Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar istedadlı qadın və qızların rəsm və əl işlərinin sərgi-satışına başlanılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirin məqsəd və mahiyyətindən danışaraq bildirib ki, son illər istedadlı qadınların məşğulluğu təmin edilir, onların rifah halının yüksəldilməsi üçün əl işlərinin satışının təşkilinə xüsusi diqqət yetirilir. Bundan əlavə, qadınların müəyyən peşələrə yiyələnmələri, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçılıq, keçəçilik, dərzi, ağac üzərində oyma kimi peşə kursları təşkil olunur. Sevindirici haldır ki, bu kurslara sağlamlıq imkanları məhdud qadınlar da cəlb edilir, nəticə olaraq onların həyata bağlılıqları daha da möhkəmləndirilir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilməkdədir. Rəsm və əl işlərindən ibarət sərgi-satışın keçirilməsi də bu tədbirlərdən biridir. Məqsəd isə qadın və qızlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, qədim dövlətçilik ənənələri və dəyərləri olan Naxçıvanın son illərdə keçdiyi şərəfli yolu tablolara köçürmək və yaşatmaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış ediblər.
Sonra sərgiyə baxış olub.
Sərgi-satışda tam orta, orta ixtisas və ali təhsil müəssisələrinin istedadlı müəllim, tələbə və şagirdləri iştirak ediblər. İstedadlı qadın və qızların əl işlərinin yer aldığı bu sərgi-satışda rəsm əsərlərindən, aplikasiya, viraj tipli əl işlərindən, daş üzərində oyma, toxuma, tikmə və digər sənət növlərində hazırlanmış əsərlərdən ibarət 343 əl işi nümayiş olunur. Sərgi-satış 10 gün davam edəcək.