eləməyi sevmirəm. Mənim həyata öz yanaşmam var və belə yaşamaq mənim üçün daha rahatdır. Ümumiyyətlə, bir məqamı qeyd edim: oxumaq və bilikli olmaq, öyrənmək asandır və əsas məqsəd yalnız budursa, o zaman insanın öz yanaşması olmayacaq, məntiqi pas tutacaq, düzgün nəticələrə gələ bilməyəcək. Başqasının gəldiyi qənaətlərlə yasayacaq. Belə adamlar mənə çox maraqsız gəlir.
- Höte yazırdı ki, məhəbbət mümkünsüz olan bir çox şeyi mümkün edir. Bunu həm də, “məhəbbət insanın yatmış şüurunu oyadır” kimi də başa düşmək olar. Varmı sevginin və ya məhəbbətin belə bir gücü?
- Əlbəttə, var. Daha doğrusu, bəlkə də, bu, uydurmadır. Amma vacib, zəruri və gözəl uydurmadır. Məhəbbət bizi olduğumuzdan daha yaxşı gorünməyə və olmağa məcbur edir. Bəzən əksi də olur, əlbəttə. Hər şey insandakı xeyir və ya şər başlanğıcından və iradədən asılıdır. Məhəbbətsiz yaşayan adamlara yazığım gəlir.
- Bir yaradıcı adamı başqalarından hansı özəlliyi ayırır, bu ayırıcı xətt təkcə istedadla müəyyən olunur?
- Təxəyyül və onu ifadə etmək bacarığı, detallarla işləyə bilmək qabiliyyəti ilə. Məsələn, darıxmaq pozisiyasını təbiətə, əşyalara, insanlara köçürmək bacarığı ilə. Bunlar yoxdursa, adam yazıb-yaratsa da, onu yaradıcı adam adlandırmaq olmaz.
- Bir çox dinlər, təriqət və təlimlər, hətta bir sıra hallarda fəlsəfənin özü qadınlara qarşı kəskin bir baxış bucağı ortaya qoyur. Bu haqda nə düşünürsünüz?
- Çünki onları kişilər yaradıb. Kişi eqosunun nəticəsidir. Mənimçün problem yaratmır. Lazım olan yerdə və lazım olan adamlara öz istedad və ağlımı göstərə bilirəm, azadlığımın sərhədlərini özüm müəyyən edirəm, nə qazanmışamsa, özüm qazanmışam və heç bir zaman da heç bir sahədə qarşımı kəsən olmayıb. Kişiləri əngəl və rəqib qismində görmürəm və onlar da mənə qadın kimi yox, adam kimi yanaşıblar. Başqa cür yanaşmalarına özüm şərait yaratmamışam. Xoşuma gəlməyən adamın heç vaxt mənimlə qadın kimi maraqlanmasına imkan verməmişəm, məsələ bitib gedib...