“Əgər bu həyatda nəyəsə nail ola bilməmişiksə, nəsə edə bilməmişiksə, deməli günahkar özümüzük. Başqasında günah axtarmaq lazım deyil”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ötən gün doğum gününü qeyd edən əməkdar incəsənət xadimi, operator Kənan Məmmədov öz Facebook səhifəsində yazıb.
Nəvəsi ilə fotosunu paylaşan operator yazdığı statusla onu təbrik edənlərə təşəkkür edib:
“Doğum günümdə yaxın qohumlarımdan, tanışlarımdan çoxlu təbriklər aldım. Hamınıza təşəkkür edirəm və inanıram ki, bütün arzularınız ürəkdəndir. 68 yaşın tamamında sizi inandıra bilərəm ki, həyat çox gözəldir. Əgər bu həyatda nəyəsə nail ola bilməmişiksə, nəsə edə bilməmişiksə, deməli günahkar özümüzük. Başqasında günah axtarmaq lazım deyil. Sizin hamınıza xoşbəxtlik, sevinc, mehribançılıq arzu edirəm. Sizi qucaqlayıram. İndi paylaşdığım nəvəm Kənanla olan fotom bugünki əhvalımdan sizi hali edəcək”.
Qeyd edək ki, Kənan Məmmədov 1946-ci il oktyabrın 9-da Bakıda doğulub. 1971-ci ilə qədər Politexnik İnstitunda təhsil alıb. 1971-1976-cı illədə, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A.V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlayıb. O “Təhminə”, “Qala”, “Ad günü”, “Məhkumlar”, “Ovsunçu”, “Fəryad” və s. filmlərin operatoru olub. Kənan Məmmədov əməkdar incəsənət xadimi, Respublika dövlət mükafatı laureatıdır.
Pərvin