14 Oktyabr 2014 09:13
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) aparıcı elmi işçiləri - geologiya-minerologiya üzrə fəlsəfə doktoru Samir Məmmədov və Rafiq Səfərov Rusiyanın Vladiqavkaz şəhərində “Qafqazda geodinamika, vulkanizm, seysmiklik və təbii və texnogen xarakterli ekzogen geoloji proseslər” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildiriblər ki, konfransı Rusiya Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Vladiqafqaz Elmi Mərkəzi, Vladiqafqaz Geofiziki Tədqiqatlar Mərkəzi və Şimali-Qafqaz Dağ-Metallurgiya İnstitutu təşkil ediblər.

Beynəlxalq tədbirdə S. Məmmədov “15-illik GPS (qlobal yertəyinetmə sistemi) məlumatları əsasında Azərbaycan ərazisində Yer qabığının deformasiyaları”, R. Səfərov “Azərbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS məlumatları əsasında tədqiqi” mövzularında məruzə ilə çıxış ediblər.

Azərbaycan alimləri AMEA-da geodinamika və seysmologiya sahəsində aparılmış tədqiqatların mühüm nəticələrindən danışıblar. Qeyd olunub ki, Qafqaz geodinamik baxımından xeyli aktiv zonadır və bir çox dünya alimləri tədqiqatlarını bu əraziyə kökləyib. GGİ-nin tədqiqatçılarının əldə etdiyi nəticələr GPS məlumatlarına əsaslanır. Məlumatlar özlərini doğrultduğuna görə, bu cür elmi-tədqiqat texnologiyalarının araşdırmalarda tətbiqi genişləndirilir.

Məruzələr iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Konfransda Qafqaz ərazisində geodinamik proseslərin öyrənilməsi istiqamətində səylərin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər