Teleqraf.com şair Mətləb Ağanın Qərbdə populyar olan yazıçı Gil Harvinin "Sənsiz olmaz" romanı haqda yazısını təqdim edir. Əsəri indimiz və gələcəyimizlə səsləşən mümkün ssenari kimi də anlamaq olar...
İngilis qadın yazıçı Gil Harvi (Gill Harvey) Oksford Universitet Nəşriyyatının (OUP) sayılıb-seçilən müəlliflərindəndir.
Yazıçının “Sənsiz olmaz” (“Not without you”) əsəri 2019-cu ilin 11 iyulunda OUP tərəfindən nəşr olunub.
Təxəyyül üzərində qurulmuş əsərdə hadisələr 2088-ci ildə, onillik neft müharibələrindən otuz il sonra baş verir. Gənc qız Sala və gənc oğlan Cam izdihamlı bir şəhərin sakinləridir, insanlara şəhəri tərk etmək qadağan olunub, rəsmi təbliğata görə, şəhərdən kənardakı ərazilər müharibə dövründə yaşamağa yaramayacaq dərəcədə çirklənib.
Neft müharibələri həm də enerji qıtlığının səbəbkarıdır, hər kəsin qol biləklərində, dəri altına kiçik bir çip taxılıb, bu çip insanların işlətdiyi enerjinin həcmini ölçür, həmçinin, onların yerini müəyyənləşdirib qeydini aparır, hökümət bunun da insanların təhlükəsizliyindən ötrü edildiyini deyir.
Şəhərin enerjisinin əksər hissəsi virtual simulyasiyalara sərf olunur, belə ki, insanlar reallıqda heç bir yerə getmədən xəyali gözəl mənzərələrin tamaşaçısına çevrilir, çünki reallıqda onlar bundan məhrumdur, təsəlliləri də bundan ibarətdir ki, daha bir də heç bir vaxt müharibə baş verməyəcək, bütün şəhərdə sülh və asayiş həmişəlik bərqərar olacaq.
Bir gün Sala və dostu Niki Simulyator Mərkəzinə gedərkən, süni ət fabrikinin həndəvərində toplaşmış qəzəbli insanların özlərinə iş tələb etdiklərini görür, çox keçmədən, hökumət agentləri peyda olub, bu zavallıları oradan zorla kənarlaşdırırlar. Fabrikdə demək olar ki, hər şey robotlaşdırılıb, Salanın anasınısa orada işdə ona görə saxlayırlar ki, o, öz ixtisası üzrə kamil mütəxəssisdir, lakin onu da tezliklə işdən atmayacaqlarına kimsə zəmanət verə bilməz. Nikinin fikrincə, mövcud güzəran əksər insanlar üçün çox acınacaqlıdır, sakinlər saysız-hesabsızdır, işsə yoxdur, hava da elə əhval-ruhiyyəyə uyğundur, ara vermədən yağış tökür.
Lakin on səkkiz yaşlı Salanı bu çətin vaxtlarda xoşbəxt edə biləcək kimsəsi var, bu, onun sevgilisi Camdır. Bu gün, martın 15-dir, o, artıq 1 ildir Camla bərabərdir.
Bu aralar Camdan misilsiz təklif gəlir: “Qabıq (qapalı bölmə) Məcarası” (“Pod Adventures”). Bu, inanılmazdır. Sənin bütün bədənini “Qabığ”ın içinə qoyub bağlayırlar və hazırki normal həyatın yoxa çıxır, Simulyatorda olarkən beş, yaxud altı addım o tərəfdəki real dörd divarın mövcudluğunu unutmaq olmur, ancaq “Qabıq”da məsələ başqa cürdür, ətraf aləmlə bütün əlaqələrini kəsir, hər şeyi unudub mükəmməl şəkildə virtual təcrübəni yaşayırsan. Bu təcrübə isə çox bahalıdır və Sala kasıb Camın ona belə bir hədiyyə etdiyinə inana bilmir.
Dostları Polo və Dinglə söhbət zamanı Sala öyrənir ki, hökumətin yeni bir ideyası var - insanları “Qabıq”larda uzun müddət yaşatmaq (“Pod Life”)... Ancaq bu, sadəcə istək deyil, iki həftəyə tətbiq olunası reallıqdır.
Sala bu yeni avantüra haqqında indiyədək heç nə eşitməyib, ancaq Dingin izahatından aydınlaşır ki, bu, “Qabıq təcrübəsi” kimi bir şeydir, lakin sən “Qabıq”da daha çox yaşamalı olacaqsan. Hökumət səni bu “Qabığ”ın içinə qoyub, bədənini onunla tam əlaqələndirir və sənin əvəzinə yeməyinin, əzələlərinin və sairin qayğısına qalmağa başlayır. Beləliklə, sənin hərəkətə ehtiyacın qalmır, “Qabıq”da yaşayırsan və bu, ən azı iki il davam etməlidir.
Salanın ailəsində ondan başqa üç nəfər daha var - nənəsi, anası və kiçik qardaşı. Evdə Sala “Qabıq həyatı”ndan söz açarkən, nənəsi neft müharibələrindən əvvəlki həyat barədə danışır, o zaman insanlar sərbəst dolaşır və dünyanın qalan yerlərini də görə bilirdilər. Nənə öz mənzillərinin damında bağça da salıb və gününün çoxunu orada keçirir. Və indi də, nənə o fikirdədi ki, ultranetlər və simulyatorlar əvəzinə, insanlar real həyatdan zövq almalıdır.
Bir gün küçədə qəfil Salanın qarşısına sirli bir qadın çıxıb, qızın ovcuna itburnu meyvəsi qoyur və gəldiyi kimi də yox olur. Bu, bir siqnaldırmı, yəni nənənin qardaşı, müharibədə itkin düşmüş Estonun sağ olmasına işarədirmi? Bu, şəhərdən kənarda real bir dünyanın olması deməkdirmi?
Camınsa fikri qətidir, o,“Qabıq”da yaşamağa gedəcək, Sala onu bu yoldan daşındırmağa nə qədər çalışsa da, nəhayət anlayır ki, Camın belə bir acı qərara gəlməsində günahkar həm də özüdür; əgər Cam Salaya “Qabıq təcrübəsi” kimi bahalı hədiyyə etməsəydi, onun işsiz-gücsüz olan ailəsinin maddi vəziyyəti daha da pisləşməz, enerji və puldan ötrü “Qabıq”da yaşamağa məcbur olmazdı.
“Qabıq” həyatının ödəmələri ailənə veriləcək, qazandığın enerji vahidlərisə sənin özünün şəxsi hesabına yüklənəcəkdi. Sən “Qabıq”da təhsil alacaq, müxtəlif səyahət və idman təcrübələri keçəcəksən. Həmçinin, həftədə bir dəfə ailən və dostlarınla ultranet söhbət saatı hüququna maliksən, bu zaman “Qabıq”da qalacaq, ziyarətçilərinlə avatarın vasitəsilə danışacaqsan. Bir aydan sonra yoxlamalardan keçəcək, əgər səhhətin əvvəlkitək qaydasındadırsa, iki illik “Qabıq həyatı”nın qalan 23 ayını da sürmək üçün “Qabığ”a qaytarılacaqsan.
Camın yoxlanış günləri bitir, birinci Əlaqə Saatı gəlir və Sala Camla “Qabıq” mərkəzində görüşə bilir. Oğlan solğun və pərişan görünür. Bu, həqiqi Camdı, avatarı deyil. Ancaq Camla axırıncı avatar əlaqəsindən sonra Sala sevgilisinə o qədər də inanmır, hansında ki, Cam qızı, sirli qadınla bağlı hökumətə xəbər verəcəyi ilə hədələmişdi:
“Qulaq as, Cam. Bizim sübutumuz var. Biz bilirik ki, nənəmin qardaşı Estonun məktubu həqiqidir. Anam bunu laboratoriyada dəqiqləşdirdi. Biz inanırıq ki, şəhərdən kənarda daha yaxşı həyat mövcuddur. Əgər sən “Qabıq”dan çıxsan, biz birlikdə oranı tapa bilərik. Mənim sənə ehtiyacım var”.
“Yox, Sala - Cam qəmgin, hətta ümidsiz görünür, - o qadın və o adamlar təhlükəlidir. Onlar sənin beynini yalanlarla doldururlar. Mən əvvəl çox çalışdım ki, səni xəbərdar edim. Mən səni qorumaq istəyirəm. Sən “Qabıq”da bizə qoşulmalısan. Əgər sən bizimlə olsan, onlar sənə çata bilməzlər.Yoxsa mən bütün bunlar haqqında hökumətə xəbər verməliyəm. Bu mənim borcumdur".
Salanın ayrı əlacı qalmır, sevdiyi insanları qorumaq və real dünyaya qovuşmağın yolu artıq “Qabıq”dan keçir. Sala Camın təhdidindən sonra “Qabığ"a girməli, vaxt qazanmalıdır.
Anası Salaya deyir ki, bu, Camın günahı deyil. Görünür, “Qabıq" elə dizaynlaşdırılıb ki, insanların düşüncəsini dəyişdirib özünə tabe etsin, onun gücüylə mübarizə aparmaq çox çətindir. Nənə də razılaşır bu fikirlə. Bu, doğrudan da qeyri-bərabər döyüşdür. Neft müharibələri dövründə, nənəgilə necə iradəli olmağı öyrədir, bunu müxtəlif üsullarla onlara məşq etdirirdilər. Çünki onlar tutularkən qarşısındakılar əsirlərin fikirlərini dəyişdirməyə, onları köləyə döndərməyə çalışırdılar.
Hər şey aydındır. ”Qabıq”lar insanlara total nəzarətin başqa, yeni bir vasitəsidir. Gənclər, müstəqil, azad düşünməyi dayandırmalı,“Qabıq”lardan çıxıb hakimiyyətin müti qullarına çevrilməliydilər, məqsəd budur...
Sala nənənin sonuncu məsləhəti barədə də fikirləşir. İndi məlumatlı olmaq sənin sahibləndiyin ən güclü silahdır. Sən düşmənin nə edəcəyindən əvvəlcədən xəbərdarsansa, deməli, ondan bir addım irəlidəsən və artıq döyüşün yarısını udmusan. Əgər qarşındakı səni təəccübləndirə bilmirsə, artıq onun sənə nəzarət etməsi də müşkül məsələdir.
Və budur, Sala artıq “Qabıq”dadır. Ancaq o, qəlbən “Qabığ”a yaddır. O, ruhən hökumətə məxsus deyil. Sala onlara alət olmayacaq. Cam kimi digərlərini “Qabığ”ın içinə çəkməkdə istifadə edilməyəcək. O, Saladır və Sala olaraq qalacaq. O, necə olur-olsun, Cama çatacaq, onun içindəki həqiqi, insani kimliyi oyadacaq və birlikdə, bu qeyri-bərabər, amansız döyüşü qazanacaqlar...
Mənbə: Gill Harvey,“Not without you”, Oxford University Press, 2019.