Azərbaycan Mətbuat Şurası bu ilin noyabrında Şəki şəhərində tanınmış kinorejissor, kinooperator, ssenarist, Xalq Artisti Rasim Ocaqovun xatirəsinə həsr edilən sənədli filmlər festivalı keçirəcək.
Məqsəd həyatın müxtəlif sahələrinə aid düşündürücü, tamaşaçıları ictimai əhəmiyyət daşıyan problemlərin həllinə istiqamətləndirən ekran əsərlərinin çəkilişinə töhfə vermək, mövcud istiqamətdə araşdırmaçı yaradıcılıq dəst-xəttini stimullaşdırmaqdır.
Mətbuat Şurasından Teleqraf.com-a bildiriblər ki, qiymətləndirmə zamanı təqdim olunan filmlərin mövzusunun aktuallığı, bədii-publisistik duyum, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın dolğunluğu, ifadə vasitələrinin zənginliyi, informasiyalılıq kimi keyfiyyətlər nəzərə alınacaq.
Ekran əsərlərinin qiymətləndirilməsi Mətbuat Şurasının yaratdığı və tərkibi tanınmış kino mütəxəssislərinin və jurnalistlərin daxil olduğu münsiflər heyəti tərəfindən aparılacaq.
Təqdim olunmuş sənədli filmlər “Ən yaxşı mövzu seçimi”, “Ən yaxşı ssenarist işi”, “Ən yaxşı rejissor işi” nominasiyaları üzrə mükafatlandırılacaq. Bir film isə xüsusi mükafata layiq görüləcək.
Mükafatlar noyabrın 25-də Şəki şəhərində Rasim Ocaqovun xatirəsinə həsr olunacaq sənədli filmlər festivalında təqdim ediləcək.
Müsabiqəyə 40 dəqiqəyə qədər davamiyyət müddəti olan filmlər buraxılacaq. Filmlərin qəbulu oktyabrın 15-dən noyabrın 15-dək hər gün saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasının ofisində aparılacaq.
Təqdimat zərfinə film (diskdə), ekran əsərinin qısa məzmunu barədə bildiriş,təqdim edən şəxsin tərcümeyi-halı, şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.
Əlaqə telefonu: (012) 441 35 96, (050) 534 93 26.