Kult.az xalq artsiti Ramiz Novruzla 2 avqust - Milli Kino Günü ilə bağlı müsahibəni təqdim edir:
- Ramiz müəllim, bu gün Azərbaycan kinosu günüdür. Kinomuzun 122 yaşı tamam olur. Milli kinomuzun hazırkı durumunu necə qiymətləndirirsiniz?
- İndiki gənclər Azərbaycanda son 30 ildə nələrsə çəkdilər. Öz imkanları hesabına nəsə etməyə, boşluğu doldurmağa çalışdılar. Düzdür, onların çəkdiklərinə ciddi, böyük kino demək olmaz. Hər halda, çəkirlər, nəsə edirlər. Mən də bir-iki filmə çəkilmişəm. Amma təkliflərin 90 faizindən imtina etmişəm. Çünki qeyri-peşəkar təkliflər idi. Bugünkü kinomuz haqqında ürək dolusu ilə danışmağa bir şey yoxdur. Ola bilsin ki, gənc, istedadlı rejissorlarımız var, ancaq mən tanımıram. Bizim universitetlərdə rejissorların hərtərəfli yetişməsi üçün şərait yoxdur. Bəli, nəzəriyyəsini öyrənirlər. Tanınmış rejissor və operatorlarımız var. Amma universitet onun üçün deyil. Həftədə iki dəfə universitetdə dərs keçməklə rejissor yetişmir.
- Yaxşı rejissor problemini başqa necə həll etmək olar? Təklifiniz varmı?
- İstedadlı uşaqları üzə çıxarıb, Hollivuda, Almaniyaya, Türkiyəyə göndərmək lazımdır. Başqa millətlər, xüsusən də Türkiyə bunu etdi. Öz rejissorlarını yetişdirdilər. İndi Türkiyədə “Oskar”lıq film çəkən rejissorlar var. Ən azından ora qədər gedib çıxa biliblər. Hazırda Türkiyə serialları dünyada ciddi rəqabət aparır. Elə bizim yerli serialları öz bazarımızdan sıxışdırıb çıxardılar. Kinoda ustad, kamil sənətkar olmayınca, yaxşı filmlərin çəkilməsini gözləmək olmaz.
- Biz niyə istedadlı gəncləri Hollivuda, başqa ölkələrin kino akademiyalarına göndərə bilmirik?
- Bu işi qurmaq lazımdır. Bizdə kinonun heç qonorar sistemi də qurulmayıb. Aktyorlar filmə çəkilərkən ikinci rejissor dəhlizdə cibindən çıxarıb pul verir. Sistem yoxdur. Ona görə də hələ böyük kinodan danışmağa adamın dili gəlmir. Konkret olaraq nazirlik səviyyəsində addımlar atılmalıdır. Müsabiqələr keçirilməlidir. İstedadlı uşaqları seçib üzə çıxartmaq lazımdır. Onlar təhsil almaları üçün xaricə göndərilməlidirlər. Özü də 5 min adamın içərisindən 5-10 nəfər göndərmək gərəkdir. Kimsə öz dostunu, qohumunu göndərməməlidir. Əgər biz Azərbaycan kinosunun inkişafını istəyiriksə, milli kinomuzun indiki halına doğrudan yanırıqsa, o zaman bu addımlar atılmalıdır.
- İndiyə qədər çəkildiyiniz ən yüksək büdcəli film və ya filmlərin adlarını çəkə bilərsinizmi?
- Çəkildiyim serialların büdcəsi yaxşı olub. “Xəzər” telekanalında çəkilən serialların büdcəsi babat olub. İndi onların da çəkilişi dayandırılıb. Adını bədii film qoyub, işə başladığımız Samir Kərimoğlunun “Şər qarışanda” filmi idi. Onun da büdcəsi faktastik deyildi. Normal saymaq olardı.
- Hazırda aktyorların filmlərdən aldığı qonorarın orta həcmi nə qədərdir?
- Bu, aktyordan asılı olaraq dəyişir. İstədiyin qonorarı da verə bilmirlər. “Şər qarışanda” filminə dəvət olunanda məvacibim haqqında fikir soruşdular, mən də dedim. Həmin qiymət onlara fantastik gəldi. Sonra fikrimi dəyişib razılıq verdim. Gördüm ki, filmin rejissoru Oksana xanım yaxşı bir film çəkmək istəyir. Bunun üçün öz zərif çiyinlərini ağır yükün altına verib. Mən də həmin filmdə çəkilməyə razılaşdım. Əvvəlcə elə bilirdim ki, kiminsə pulu var, film çəkdirir. Bəzən situasiya məcbur edir ki, fikrini dəyişəsən. Samiri və Oksana xanımı çox istədiyim üçün razılaşdım. Elə aktyorlar var, deyir ki, onun günü 5000 manatdı. Sonra baxırsan ki, heç ortaya 1000 manatlıq da iş qoymayıb. Elə aktyorlar da var ki, istədiyi məbləği verməyəndə oturub gözləyir.
- Ramiz müəllim, ermənilər 2016-cı ilin aprel döyüşləri ilə bağlı bu vaxta qədər 2 tam, 30-dan çox qısametrajlı bədii film çəkib. Bizdə isə…
- Yadınıza salın, ruslar Çeçenistan müharibəsi ilə bağlı o qədər film çəkdilər ki, regionun, dünyanın mövqeyini öz xeyirlərinə dəyişə bildilər. Həmin filmlərdə rusların ekstremist və separatçılara qarşı mübarizə aparıldığı qeyd olunurdu.
Filmdə ideoloji nüanslar böyük diqqət tələb edir. Qarabağ mövzusu ilə bağlı gözəl ssenarilər də var. Bəzən özəl telekanallar deyirlər ki, belə şey istəmirik, “kafe, bar, qızlar...” - belə mövzular istəyirlər. Sanki Qarabağ mövzusunda yaxşı kino çəksən, baxılmayacaq. Cəfəngiyat fikirlər səsləndirirlər ki, ciddi mövzular baxılmır. Özlərini aldadırlar. Sən yaxşı film çəksən, 10 saat da olsa, baxarlar. Yaxşı mövzunu çəkə bilməyənlər problemi tamaşaçının üzərinə atırlar. Deyirlər ki, tamaşaçı komediya istəyir. Necə yəni, minlərlə şəhid anası, onminlərlə şəhid yaxını var. Bunların hamısı komediya istəyir?! Biz xaricdə Qarabağ mövzusu ilə bağlı tamaşalar oynamışıq, xaricilər göz yaşları içərisində izləyiblər. Belqradda “Xəcalət”i oynadıq, orada da elə oldu... Sadəcə olaraq, normal film çəkmək lazımdır.