Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakım mənim üçün qürurverici hadisədir.
Bu sözləri Teleqraf.com-a müsahibəsində forumun iştirakçısı, Yunan Qadın Jurnalistləri Avropa Şəbəkəsinin prezidenti xanım Eirini Nikolopoulou söyləyib.
E.Nikolopoulou deyib: “Bu sevincin mənim üçün iki səbəbi var. Birincisi, heç zaman əlaqə qurmadığım ölkələr olan Qazaxıstan, Estoniya, Gürcüstan, İran və Qırğızıstandan olan ziyalılarla bir araya gəldim. Mən uzun müddətdir ki, səyahət edirəm amma bu doğurdan da mənim üçün yeni bir dünya idi. Forumda fizika, iqtisadiyyat, kimya, tibb sahələrində 13 Nobel mükafatı laureatlarını, digər nüfuzlu insanları bir arada görmək mənim üçün böyük fürsət idi. Mən hətta iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarından Yunanıstanda baş vermiş iqtisadi böhran barədə müsahibə aldım.
Mənim üçün qürurverici amillərdən ikinci isə forumun əhəmiyyətidir. Dünyanın tanınmış jurnalistləri, artistləri, elm adamları, ziyalılarının bir arada görmək, bizim çox vacib ideyanın araşdırılması, bütün planetin bilik mərkəzinin ortasında olmağımı hiss etdirdi”.
E.Nikolopoulou daha sonra deyib: “Bakı mənim çox xoşuma gəldi. Birinci dəfə idi ki, İçəri Şəhəri ziyarət etdim. Çox istərdim ki, bu gözəl şəhəri birdə görüm. Ümid edirəm ki, tezliklə buraya qayıdacam. Yeqin ki, bu Avropa Oyunları zamanı olacaqdır”.