5 Avqust 09:05
7 488

Gürcüstanın Borçalı mahalında yaşayan İbrahimxəlil Teleqraf.com-a müsahibə verib.

Onunla söhbəti təqdim edirik.

– İbrahimxəlil, ədəbi mühitimizin ən ucqar nöqtələrindən olan bir məkanda müəllim və şair ömrü yaşadığını bilirdim. Şükürlər olsun, uzun bir aradan sonra qiyabi də olsa yenidən görüşdük.

– Qurban, bir vaxtlar sən çalışdığın “Yol” qəzetində – o qəzet ki, Sınıq körpünün sınmaq bilməyən bəri üzündə hələ də yaddaşlardadır – xırda bir xəbər yazmışdın: Gürcüstanda yaşayan şair dostumuz İbrahimxəlil vətənə, Borçalıya xeyli kitab və... bir kisə unla qayıtdığını bildirib.

Onda 90-cı illərin sovetlərin süqutundan sonrakı ən çətin zamanları başlamışdı. Düz 24 il məktəbdə çalışdım: doğma kəndim Dəllərdən 13 kilometr aralıda yerləşən və indi də yaşadığım, dünyanın qızılçıxan Kazreti qəsəbəsində.

Qulağa xoş gəlmək üçün deyil, həqiqəti demək üçün yazılan dünya tarixində ilk məktəblərdən hesab olunan şumer məktəbi “kitabələr evi” anlamını verib. Şagirdlər də müəllimi “böyük qardaş” deyə çağırırmış. Həmin yarıalma kimi oxşar minvalla, mənim məktəbim – daha çox mənəvi mənada – şumer məktəbinə də bənzəyirdi. Çünki burada üç bölmə fəaliyyət göstərirdi: gürcü, rus və azərbaycan bölmələri. Və bizim bölmənin üzərinə düşən vəzifəyə, təhsildən və təlimdən dolayı, həm də sınmamaq, uduzmamaq, səbirli və dözümlü olmaq kimi ümidvar üsullar da daxil idi.

Onda inanmırdım ki, Azərbaycanın hansı bölgəsindəsə Səməd Vurğunun:

Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan! –

misralarını oxuduqları siniflərdən asılı olaraq şagirdlərim qədər həsrət və qubarla, həm də həyəcan və ürəkdolusu şövqlə-vəcdlə deyənlər tapıla!

Qatı millətçilik dalğaları zəminində Kazretidən də köç başladı və biz cəmi 40 ailə qaldıq. Vaxt gəldi, məktəbdə yalnız ana dili və ədəbiyyatımızın tədrisi saxlanıldı: o da fakültativ məşğələlər səviyyəsində. Müəllim üçün ən ağır fəlakət məktəbinin bağlanmağıdır! Eynən Seyid Əzimin məktəbi misallı! Bəlkə də həyatımda ən böyük “falaqqa tənbehi” görən günüm məktəbdən getdiyim gün oldu.

Burada bir zamanlar Qori müəllimlər seminariyasında çalışan və soydaşlarımıza qayğı və diqqət göstərən unudulmaz M.Kipiani bənzərli təəssübkeş, bizim bağlanmağımızı istəməyən müəllimlər də var idi. Bir-bir həmin gürcü həmkarlarıma təşəkkür elədim və vidalaşdım.

Amma “qlobal qüssə”yə qapılmayaq. Hazırda Kazretidə 200-dən artıq azərbaycanlı ailə yaşayır. Niyə yeni şikayətnamələr yazaq ki? Bir məşhur “Şikayətnamə” var, onu da Füzuli babamız yazıb.

– Gəl, bir az əvvələ qayıdaq, oxucular da bilsin. Yaradıcılığa nə vaxt başlamışdın, ilk şeirin nə zaman çap olunmuşdu?

– İlk şeirim gənclik illərimdə Başkeçiddə (Dmanisi) nəşr olunan “Trialeti” rayon qəzetində çıxıb. Yadımdadır, şeir “Bəxt ulduzu” adlanırdı, unudulmaz Əli Kərimin xatirəsinə həsr eləmişdim. Amma “Cəllad günü” adlı ilk şeirlər kitabım gec – 47 yaşımda Bakıda, “Adiloğlu” nəşriyyatında işıq üzü gördü. Bu kitabın çapını bəlkə də məndən çox dostum Nəriman Əbdülrəhmanlı arzulayırdı. Çünki hər vasitə ilə ört-basdır eləməyə çalışdığım xiffəti və hüznü görürdü. Hətta mənə görə bir-iki adama da ağız açmışdı. Var olsun!

Amma etiraf edim ki, ilk kitabımdan çox həmin ildə Nobel mükafatına layiq görülmüş Elfrida Yelinekin uğuruna sevinirdim. O, bu mükafata “əsərlərinin musiqi polifonikliyi”nə görə layiq olmuşdu...

Biz tərəflərdə hər dəfə nəsə çatmır. Trolluğa, kulislərdə vaxt itirməyə, mənasız çəkişmələrə çox meyilliyik. Nobelə əlimiz çatmır, çatmasın, heç olmasa bu cazibədə, bu füsunkarlıqda, bu əhatə dairəsində yaşaya bilək.
Sənə bir səmimi etiraf da edim: neçə il Nərimanın, Əlabbasın, Əjdər Olun, Səlim Babullaoğlunun, Xanəmirin, Qəşəm Nəcəfzadənin yolladıqları kitablarla – onları xilasetmə dəstəsi bil – yaşadım. Bu, yaxşı kitabların əl-əl gəzən vaxtları idi! Oxuyurdun – səndən yaxşı oxucuya adladırdın; beləcə, əsl kitab dövrü idi!

Məsələn, fransalı yazar Romen Qarinin “Göyüzünün kökləri” romanı ilə bütün 1992-ci ili... Axşam-axşam ulduz altda duza batırıb, ümidimi çörəksiz yediyimə qədər, hamısı yadımdadır.

Onda uca Yaradana dönə-dönə döymə-qiymə dua edirdim ki, təki Sınıq körpünün o biri üçündə Fəxri Uğurlunun, Zahid Sarıtorpağın, Etimad Başkeçidin, Aslan Quliyevin, Adil Mirseyidin, Rafiq Tağının, Əlizadə Nurinin, Qulu Ağsəsin – adlarını çəkmədiklərim bağışlasınlar – uğurları xeyirli olsun! Mənə görə Azərbaycan onlardır! Çünki:

Can da gərək “Azərbaycan”
sözündəki “can”dan ola!

– İlk təsirləndiyin şairlər...

– Açığı, mən ilk dəfə nəzmdən deyil, nəsrdən təsirlənmişəm. Bu, Ənvər Məmmədxanlının “Karvan dayandı” hekayəsi olub. Hətta xoşgəldi xəyallarımda Odunçuoğlu olmaq da istəyirdim; yalqız, unudulmuş, amma sevgilər dolu.

Şeir olaraq ilk təsirləndiyim misralar isə Vidadiyə məxsus olub:

Əzəl başdan Bəsrə, Bağdad eliniz,
Bəylər üçün ərməğandır teliniz...

Rus ədəbiyyatından Lermontovun “Yelkən”ini sevmişəm:

Bir yelkən ağarır, tənha bir yelkən...

O vaxtlar kitabxanalar məktəbə deyil, kolxozlara məxsus olurdu. Biz də kitabxanadan kitab alarkən yaşımızı kitabxanaçıdan gizlətməyə çalışırdıq. Bəzən bunu bacarırdıq da. Məsələn, Cəfər Cabbarlının “Solğun çiçəklər”inı dördüncü sinifdə oxumağımıza şübhə ilə baxanlar tapılırdı. İş belə gətirdi ki, arzusunda olduğumuz idealın təsirinə erkən düşdük. Elə bu üzdən də reallıqlara yetərincə uyuşa bilmədik, məişət-mətbəx “dolanbac”larıyla dolu həyatdan indinin özündə də heç əməlli-başlı baş çıxara bilmirik.

– Gürcüstanda Azərbaycan yazıçıları hər hansı ədəbi mühit yarada biliblərmi?

– Olarsa, bu sualın cavabına “Lima” adlı bir essemin ilk abzası ilə başlayım: “Xəfif xəyallar yaxşı kitab üzərində necə gülrəng və gülsabah gəzişirsə, təxminən həmin arazbarı oxşar minvalla, Tiflis küçələrində də elə gəzirəm. Özü də Mirzə Fətəlinin, Cavidin, Mirzə Cəlilin vaxtı ilə Kür sahillərində udduqları hekayətnəvis havadan uda-uda gəzirəm”.

Udduğumuz bu havadan, aldığımız bu nəfəsdən o yana gedə bilmədik. Çünki buralardan beləsi maddiyyata bağlıdır. Məsələn, üç il bundan əvvəl tariximizdə bir ilk olaraq bizə Gürcüstan Yazıçılar Birliyinin binasında otaq verdilər. Azərbaycan bölməsini yaratdıq. Birdən-birə iki ədəbi jurnalımız oldu: anadilli “Körük” və ikidilli “Sxivi” – “Şəfəq”. Tərcümə mərkəzi də yaratdıq.

Gürcücə çap olunmaq yaşlı-cavan çoxlarının ürəyindən olardı. Lap şirin yuxu misallı. Beş sayımız çıxdı. Beş də hazır nömrəmiz var. Böyük arzularla yaşayırdıq. Bir ucu İstanbul və Təbriz, bir ucu da Bakı – iki yüzə yaxın yazı aldıq. Amma müəlliflər qarşısında çox xəcalətliyik, bağışlasınlar: maliyyə ucbatından nəşrimizi dayandırmalı olduq.
Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsi də eyni oxşar taleyi yaşayır.

...Biz ədəbi mühiti başqa cür anlayırıq. Feysbukda ədəbi mühit mümkünsüzdür. Gərək istəyənlər bir dərgi, bir qəzet, bir ədəbi məclis ətrafında birləşələr. Gərək Tiflisə gəlməyə ciblərində beş-üç də qəpik-quruşları ola. Yoxsa bu nədir? Yazıçının cibinin dibi haçanacan “sökük” olacaq?

Bizdə çox istedadlı gənclər var: Azər Musaoğlu, Atif Abbasov, Vaqif Səyyah, Coşqun Cəfər... Saysam, uzun bir siyahı alınar.

Əlbəttə, Mirzə Fətəli ayrıca bir ədəbi məktəb, bir ədəbi mühit idi. Ədəbi mühit olmağı isə heç də paqonlar müəyyən eləmir! Maliyyə almağa gəlincə, qalmışıq Kürlə Araz arasında. Özü də arazbarı-arazbarı... Günahımız yazıçı olmağımızdır!

Can Azərbaycan az qala biz tərəflərdəki bəzi QHT-lərin “malay dili” kurslarına da pul ayırır, amma məsələn, Məmməd Araz – Vaqif Səmədoğlu – Vaqif Bayatlı yoluna bir qara qəpik də!.. Bütün hallarda sağ olsunlar! Bəlkə də Diasporla İş üzrə Dövlət Komitəsi elə düz elədi ki, bizə maliyyə yardımı ayrılmadı. Axı, biz diaspor deyilik! Hər yerdə yerli sayılan yazıçıya nə yardım? Bir halda ki, həsrət də, qürbət də - hamısı onun içindədir, ruhundadır; o, saxta görüntülər də yarada, həqiqi hekayəsini anlada bilmir...

– Gürcüstandakı soydaşlarımızın durumu necədir?

– Gürcüstanda Azərbaycanı təmsil edən kifayət qədər şirkət də var, təşkilat da. Hələ səfirliyi demirəm. Onlardan bircəciyi də mədəni həyatımızla maraqlanmayıb. Axı onlar elə “tədbirşünaslıq”la məşğul olmamalıdırlar ki! Amma təəssüflər olsun! Bunun altını hələ çox çəkəcəyik, çox!

Kifayət qədər də “problemçözən” peyda olub. Onlarda az qala bütün aşkar-gizlin məlumatlar da var. Guya təhsil, gömrükxana, soydaş və sairə kimi problemlərimizi həll edirlər.

Biz, leylək qələm sahibləri isə sadəcə olaraq ana dilimizə, ədəbi-bədii dilimizə, gürcü ədəbi mühitinə, qarşılıqlı ədəbi əlaqələrimizə bağlı insanlarıq. Məsələn, heç soruşan yoxdur: nədən bu qədər qələm adamının az qala 90 faizinin bir iş yeri yoxdur?! Yəni deməyim budur ki, qələm adamları milli azlıqdan da az azlıqdır. Bizə sahib çıxan olmadı, heç olmasa gənc ədəbi qüvvələrə, doğrudan kreativlərə sahib çıxsınlar. Bunun teatrı var, musiqisi var, rəssamlığı var.

Yoxsa biz də yaradıcılığı buraxıb, “dağıdıcılıq”lamı məşğul olmalıyıq? Əsla!

– Çox vaxt şikayət olunur ki, Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini öyrənmir, elə bu səbəbdən də ölkənin elmi-mədəni və ictimai həyatında iştirak edə bilmirlər...

– Əgər bu bəhanə varsa, deməli, bunları söyləyən özü öz dediklərinə inanmır. SOCAR-ın böyük xeyirxahlıq eləyib təhsil haqqını və təqaüdünü illərlə ödədiyi tələbələrin xeyli hissəsi dili də mükəmməl bilir, idarəetmə sənətini də. Amma təəssüf ki, hamıya iş tapılmır.

Bir də, sadəcə olaraq, azərbaycanlılarla bağlı bəzən Gürcüstanı Rusiya ilə, Ukrayna ilə, hətta Türkiyə ilə qarışıq-dolaşıq salanlar var. Gürcüstan, daha dəqiqi Tiflis, soydaşlarımızın mədəniyyət mərkəzi, mədəni nəfəs borusu olub, indi də belədir! Onu təkcə neft, qaz kəməri keçən məkan olaraq qananlarla işim yoxdur.

Gürcüstan “Kəşkül”ün, “Şərqi-rus”un, “Molla Nəsrəddin”in vətənidir. İndi onların biri də yoxdur. Namuslu gürcü ziyalısının qarşısında var-dövlətlə, bahalı maşınlarla, quru pafosla, ucuz ritorika ilə, zər-ziba ilə öyünmək gülüncdür. Amma Bülbüllə, Zahid Xəlilovla, Rəşid Behbudovla, İsa İsmayılzadə ilə hər zaman qürur duya bilirik!

Mədəniyyət ən müdafiəsiz sahədir. Bundan da sui-istifadə edirlər yəqin. Sirr deyil ki, mədəniyyətə xərc-yatırım qoyanlar quru-muzdur qalmır!

– Bəs AYB-nin Gürcüstanda yaşayan ədəbi qüvvələrə qayğısı haqda nə deyə bilərsən?

– Açığı, yaradıcılıq birlikləri ilə bağlı fərqli fikirlərim var. Onlara qarın doydurmaq, çömçə tutmaq məkanı kimi baxmıram. Məsələn, vaqif adamlara bəllidir ki, yazıçılar əsərlərə, kitablara, onların bədii, estetik, ideya xüsusiyyətlərinə savadlı qiymət verə bilən peşəkarlardır. Əgər Gürcüstanda orfoqrafiyamızın, sintaksisimizin bugünkü vəziyyətinə baxsan, səni acı heyrət bürüyər. Hələ mürəkkəb görünənlər bir yana, hətta Gürcüstanın Baş nazirinin soyadından tutmuş, siyasi partiya adına qədər düzgün şəkildə yaza bilmirik. Bu qədər də özündənbəy, öyüncək-söyüncək görsənməyə çalışırıq. Anlamaq olmur.

Hələ aşağı keyfiyyətli yazı axınına kimlər qarşı durmalıdır, səncə? Demək istəyirəm ki, çürük almalar dalınca getməyək, yazıçı birliklərini, imkan varsa, saxlamaq zəruridir.

Qaldı, AYB-nin azərbaycanlı ədəbi qüvvələrə qayğısı... Məncə, bu münasibətlərə yenidən baxmaq lazımdır. Təkrar edirəm, bizi küll halında görmək lazımdır, ayrılıqda yox. Yad deyilik. Orda ehtiyacı olana ev verirsən, buralarda heç olmasa, gənc yazarın kompüter ehtiyacını ödə. Ödə ki, siqaret qutusunun üstünə yazmasın.

– İbrahimxəlil, yaradıcılıq necə gedir? Gürcüstanda yerli azərbaycanlı yazarlar və ümumilikdə Azərbaycan yazıçıları tanınırlarmı?

– Qurban, mənim çap problemim olmayıb. Şair dostlarım Allahverdi Təhləli, Rafiq Hümmət, Tapdıq Yolçu və Afiq Muxtaroğlu haqqında da eynisini deyə bilərəm.

Ötən ilin noyabrında Türkiyənin 13-cü Poeziya festivalında iştirak elədim. Dəvət üçün Türkiyə Yazarlar Birliyinin rəhbəri M.K.Arıcana və məni təqdim eləmiş Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə, şəxsən şair dostum Səlim Babullaoğluna səmimi təşəkkürlərimi çatdırıram. Çox gözəl səfər oldu, gözəl yaradıcılıq ezamiyyəti oldu.

Hazırda tanınmış gürcü şairi Qalaktion Tabidze haqqında kitab üzərində işləyirəm. Kitab “Südyolunda yalqız” adlanır; çünki Qalaktion “qalaktika” sözündəndir. Bizdə çox vaxt Südyolu, ya da Ağyol deyirlər. Qalaktionun çox faciəli taleyi olub. Çox acılar yaşayıb. Onu intihara təhrik ediblər. Vaxtı ilə onun intihar etdiyi xəstəxanada müalicə olunmuşam. Sanki mənə pıçıldadılar: sən bunu yaza bilərsən. Qalaktion misilli şairlər əslində elə yerdən artıq, qalaktika şairləridir!

Gürcüstanda Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Əjdər Ol yaxşı tanınırlar.

Yeri gəlmişkən, tanınmış gürcü şairi B.Arabuli Vaqif Bayatlıya səmimi salamlar yollayır. Zəhmət olmasa, bir yol tapıb çatdırarsan.


Müəllif: Qurban Yaquboğlu