Teleqraf.com yazıçı Səfər Alışarlının “Üç xanım” hekayəsini təqdim edir. Hekayə ilk dəfə dərc olunur.
Qızılgüllər bura gələnlərə dünyanın faniliyini göstərmək üçün açmışdı. Yox? Onda bəs nə üçün açmışdı? Seyrək tikanlı,uzun saplaqların başında güllərin soluxub ləçək-ləçək torpağa tökülməsi, onların ardınca yeni qönçələrin düyünlənməsi bir ucdan məhv olan, bir ucdan doğulan gözəlliyin mövsümi dövriyyəsi ilə çərxi-fələyin qüdrətini hər kəsə xatırlatmırdımı? Meyvə dolu budaqların, darvazadan evin balkonuna qədər uzananuca çardağın altındakı bahalı maşınların qərq olduğu sükutu yalnız quşlar öz cikkiltisi ilə sökmürdülərmi? Kimsəsiz həyətdə günəşin, barlı-bəhrəli yaşıllığın, gülün-çiçəyin və quşların yaratdığı cənnət mənzərəsi xoşbəxtliyin və bəxtəvərliyin burada da insandan yan keçdiyini göstəmirdimi?
Küçədəki növbədən qopub həyətə girənlər sarı ilə ağ rəngin şən oyununda susan bu kürsülü evə, bağ-bağçaya, dağa dırmaşan maşınlara baxıb bir qədər toxtayır, sehrlər aləminə düşmüş kimi, babanın köməyilə niyyətlərinin hasil olacağına ümidlərini artırırdılar.
Bomboş otaqda divarlar boyu düzülmüş allı-güllü döşəkçələrdən birinin üstündə oturub kürəyini yastığa söykəmişdi, böyründə də köhnə, təklülə tüfəngi. Düşmən gəlib darvaza qabağından haraylasa, çıxan kimi təpəsinə atacaqdı. Tüfəngin otaqdakılara baxan sərt lüləsinin qara deşiyi elə deyirdi.
Hündür adamıydı, qolu-qıçı yorğan-döşəyə sığmazdı. Uzunsov sifətindən sinəsinə enən cod saqqal yelpik tək yüngüllüklə qalxıb-enirdi. Ağ tuman-köynəkdə, sanki mərasim naminə təpəsinə qoyduğu xırdaca fəs onun qəddi-qamətini minarə damının naxışlı örtüyü kimi tamamlayırdı. Görəsən, fəsin nəyə lazım olduğunu soruşan olsa, nə cavab verərdi? Səsi küçədəki qovaqların başına çatacaq qədər uca idi. Danışanda adama elə gəlirdi ki, mərkəzi meydandakı fəvvarə işə düşür və o şaqraq avazı balaca şəhərdə hamı diqqətlə dinləyir. Kiçik gözləri baxdığı yerdə hər şeyi gördüyündən bir qədər narahatlıq yaradırdı.
Gün işığından xalçanın üzərinə əyri şəkillər düşürdü. O şəkillər günortadan sonra sürüşüb gedir, günəşlə bərabər dünyanı fırlanıb səhər yenə qayıdırdı. Onlar qayıtmayanda içəridə hər şey kirimişcə gözləyirdi, tüfəngin lüləsi paslı, xalçaların rəngi bulanıq görünürdü. Bəziləri yerindən qalxıb onun qarşısına gedəndə işığı ayaqlamağa cəsarət etmədən kölgə yerlərdən, sanki kiçik çalaların qırağından ehtiyatla keçib gedirdi.
Barmaqları ilə lavaşa bürmələyib ağzına qoyduğu ətli, şabalıdlı, kişmişli plov tikələri az qala yumruğu boyda yekə alınırdı. Kaha girişi kimi sehrlə açılan ağzı germetik qapanırdı. Ora ovuc-ovuc doldurulan minlərlə düyü dənəsindən birinin cınqırı çıxmırdı. Elə iştaha ilə yeyirdi, deyərdin, yerli çəltik zəmiləri və çirmək meşəli dağ yamaclarında otlayan qoyun sürülərinin hamısı onundur. Deyirdilər ki, onun plov yeməyinə baxmaq ləzzətli tamaşalardandır. Söz gəzirdi ki, bir dəfə işıqların oynayan vaxtında tumanını endirib buraxdığı qazla yanar çırağı söndürüb. Gəzən sözlər xalça üzərinə düşən əyri işıq şəkillərindən fərqli olaraq bu otağa nadir hallarda qayıdır və adətən təsdiqini tapmırdı.
Hər şey, o cümlədən plovu əllə yeməyin faydası və ləzzəti haqda dastan danışa bilərdi. Yağlı barmaqlarının ucunu dodaqlarına toxundurmaqla tikənin yola salınması mərasimini sanballa yekunlaşdırıb dalınca pomidordan, xiyardan, göy-göyərtidən nəsə mütləq göndərirdi. Elə bil içəridəkilərdən bəzilərinin vegeterian olduğunu nəzərə alırdı. Toya-yasa gedəndə onunla yanaşı, üzbəüz oturub aş yemək istəyənlər yer üstündə itələşirdilər. Bir dəfə toyda xəstəhal birisi yalvardı ki, sən Allah, bir tikəni də mənim əvəzimə yediyini de, baxım! Ona hər gün nahar vaxtı yanına gəlməyi tapşırdı və birlikdə xörək yeməklə xeyli dirçəltdi. Sağlam qalmaq üçün iştahanı qoruyan və ziyanlı şeyləri qadağan edən nə vardısa, hamısı oradan, keçmişdən gəlirdi. Keçmiş onun daim kürəyində gəzdirdiyi torba idi, əli heç zaman oradan boş çıxmırdı.
Bir dəfə onun yanına bir qadın gəldi, gecələr yata bilmədiyindən şikayətləndi. Qadın həqiqətən yata bilmədiyini göstərmək üçün xahiş etdi ki, onu gecə öz yanında saxlasın. Qadına dedi ki, getsin həyətdəki bağçada bir qədər gəzişsin, fikrini dəyişməsə, gecəni qalar.
Gecə ay çıxmışdı. Qadına dedi ki, bir neçə dua oxuyacaq, sonra da siğə duası. Dedi ki, soyunsun və o, duaları oxuyub qurtarınca dayanmadan otağı dörd dolansın. Qadın arıq deyildi, kök də deyildi, soyulmuş yumurta kimi idi, göbəyi, əndamı sallanmırdı. Yeridikcə dolu döşləri titrəyir, xalçanın altında döşəmə taxtalarının hissiyyatı oyanırdı. Yerişində əsəbilik, sıxıntı hiss olunmurdu. Torba onun nə vaxtsa bazarda satışa çıxarılmış cariyələrdən biri olduğuna eyham vururdu.
Dualar qurtarandan sonra yanına çağırıb dedi ki, kəlmələri onun ardınca təkrar etsin:
–Zəvvəctukə nəfsi fil-müddətil-məlumətəələl-məhril-məlum.
–Zəvəctikə nəfəs fil-mədət-məlumat məhlul-məlum! – qadın ağzına gələni dedi.
–Qəbul! – o dedi. – Qəbul! Qəbul!
–Sən dedin ki, müəyyən müddətə mənim arvadım olmaq istəyirsən. Guya elə dedin... Mən qəbul etdim.
Qadın üzünü onun saqqalına sürtüb belini qucaqladı.
–İçəri otaqda yataq var, ancaq biz bu işi burada, xalçanın bu naxışları üzərində etsək, yaxşı olar,– o dedi və əlavə elədi: –Qoy ay işığı da sənin bədəninə öz dualarını yazsın.
Qadının hərəkətlərinin sərbəstliyi və mehrlə pıçıldadığı sözlərin nəvazişi onun xoşuna gəldi. Ömründə beləsini görməmişdi. Sonda əynindən soyunub kənara tulladığı yekə ağ köynəyini tapıb özünün nəm yerlərini sildi və köynəyi qadına verib dedi:
–Bu köynəyi yumazsan, bir müddət gecələr yatanda lüt bədənə geyinib yatarsan, yuxun gələcək.
Qadın başqa şəhərdə yaşadığı üçün hərdən qonaq gəlib gecələri onun yanında qalırdı və hər dəfə də gedəndə onun əynindən çıxardığı paltarlardan əlinə keçəni aparıb kimlərəsə bağışlayırdı.
Kişi plovu yeyə-yeyə orta yaşlı üç xanımın içəri keçib səhərdən bəri küncdə qalmış qadınla oğlunun yanında yavaşca əyləşdiklərini gördü və bundan narahat olmadan dedi:
–Mənim pilo yeməyimə baxmağın da faydası var. Baxın. Yemək istəyən yaxın otursun.
Qadınların güclü kişiləri sevdiyini bilirdi. Gücə aid özəl biliklər və fiziki hissiyyat keçmişin qəribə ilğımlı təzahürlərilə dolu torbadan nə vaxtsa gözlənilmədən çıxmışdı. Əvvəllər bu torbanı o, yuxuda görürdü. Gündüzlər onu görmək üçün fikrini cəmləşdirmək və bütün xəyalı ilə sanki oxa çevrilib tələb olunan istiqamətə uçmaq lazım gəlirdi. Bəzən bala quş kimi çırpınsa da, uça bilmirdi. Onda qarşısında nəsə pərdəyə oxşar rəngsiz maneə duyurdu. Uçanda dayanmadan, nəfəs dərmədən o gərginliklə də geri qayıdıb torbaya girirdi. Sonra bunlar nisbətən asanlaşdı, amma həqiqi reallığın özündən bir qədər uzaqlaşdığını gördü, elə bil bütün həyatını dərin bir çalada yaşamağa məhkum oldu. Mövcudiyyətin içində adamlar, heyvanlar – bütün canlılar xeyli eybəcərləşdi. Onların nə zamansa baş tutacaq hücumundan qorunmaq üçün özünə tüfəng aldı.
Maşınla dağa qalxanda birdən sürücüyə dayanmağı əmr etdi. Dedi ki, gözləsin, qarşıda nəsə qara bir şey var, bəlkə də ayıdır. Tüfəngləri hazırlayıb gözlədilər. O, sinə, qarın əzələlərinin bu təhlükəyə qarşı necə gərildiyini, sanki güclü bir zərbəni dəf etməyə hazır olduğunu hiss etdi və birdən dağı gördü. Üstündə köklü-köməcli ağaclar, kollar bitmiş yamac aşağı sürüşüb təpəsindəki qayanı düz yola qədər salamat gətirib çatdırdı, sonra qaya da dərəyə yuvarlandı. Ona elə gəldi ki, dağ hələ yerindən tərpənməmiş onu sanki relsin üstü ilə yumşaq hərəkətdə gördü.
Təsnifatın sözlə ifadəsi də birdən ağlına gəlmişdi: fiziki, zehni, mənəvi, psixoloji, maddi və başqa güclər.Bəzən göbəyinin altında birinin necə zoqquldadığını hiss edirdi. Bu güc duyğusu lazım olan anda ona fikrini itiləməyə kömək edirdi.
–Ay uşaq, su gətir, əlimi yuyum! – kişi eşidiləcəyinə əminliklə başqa otağa səsləndi və dua oxumağa başladı. – Subhanəllahi vəl həmdu lil-lahi və la ilahə illəllahu vəllahu əkbər və lahəvlə və la quvvətə illabillahil əliyyil əzim, subhanəllahi əna əlləyli və ətrafənnəhar...
Özündən xeyli cavan, lakin qarınlı kişinin gətirdiyi su ilə əlini, ağzını ləyəndə yudu. Ağzını yuyanda bir əli ilə uzun saqqalını sinəsinə sıxıb, o biri əli ilə kahanın qıraqlarını dairə boyu və əks istiqamətdə sildi. Qurulayandan sonra yerindən dik qalxıb boyunun ucalığından otaqdakıları ilk dəfə görürmüş kimi diqqətlə süzdü. Xanımlar utanan kimi oldular, sanki kişi diqqətli baxışları ilə təkcə onların ürəyindəkiləri deyil, həm də bütün bədənlərini gördü. Yüngül ağ paltarı və uzun ayaqlarında baldırına qədər çəkdiyi toxunma qırmızı naxışlı corablar arxadan qəribə görkəm verirdi ona.
–Hacıleyləyə oxşayır! – qızlardan biri əyilib rəfiqələrinə pıçıldadı.
–Noolub buna?–kişi nazik sifətini gizlətmiş gəncin anasından soruşdu.
–Baba, bunun qorxudan dili tutulub, – arvad dizi üstə dikəlib cavab verdi.– On üç yaşına kimi danışırdı, zəlzələdə qorxdu, dili beləcə tutuldu. Gözlədik ki, bir ilə açılar, iki ilə açılar, açılmadı.
–Eşidir?
–Çox zəif eşidir, deyilənin də çoxunu başa düşmür.
Baba bir az irəli gedib qadınların hər birinin üzünə diqqətlə baxdı, heç nə demədən qayıdıb yerində oturdu və cavan oğlana əli ilə işarə verdi ki, gedib onun tüfənginin yanında otursun. –Adın nədi? – ucadan soruşdu, daha doğrusu, qışqırdı.
Oğlan qımıldanmadı.
Baba arvadı da yanına çağırıb əyləşdirdi.
–Hər şey Allahın əlindədi, – dedi. – Biz bildiyimizi, bacardığımızı eləyək, məsləhət onundur. Diqqətli ol, mənim dediklərimi ardımca təkrar elə. Ey Allahım! Ey Rəhman və Rəhim!
Qadın təkrar etdi:
–Ey Allahım! Ey Rəhman və Rəhim!
–Sən dedin: mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin!
–Şəfa istəməyə layiq yalnız sənsən! Mən isə günah və xəta əhliyəm! Mənə rəhm et, ey mənim sahibim, sən rəhmlilərin ən rəhmlisisən!
–Mənim balama şəfa ver!
Sonra Baba arvadı uzaqlaşdırıb açdığı kitabdan dualar oxuya-oxuya oğlanın yanaqlarına, çiyin və dizlərinə yüngül şillələr vurmağa başladı. Arada bir:
–Çağır ananı! –dedi. –“Ana” de! “Ana” de!
Arvad oturduğu yerdəcə tərləyib pörtdü, əlləri, dizləri hərəkətə gəldi. Oğlunun yalnız kürəyini görən qadın sanki onun üzü, sifəti olub duaları onun əvəzinə qəbul etməyə başladı. Kişi isə hər nöqtədən sonra duanı gəncin üzünə üfürür, hərdən ağzını açdırıb ora tüpürür, çiyinlərindən tutub silkələyir, sinəsini, qarnını dürtmələyir, üzünü şillələyirdi. Yəqin əzazil müstəntiqlər cinayəti etiraf etmək istəməyən müqəssirləri o cür hiddətlə, qışqıra-qışqıra, silkələyib tələb edirlər:
–“Ana” de! “Ana” de! Çağır ananı! Çağır!
Baba özü də tərləyib qızarmış, yaşlı ağsaqqaldan çox yaşına-başına baxmadan bazarda dalaşan cırtqoz qocalara oxşamağa başlamışdı. Onun belə cani-dildən çalışmasına baxa-baxa nəticənin uğursuzluğunu təsəvvür edən hər kəs üzülürdü. Sanki otaqda və küçədə gözləyənlərin özlərilə gətirdiklər niyyətin aqibəti bu oğlanın dilinin açılıb-açılmamasından asılı idi. Gərginlik və həyəcan həyətdəki quş xorunu eşidilməz etmişdi. Oğlan gücənsə də, heç nə eləyə bilmir və tər tökə-tökə əsəbiləşirdi. Otaq doğan qadının çəkdiyi ağrı və əzabla dolmuşdu. Doğan qadın həmişə son ana qədər vuruşur və məğlub olsa belə, hirslənmir.
Baba qaranlıqda gizlənmiş vəhşi heyvanla vuruşurmuş kimi bir də həmlə etdi:
–Allahümmə inni əsəlükə bi-ənnə ləkəl-həmd. La ilahə illa ənt. Ya mənnan ya bədi əs-səmavati vəl-ərz. Ya zəl-cəlali vəl-ikram. – Yenə üfürdü, yenə şillələdi, yenə onun çiyinlərindən tutub qeyzlə silkələməyə başladı. – Çağır ananı! Ananı çağır! Sənin ananı s...! Çağır!
Söydü. Söyüş mənasına, gözlənilməzliyinə və kobudluğuna görə yox, çarəsizliyin son həddinin ifadəsi kimi hər kəsi məyus etdi. Əgər ondan sonra da qaranlıqdan səs çıxmasaydı, baba ilə görüşmək istəyənlərin halı yəqin ki, oğlanın söyüşü nəinki təhqir, hətta təşəkkür əvəzi belə qəbul etməyə imkanı çatmayan anasının halına bənzəyəcəkdi.
Bu an oğlan xırıldadı və elə bil onun nazik boğazından yox, haradansa döşəmənin altındakı zirzəmi qaranlığından... Yox, sanki oradan da dərin bir quyudan boğuq, əyri-üyrü, heyvan böyürtüsünü andıran səs eşidildi:
–A-a-nn-a-a!..
Dərhal da dönüb dizin-dizin anasının üstünə qaçdı, başını arvadın dizləri üstə qoyub xeyli hıçqırdı, sonra da elə bil yuxuladı.
Kişi əli ilə işarə verib qadını sakitləşdirdi:
– Qoy sakitləşsin, dəymə.
Sonra kürəyini yastığa söykəyib bir qədər dincəlmək məramı ilə yenə xanımlara baxdı. Üçü də təxminən eyni yaşda, qırxa qədər olardı. Fikirləşdi ki, eyni qadınlar, məsələn, üçü bir yerdə olanda, təklikdə olduğundan daha gözəl görünürlər. Sanki birlikdə onların qüsurları çoxalmış gözəl cizgilərinin arxasında görünməz olur. Baxışları hiss edən xanımlar mərasimin seyrçiliyindən çıxıb iştirakçısına çevrilməyə tələsdilər. Kişi onları yaxına çağırmadan, məsafədən danışmağa başladı.
–Nədir adın? – qıraqda oturanı barmağı ilə göstərib soruşdu.
–Səriyyə, – qadın cavab verdi. – Olarmı mən deyim niyə gəldiyimi?
– Olar, – kişi yumşaqlıqla dedi.
–Mən bir idarədə işləyirəm. Orada yaxşı vəzifəyə keçmək imkanı yaranıb. Məndən tələb olunan məbləğ böyük olduğuna görə risk eləməyə qorxuram. Məsləhətinizə ehtiyacım var.
Kişi bir anlığa fikirləşib dedi:
–Sən o işi həll etmək istədiyin adamın aqibətinin necə olacağını gözlə. Təxminən bir-iki ay. Sonra özün qərar verərsən.
Kişi başını aşağı salıb nə haqdasa fikirləşdi, qadınlar gözlədilər ki, o, Səriyyənin işi ilə bağlı daha nəyisə deyər, ancaq demədi. Əllərini ovuşdura-ovuşdura gözlədi. Bayaq süfrəni yığışdıran adam çay gətirdi.
–Küçədə adam çoxdu, –kişiyə eşitdirdi.
Baba çayı götürüb tüfəng tərəfə qoydu və xanımların ən gözəgəlimlisini yanına çağırdı. Xanım gəlib oturunca ondan gözünü çəkmədi. Xanım oturub ağappaq dizlərini başındakı kəlağayının ucu ilə örtməyə çalışdı və kişinin üzünə baxmadan az qala pıçıltı ilə dedi:
–Mənim ərim məni aldadır, başqa qadınlarla görüşür.
–Sən eləcə düz toxumsan! – kişinin qınaqlı uca səsi bəlkə qonşu otaqda, bəlkə həyətdə də eşdildi. – Heç xəyanət-zad eləmirsən ki! Adın nədir?
–İlhamə, – qadın yavaşca dedi. –O eləməsə, mən də eləmərəm.
–Sənin işin Səriyyəninkindən qəlizdi, İlhamə, – kişi çayını götürüb bir qurtum içdi və stəkanı yerinə qoyub davam elədi. –Çünki bu məsələlər ürək, könül işləridi. Mən dua yazaram, aparıb suya salıb verərsən ərin içər. Bilmirəm, ola bilər, təsir eləsin. Ola bilər, təsir eləməz.
–Mən istəyirəm ki, siz elə bir dua yazasınız ki, o, həmin qadından birdəfəlik üz döndərə.
–Onun üçün sən gərək gecə qalasan burada, – kişi yarızarafatla deyib gülümsündü, – mənim yanımda. Mən də gecə ay işığında sənin lüt bədəninə bir çox dualar yazam. O vaxt işin yaxşı nəticəsinə ümid arta bilər.
İlhamə başını qaldırmadan, kişinin üzünə baxmadan bəlkə də bu səhnəni təsəvvür elədi, ancaq qadın olaraq içində bir tükün də tərpənmədiyini görüb inkar mənasında başını fırladı.
–Yox, – deyib geri qanrıldı və rəfiqələrinin bic-bic gülümsədiyini görüb ürəkləndi. –Yoox, – təkrar elədi.
Kişi bəzi qadınların əvvəlcə sözü deyib sonra onun mənası haqda fikirləşməyə başlamasını bilirdi. Odur ki, arxayınlıqla başını yırğaladı və dedi:
–Dur get, bağçada bir az gəz-dolan, fikirləş. Gəlib qərarını mənə bildirərsən.
Və gözləmədən üçüncü xanımı yanına çağırdı:
–Gəl görüm, sənin dərdin nədi?
Xanım gəlib oturdu, amma başındakı yaylıq kiçik olduğu üçün dizlərini örtməyə bir şey tapmadı, çantası ilə birtəhər diqqəti yayındırmağa çalışdı.
–Sən yəqin alim olacaqsan, – kişi xanımın əlindən tutaraq dedi. – Yəqin tezliklə olacaqsan, hə? Ancaq qorxuram səndən elmə fayda olmaya.
– Niyə, mən kimdən əskiyəm ki? – xanım gülümsündü.
–Onda sənə bir sual verim: gəlin-qaynana qısqanclığının kökündə nə durur?
Xanım xeyli fikirləşdi. Baba onun öz keçmiş həyatı haqda düşündüyünü və məhz oradan götürdüyü, dəfələrlə araşdırdığı ibrət dərslərindən yalnız indi qəflətən, özünün də gözləmədiyi halda nəticə çıxardığını hiss etdi.
–Gəlin-qaynana həm də günü-bacıdır, – xanım sıxıla-sıxıla dedi. – Bütün bəşər övladlarının Adım və Həvvadan törədiyini nəzərə alsaq...
–Ağlın da varmış! – baba onun sözünü kəsib söhbəti yekunlaşdırmaq istədi.
–Bəs şəxsi həyatımda necə? – xanım, əslində, elə bunu bilmək üçün gəlmişdi. Yoxsa alim olacağına şübhəsi yoxdu.
–Şəxsi həyatın belədir ki, yəqin boşanmısan. Allah bilən məsləhətdir. Ancaq tezliklə alim olacaqsan.
Həyətə düşəndə xanımlara elə gəldi ki, beş-on taxta pilləni enincə onlardan kiminsə mütləq ayağı büdrəyib yıxılacaq. Onların hər birinə elə gəlirdi ki, bayaqdan oturduqları aləm çöldəkindən fərqli idi. Dikdabanlarını ehtiyatla taqqıldada-taqqıldada bu təhlükədən salamat qurtulub bağçaya enəndən sonra darvazadan içəri buraxılmış yeni adamları gördülər. Onların ardınca kişi özü də həyətə düşüb darvazaya tərəf getdi. İti, havalı yerişiylə həyətdə o, hacıleyləyə yox, dəlixanadan qaçmış ruhi xəstəyə oxşayırdı. Kiminsə həyətə saldığı dörd-beş qoyuna baxdı, qıraqda dayanmış şikəst uşağa yaxınlaşıb onun başını sığalladı, dindirdi, qucaqlayıb özünə sıxdı. Geri qayıdanda isə xanımların yanında ayaq şaxlayıb İlhaməyə müraciətlə:
–Fikirləş, – ucadan dedi.
İlhamə cavab verincə Səriyyə soruşdu:
–Olarmı biz üçümüz də qalaq?
–Ev böyükdü, qonağım ola bilərsiniz, – kişi dedi və pilləkənlərlə öz dəlixanasına qalxmağa başladı.
–Qalmaq istəyirsən? – rəfiqələri İlhamədən soruşdular.
–Neyləyəcək e-e səksən beş yaşlı qoca kişi? – Səriyyə xəlvətə salıb alimə göz vurdu.
–Məsələ də burasındadı ki, nəsə eləyəcəyinə gümanım yoxdur, bəlkə də qalardım! – İlhamə də o ahəngdə cavab verdi.
Həyətdə gəzişib reallıq duyumunu özlərində tam bərpa edəndən sonra xanımlar bu cənnətdən bezən kimi oldular. Uzaqda qoyub gəldikləri böyük şəhərin sərt üzü ilə müqayisədə bu günəşli həyət, güllər, quş xoruna rahat qəlbləri ovutmaq, onlara təskinlik vermək üçün düzəldilmiş müvəqqəti oyuncağa bənzəyirdi. Yuxarıda öz geniş üfüqlərini günəşə tapşırmış seyrək buludlu göyüzü həmişəki kimi böyük və şəfqətli görünsə də, onun altına sığınıb yaşamaq üçün oyun qaydalarına uyğunlaşmaq tələb olunurdu. Xanımlara elə gəldi ki, onlar bu oyunda özlərinin deyil, başqalarının rolunu görməyə cəhd etdiklərinə görə baba ilə görüşdən, onun dediklərindən çox da məmnun qalmadılar. Bütün hallarda, hətta burada bir gecə qalsaydılar da, ertəsi gün şəhərə, orada qoyub gəldikləri həqiqətlərinin içinə qayıtmalıydılar. Orada onların həyatına aid nəyinsə dəyişəcəyinə ümid çox deyildi. Ancaq indi müəyyən qədər sakitləşmişdilər və gəldiklərinə də peşman deyildilər. Hər halda bu, yaradanın böyük nəzərləri altında olacaqları əvvəlcədən azacıq da olsa, görməyə bir cəhd idi. Həyatda bütün cəhdlər uğurla yekunlaşmır ki!
Onlar həyətdən çıxıb kölgəli asfaltda növbəyə düzülmüş insanların uzun sırası boyu maşına tərəf getmək istəyəndə darvazanın qarşısında birdən camaatın necə qıyya çəkib hərəkətə gəldiyini gördülər. Dili açılmış oğlanla anası çıxmışdı. Oğlanı qucaqlayıb öpən, əlini ona sürtən adamlar işi onunla yekunlaşdırdılar ki, oğlanın köynəyini və maykasını əynindən cırıqlayıb çıxardılar və çit köynəyi nazik lentlərlə zolaq-zolaq cırıb öz aralarında paylaşdılar. Xanımlar da qayıdıb o köynək parçalarından adama bir lent aldılar.
Maşının yanına çatanda xanımların şən əhvalı tam bərpa olundu, elə bil sirri-sehrin təsir dairəsini büsbütün tərk etdilər.
–Bəlkə qayıdasan, qız? – İlhaməyə dedilər.
–Demədimi üçünüz də qalın?! – İlhamə mızıldandı.
–Qalsaq, hacıleylək səhərə qədər bizi dimdikləyəcəydi, –Səriyyə dedi. – O cür imkanı əldən verdik.