8 Dekabr 2020 10:24
4 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ədəbiyyatşünas-təniqdçi İradə Musayevanın "Məhəmməd Hadi “Molla Nəsrəddin”çi kimi" məqaləsini təqdim edir.

I məqalə

Biz həqiqətə gülürük, həqiqət bizə ağlayır.

Bu məqaləmi Məhəmməd Hadini on illərdir romantik şair kimi öyrənən və öyrədən alimlərimizə cavab olaraq yazmaq istədim. Əslində Hadinin yaradıcılığını, şeir və məqalələrini izah edib, təhlil apardıqca cavab mütəfəkkirin özü tərəfindən verilmiş olur. Onun istənilən məqaləsinin, şeirinin realizm, hətta tənqidi realizm metodu prinsipləri ilə yazıldığını sübut etmək mümkündür. Hadi özü bir reallıq, zəmanəsində səsi eşidilən, sözü ilə var olan həqiqət, realizm faktıdır. XX əsrin əvvəllərində Azərbaycanda, Türkiyədə, İranda, Rusiyada, Gürcüstanda və başqa ölkələrdə baş verən ictimai-siyasi hadisələrə satirik dillə, operativ və konkret, detallı cavab verən, reaksiya göstərən bir müəllifi necə romantizm nümayəndəsi hesab etmək olar? Ümumiyyətlə, Azərbaycanda romantizm bir cərəyan kimi formalaşıb məktəb yarada bilibmi? Bu ayrıca bir yazının mövzusudur...

Hadini xəyalpərvər, göylərlə əlləşən romantik, təxəyyül şairi hesab edənlərin (özü də Hadinin ölümündən 30-40 il sonra) bitib-tükənməyən iddiaları onu oxuculara yaxınlaşdırmaqdansa, onlardan uzaqlaşdırır. Bütün varlığı, əqidəsi, məfkurəsi, yaradıcılığı ilə həqiqət, reallıq olan şair sanki bu sözləri özü haqqında deyib:

Həqiqəti görürüz biz xəyal şəklində...

Hadi xəyal şairi, səmalar səyyahı deyil, həyat və füyuzat, feyz, rifah, reallıqda abad və tərəqqili yaşam yollarını göstərən mütəfəkkirdir ilk növbədə! “Biz həqiqətə gülürük, həqiqət bizə ağlayır”(“Təzə həyat” qəzeti, 11 avqust 1908-ci il, №184) şeirində göstərirdi ki, həqiqəti, reallığı xəyal kimi görürük, doğru yolu əziyyətli, bəlalı yoltək dərk edirik, həyat kitabının sətirləri nur, işıq ilə dolu olduğu halda millətin gözünə qaranlıq kimi görünür, başqa millətlərin gözündə, nəzərində həyat mələksifətli gənc qızlardırsa, necə olur ki, bizə qoca kişi şəklində görünür? Güllükdən, gülüstanlıqdan nur mənbəyi olan bülbüllər çıxar, bizim nigahımız isə zülmət gecələrə kəsilib. Əlində sevinc badəsi, qolunda cənnət qızı, mələyi olan səfa əhlinə bax ki, öfkəli, qızgındır. Sevinc, nəşə yerinin sakinləri həzz verən ümmətdir, bizlərə isə dünya zindan, həbsxana kimi kəsildi.

Həqiqəti görürüz biz xəyal şəklində,
Hidayəti oxuruz hər zəlal şəklində.

Süturi-nur ilə məstur ikən kitabi-həyat,
Üyuni-ümmətə çarpar zilal şəklində.

Miləl gözündə mələkçöhrədir bənati-həyat
Bizə nasıl görünür pirəzal şəklində?!..

Bu gülşən içrə çıxar sədhəzar mənbəyi-nur,
Nikahımızda kəsilmiş ləyal şəklində.

Parıldayan zəfər xaçını görəndə deyirəm ki, zavallı millət, onu yeni çıxmış ay şəklində seyr et. Vəhşilik zülmü içərisində batıb qaldıq, mədəniyyət çöhrəsində xal, ləkə kimi olduq. Söz ustaları, söz oynadanlar atəşli nəğmələr oxuyur, bəs bizi bu bağda kim lal şəklində qoydu? Günəşlər hikmətilə fayda, səmərə verdi. O minbərdəki təkəbbürlü başçıya, rəisə bax ki, nöqsanlarını kamal, ağıl əlaməti kimi anlayıb qəbul edir.

Əlində sağəri-şadi, qolunda huri-əməl,
Məsərrət əhlinə bax infıal şəklində!

Hüzuzbəxşi-üməmdir bu naşvəgahi-sürur,
Kəsildi bizlərə darülməlal şəklində.

Səlibi-şə”şəəpaşi-zəfər görəndə derəm:
Zəvali-millət seyr et hilal şəklində.

Zülamü vəhşətə məğruq olub da qaldıq, ah.
Şu çöhreyi-mədəniyyətdə xal şəklində.

Süxənvəran oxuyur atəşin təranələri,
Bizi bu bağdə kim qoydu lal şəklində?

Yetişdi, dəydi səmərlər şümusi-hikmətlə,
Bizi “müəllimimiz” qoydu kal şəklində!..

Bax ol “rəisə” ki, minbəmişini-nəxvətdir!
Görür nəvaqisin əmma kəmal şəklində.

Gördüyümüz kimi, şeirdə xeyli arxaikləşmiş sözlər, müasirlərinin belə işlətmədiyi, çox az hallarda işlənən ifadələr var. Lakin məna və ifadə tərzi, poetiklik, şeir texnikası mükəmməldir. İdeya isə reallığa çağırışdır. Qaranlığa, boş xəyallara çağırış edən minbər və o minbərlərdə xalqı yuxuya verib inkişafdan saxlayan “rəis”lər tənqid hədəfidir.

“Ədvari –təcəddüd, əşari-inqilab” (Yenilənmə dövrü və ya inqilabi şeir -“Təzə həyat” qəzeti, 06 oktyabr 1908-ci il, № 229) şeirində oyanışa, inqilaba, yenilənməyə çağırış motivləri də “Molla Nəsrəddin” jurnalının üslubuna xas şəkildə əks olunur. Göstərir ki, bütün ərzi, dünyanı inqilab bürüyüb, inqilab bir ümman kimidir, dəhşətli qorxu insanları sarıb, bütün meydanlarda inqilabdır, bütün ağızlar “inqilab” qışqırır. Güllük-gülüstanlığa inqilab boranı yağmasa, behişt asayişi olmayacaq, millətin əmniyyəti üçün də inqilab - yenilənmə lazımdır. Bəs bizdə vəziyyət necədir?

Minbərnişin millətə lay-lay çalır hənuz,
Bolğar elində yüksəlir azani-inqilab.

Yat-yat, balam! - deyir, - hələ rahət zəmanidir.
Amma doğub şümusi-dirəxşani-inqilab.

İnqilabın özü də bizə mat qalıb, onun da gözləri bizim üçün yaş axıdır (Baxdıqca ümmətin bu sükutu sümutuna,Vallahi ağlayır bizə çeşmani-inqilab).
Hadi dünyada gedən dəyişmələri, oyanışları dəqiq müşahidə edə bildiyi üçün inanırdı ki, bütün millətlər düşüncə etibarilə yenidən doğulmalı, yenidən dünyaya gəlməli, təzələnməlidir, yoxsa bu yenilənməyə qoşulmayan millətlər eləcə inqilab divanında edam hökmünə məruz qalacaq:
Нөг qövmdə bulunmasa əfkari-növzühur,
Edam edər şu milləti divani-inqilab.

Və sonda istehzalı, satirik ifadələrlə fikrini daha da qüvvətləndirir, bizim Nuh peyğəmbərin zamanından bu yana dəyişməz, tərpənməz olduğumuza işarə edərək yazır:

Ey Nuh! Açıb da çeşmini pak et qübardan.
Sən qoyduğun kimi dururuz, bax, məzardan!

Kimdən kimə şikayət edəlim?” (“Təzə həyat” qəzeti, 10 yanvar 1908-ci il, №7) şeirində də Hadi realizminin özünəməxsus cizgilərini görmək olur. Millətin bitib-tükənməyən problemlərini sadalayır və hər bir dərdin çıxış yolu qarşısında “yox” – kəlməsini yazır. Vətən qəm içində inləyir – imdad yox, aləm matəmə bürünmüş – şadlıq nişanəsi yox, məzlum xalqda istedad, qabiliyyət var - amma onu ortaya çıxarmaq, parlatmaq üçün bizdə hünər yox və s. Və Hadi romantik fəryadların, sentimental ah-ufların əleyhinə çıxaraq xəstənin (xalqın) dərdlərinə əllə toxunmaq, onu sağaltmaq tələbini ortaya atır. Xəstənin dərdinə aşina, dost olmazsansa, deməli, fəryadın boşdur, toz dənəcikləri kimi havada sovrulan bir heçdir nalən və belə fəryadların faydası yoxdur.

Xəstənin nəbzin tutub dərdaşina olmaq gərək
Yoxsa fəryadın həbadır, meyveyi –fəryad yox.

Bizim ədəbiyyatşünaslıqda hansısa ədibin adının qarşısına hər hansı bir tədqiqatçı ilk dəfə hansı ədəbi-estetik cərəyan “izm”i qoydusa (realist, romantik, simvolist, postmodernist və s.), o ad validetnlərinin qoyduğu ad kimi dəyişməz və rəsmi sənədtək möhürlənir. Yəni sonra gələn bütün tədqiqatçılar eyni prizmadan baxmağı və eyni təhlil prinsipi ilə həmin ilk adı təsdiqləməyi özünə borc bilir.

Məhəmməd Hadi haqqında ilk dəfə “Azərbaycan romantizminin banilərindən biri” ifadəsini işlədən müəllifin davamçıları da 60 ildən çoxdur ki, onu Ə.Hüseynzadə, H.Cavid, A.Səhhət, A.Şaiq ilə bir ədəbi məktəbin nümayəndəsi kimi təqdim etməkdə davam edir. Əslində isə belə deyil.

Formal əlamətlər (“Həyat”, “Füyuzat” kimi mətbu orqanlarda Ə.Hüseynzadə ilə çiyin-çiyinə fəaliyyəti və s.) M.Hadi yaradıcılığının əsl mahiyyətini (realist üslub və çox hallarda sırf “Molla Nəsrəddinçi” metodologiyası ilə yazmaq ənənəsini) görməyə imkan verməyib. Bu yanlışlıqda Hadinin dili, onun ilk oxunuşda anlaşılmaz görünən ərəb-fars kəlmələrinin bolluğu ilə və Osmanlı şivəsində “təmtəraqlı üslubla” yazması, mifik, mistik, dini, romantik anlamlı ifadələrdən çox istifadə etməsi də əsas rol oynayıb. İlahiyyat alimi, İslam dini təbliğatçısı kimi elmi-fəlsəfi görüşləri, müddəaları və tezisləri bəzən real olmayan, gözlə görünməyən və əllə tutula bilməyən qüvvələrdən bəhs etməsi də “sırf təxəyyüllə yazan şair” qənaətini ortaya qoyur.

Doğrudur, onun yaradıcılığı ilə bağlı tədqiqatlarda bəzi müəlliflər (məsələn, Ə.Mirəhmədov) “Molla Nəsrəddin”, xüsusən də M.Ə.Sabirlə müqayisəli təhlillər aparır, oxşar mətnləri və mövzuları misal göstərir, lakin sonda yenə də real həyatdan, realizmdən uzaq “xəyalpərvər romantik şair” obrazı üzərində dayanır.

Halbuki məsələn, İslam dini mövzusunu xəyalat və nağıllar aləmindən, romantik təsvir üslubundan reallığa endirən ilk şairlərdən, publisistlərdən biri, bəlkə də elə birincisi Hadi olub. İslami maarifçilik və dində islahatçılıq mövzusu, məzhəb ixtilaflarının kəskin tənqidi, Quranı cahil və nadan mollaların əlindən almaq, islam dinini bəsirət və elm gözü ilə oxumaq, dərk etmək çağırışı da ona məxsusdur. Aşağıdakı şeirdə dünyəvi elmlərin, təkcə ilahiyyatın deyil, bədən elminin (elmi-әbdan) də öyrədilməsi zərurəti vurğulanır, yalançı mollaların İslam dini adına uydurduğu “yalnız axirət (üqba) gərəkdir bizə, bu dünya lazımsızdır və insanlara bir zindani-bəladır” təlimatı kəskin tənqid olunur. Hadi üzünü onlara tutub deyir ki, dünyanı bizlərə siz zindan etdiniz, sizin kimi kəmağıllar hesabına inkişafdan qalırıq, elm, peşə sahibi ola bilmirik və s. Bütün bunların hamısını yalnız və yalnız realist düşüncə sahibi olan ədib deyə bilərdi:

Әfәndim söylәyir - minbәrdә hәr an:
“Bizә lazım deyildir elmi-әbdan.

Deyir:-“Üqba gәrәk, dünya fәnadır,
Cәhan islamә zindani-bәladır”.

Siz etdiz bizlәrә dünyanı zindan,
Yıxılsın xanәniz, ey kәmşüuran!

Sәnaye rahını kәsdiz hәmişә,
Dediz lazım deyil islamә pişә.

Sәnaye nolduğundan bixәbәrsiz,
Hәqiqәt, meyvәsiz, bәrsiz şәcәrsiz.

Ağac bom-boş olursa kәmbәhadır,
Kәsib yandırmağa ancaq sәzadır.

(“Həyat” qəzeti, 1 sentyabr 1906-cı il, № 193)

Bir çox şeir və məqalələrində eyni realist yanaşma ilə islam dini fəlsəfəsinə söykənərək İslam dini təlqinini, təlimini təhrif edənləri tənqid edir. İnsanları dindən uzaqlaşdıran, İslamdan döndərən cahil moizəçilərə “Görün, eşidin, qanın! – yoxsa din də, elm də bərbad olacaq” – xəbərdarlığını edən Hadi başqa bir şeirində (“Əlvida, yaxud acı bir iqrar”-“Füyuzat” jurnalı,
1 noyabr 1907-ci il, № 32) deyir ki, nursuz gözlər işığın düşmənidir, düşməni-ənvardır, yarasa kimidir. Çünki yarasanın gözündə də Günəş nifrətəlayiq bir məfhumdur. Göz görmədi, qulaq eşitmədi, fikirlərsə qaranlıq və gizlidir, bax o zaman demək ki, biz İslamı tərk edib ondan üz çevirdik:

Düşməni-ənvar olur ol çeşm kim, binurdur,
Nəzreyi-xəffaşda, əlbət, günəş mənfurdur,

Didə görməz, guş eşitməz, fikrimiz məsturdur,
Qəti-ümmid eylədik biz doğrusu islamdan.

8 dekabr 1906-cı ildə “Fyuzat” jurnalında (№4) çap olunmuş və sonralar “Firdovsi-ilhamat” kitabına daxil edilmiş “Hissiyati-madəranə” şeirində qadın və elm məsələsini ortaya atır. Millətin cisminin şəfası, ruhunun dəvası, günəşli sabahları və feyzi elmlə bağlayır. Elmi isə sözsüz ki, ilk növbədə qadınlar, analar kəsb etməlidir – deyir:

Nə zaman kəsbi-ülum etsə nisa,
Cismi-millət tapacaq onda şəfa.

Elmlə ruha müdavat olunur,
Elmlə kəsbi-fuyuzat olunur.

Elmdir şəmsi-səhabi-əzəli,
Elm tənvir edər afaqi-dili

Həmin dövrdə bir çox realist maarifçilər kimi Hadi də millətin, ümumən türk və İslam dünyasının qlobal problemlərini qaldırır və konkret faktlar üzərində dayanırdı. Məsələn, o da hər vəchlə Rusiyanın anti-islam siyasətinə qarşı çıxır, xalqı ayıltmağa çalışırdı.

O, təkcə Azərbaycanın deyil, Türk və İslam dünyasının ictimai-siyasi, sosial-mədəni inkişafındakı əngəlləri qabardırdı. Həm məqalələrində, həm də şeirlərində. Onun 1911-ci ildə “Tənin” qəzetində (31 mart, № 938 ) çap etdirdiyi “Rusiyada mətbuat” adlı məqaləsinin tezisləri İ.Qaspıralının 1884-cü ildə yazdığı “Rusiyada mətbuat və islam nəşrləri” adlı məqaləsinin (“Tərcüman”, № 1) tezisləri ilə üst-üstə düşür. Məqalələr arasında xeyli zaman fərqi olsa da, İsmail Qaspiralı ilə eyni narahatlığı bölüşən Hadi mətbuat, qəzet, jurnal, kitab çapı sahəsində başqa xalqlarla müqayisədə çox geridə qalan müsəlmanlara Rusiyada şərait yaradılmadığını xatırladır.

Hadinin dinlə, elm və təhsil, məktəb, demokratiya, modern dünyaya inteqrasiya siyasəti ilə bağlı məfkurə kordinatları M.F.Axundov ədəbi-bədii baxışlarındakı mühüm məqamlarla üst-üstə düşür. Lakin M.F.Axundova “romantik” deyən tədqiqatçı yoxdur. Hadi yaradıcılığından danışılanda “Molla Nəsrəddin” və ümumən bu jurnalın əməkdaşları ilə müqayisələr, paralellər aparılır. O qədər oxşarlıqlar və bəzən də eyniyyətlər müqabilində yenə də “Molla Nəsrəddin”ə və onun əməkdaşlarına “romantik üslub” yarlığı yaxın buraxılmır, Hadiyə isə “realist” deyilmir.

Onu da qeyd edək ki, Hadinin əsərlərinin nəşr olunduğu mətbuat orqanlarında daha çox realistlər, bəzən də tənqidi realizm nümayəndələrinin əsərləri çap olunurdu. Məsələn, “Həyat” (1905-1906-cı illər) qəzetində (rеdaktоrları Əlibəy Hüsеynzadə və Əhmədbəy Ağayеv, naşiri isə Əlimərdanbəy Tоpçubaşоv idi) Hadi ilə yanaşı H.Zərdabi, M.Ə.Sabir, N.Nərimanоv, N.Vəzirоv, F.Köçərli, S.M.Qənizadə, A.Sur kimi müəlliflərin də imzasını tez-tez görmək olurdu.

“Dəbistan” (1906-1908-ci illər) jurnalının müəllifləri də M.Ə.Sabir, A.Səhhət, H.Zərdabi, M.Hadi, F.Köçərli, A.Şaiq, S.M.Qənizadə, A.Divanbəyоğlu, R.Əfəndizadə və başqaları idi.

Həştərxanda müəyyən fasilələrlə nəşr оlunan “Bürhani-tərəqqi”də isə (1906-1911-ci ilər) N.Nərimanоv habеlə, M.Ə.Sabir, M.Hadi və başqalarının da bəzi əsərləri çap оlunmuşdur.
M.Hadi ilk dəfə “Həyat” qəzeti, sonralar isə müxtəlif mətbuat orqanları, o cümlədən “Füyuzat” jurnalı, “İrşad”, “Təkamül”, “Yoldaş”, “Təzə həyat”, “Tərəqqi”, “İttifaq” və “Səda” qəzetləri ilə əməkdaşlıq etmişdir. Bu mətbu orqanlarda onun şeirləri, hekayə, məqalə və tərcümə əsərləri dərc etdirmişdir.

Hadinin mövzuları eynilə “Molla Nəsrəddin” mövzuları idi. Çar Rusiyasından, İran və Türkiyə despotlarından, erməni-azərbaycanlı münaqişəsindən, duma oyunlarından, qadın problemindən, inqilabi yenilənmələrdən, məktəb, elm və təhsildən, ədəbi dildən, dini həqiqət yolu ilə mənimsətmə islahatlarından eyni yanğı ilə yazırdılar. Hadini “Molla Nəsrəddin”çilər, xüsusən də M.Ə.Sabir dilinin qəlizliyinə görə qınayırdısa, elə öz zamanında “Molla Nəsrəddin”i də ərəb-fars kəlmələrindən aşırı dərəcədə çox istifadəsinə görə başqaları qınayırdı.

Sabir və Hadi eyni zamanın (XIX əsrin sonu, XX əsrin əvvəli) və eyni məkanın (Şamaxı) yetirməsi idi, ortaq ziyalı dostları(A.Səhhət. A.Şaiq və başqaları) çox idi. İctimai dərdləri, cəmiyyət, millət, azadlıq ideyaları da eyni idi. Satirik üslubda yazma prinsipləri, janr seçimləri də oxşar idi. Bəs niyə Sabir bir cərəyanın, Hadi isə başqa bir cərəyanın nümayəndəsi kimi təqdim olunur?

Sabirin şeirlərinin motivi, ana kəlmələri, yəni daima vurğuladığı ifadələrin çoxmənalı çalarları ilə Hadi poeziyasında da qarşılaşırıq. Xeyli sayda misallar demək olar. Məsələn, “daş qəlblilik”, “daşa dönmüşlük” motivi hər iki şairdə eyni məna çaları, eyni məntiqi vurğu məqamında birləşir. Sabir “Daş qəlbli insanları neylərdin, ilahi?!” – deyirdi.

Hadi oxumaq, xaricdə təhsil almaq arzusu ilə alışıb-yanarkən qohumlardan, dostlardan xahişlər edir, onu anlayan, kömək edən olmur. Bu arzusu ilə bağlı fəryadı eşidilmir, duasının bir zərrəsi də qəbul edilmir. Bəlkə onun fəğanını dağ eşitsə, əks-səda verərdi, lakin qəlbi daşa dönmüşlərə bu fəryad heç çatmır. “Cəhalətimdən şikayət”(“Füyuzat” jurnalı, 8 sentyabr 1907-ci il, № 26) şeirində həmin “daşqəlbliləri” nəzərdə tutub deyir:

Oxumaqçün nə qədər dadü fəğan etdimsə,

Olmadı zerrə əsərbəxş şu istimdadım.

Dağa dersən eşidir, sonra verir əksi-seda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

“Təranəyi-əhraranə” (“İrşad” qəzeti, 11-18 yanvar 1909-cu il, № 9) adlı şeirində “Daş olmuşmu məgər qəlbin, yetər, bu zülmdən ar et! Yetər məxluqə bunca etisafü zülmü azar et!” – deyir. Və bu cür müraciət, təsvir, obraz cizgiləri ilə hər iki şair (Hadi və Sabir) eyni portreti - zamanın zalım, daşqəlbli imtiyazlılar portretini yaradır.

“Arizi-qəmlər əlindən ürəyi şişən” Sabirin kədərli bioqrafiyasında Hadinin “tərcümeyi-halımı yazmağa acizəm, o qədər kədərli, təlx taleyin bioqrafiyası yazılmaz!” – nisgili də oxunur, ya da əksinə:

Acizəm tərcümeyi-halimi təhrirə, səbəb?
Doludur təlx həqaiqlə dili-naşadım.

Ey Hadiyi-qəmdidə! De şu bülbüli-zarə:
Cəh-cəh deyib axır düşər ağuşi-məzarə.

Sabirin “arizi-qəmlər”dən şişən ürəyi (Arizi qəmlər əlindən ürəyim şişmiş idi, Zənn edirdim edəcəkdir ona çarə ciyərim, Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən Başladı şişməyə indi üzü qarə ciyərim...) Hadinin “hüzni-ümumidәn” (millətin hüznündən) al qana dönmüş ürəyi ilə eyni cür döyünürdü, eyni cür yanırdı:

Ürәk al qanә dönmüş, Hadiya, hüzni-ümumidәn,
Bu hüznü bәxş edәn kimdir dilü vicdanә, bilmәm ki?

Nәsibi xuni-dildir bu fәna mülkündә әhrarın.
Әcayib bir müәmmamı bu tilsimxanә, bilmәm ki?
(“Təranəyi-qəmpərvəranə” – “Füyuzat” jurnalı, 13 noyabr 1906-cı il, № 2)

1911-ci ildə S.Mümtaz Sabirdən müsahibə alarkən onun “Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?” – sualına Sabir “Ziya Paşa ilə Namiq Kamal bəyi” – deyə cavab vermişdi. Müsahibinin “Tofiq Fikrəti bəyənirsiniz, düzdürmü?” – sualını isə belə cavablandırmışdı: “Siz, Osmanlı şairlərini soruşdunuz, mən də fikrimi dedim. Fikrət ərəb şairidir. Bu adda türk şairi yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız. Yaxşısını o bilər”.

Aydın məsələdir ki, Sabir bu məqamda da türk şairi Tofiq Fikrəti, “Füyuzat”çıları, Ə.Hüseynzadə və Hadini çətin dildə yazdığı üçün qınayırdı. Öz zamanında belə çətin anlaşılan, ərəb-fars kəlmələri ilə dolu olan mətnlər müəllifləri üçün problemə çevrilirdi. Zaman keçdikcə daha çox anlaşılmaz olurdular.

Hadinin ərəb-fars leksikası özündən əsrlərcə əvvəl yaşamış İ.Nəsimi, M.Füzuli dilinin lüğətindəki ərəb-fars kəlmələrindən daha qəlizdir. Bu gün Nəsiminin və Füzulinin anadilli şeirlərini elə o yad ifadələrlə birlikdə daha asan anlamaq olur, nəinki Hadini... Bu hal eynilə Ə.Hüseynzadəyə də aiddir.

Onun dünyagörüşü və dilinin qəlizliyi haqqında akademik Ə.Mirəhmədov 1962-ci ildə nəşr etdirdiyi “Məhəmməd Hadi” adlı kitabında yazırdı: “O bir tərəfdən maarifdən, tərəqqidən danışır, o biri tərəfdən isə görüşlərini islam dininin hökmləri, Quran ayələri əsasında izaha çalışır. O, bir tərəfdən xalqa xidmət arzusundadır, demokratik meyllərlə yaşayır, o biri tərəfdən isə şeir və məqalələrini geniş oxucu kütlələrinin anlaya bilmədiyi çətin, ağır bir dildə yazır; bir tərəfdən çarın siyasi hiylə kimi əl atdığı duma siyasətini alqışlayır, o biri tərəfdən isə çarizmə və burjua-mülkədar quruluşu əleyhinə çıxan milli azadlıq hərəkatına rəğbət bəsləyir, çar istibdadını lənətləyirdi”. (Əziz Mirəhmədov. Məhəmməd Hadi. Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatı, Bakı, 1962, s.18.)

Ə.Mirəhmədov Hadinin “dil bədbəxtliyini” eləcə də “zərərli romantizm”ə meyllənməsini birmənalı şəkildə Ə.Hüseynzadənin ideoloji mübarizə xəttində, türkçülük siyasətində və onun bu məqsədlə nəşr etdiyi “Həyat”, “Füyuzat” mətbu orqanlarında görürdü. Hadinin “Füyuzat”da işə başlamasını belə qiymətləndirirdi: “Bu, şairin bütün həyatı boyu buraxdığı ən ciddi səhvlərdən biri olub, ona çox baha başa gəldi. Füyuzatçıların Hadiyə bir çox cəhətdən zərərli təsiri oldu”. (s.29)

Müəllifin qənaətinə görə siyasət, ədəbiyyat və dil məsələsində mürtəce mövqe tutan, milli muxtariyyatın əleyhinə olan, Azərbaycan və eləcə də Türkiyəni də uçuruma aparan “panislamist” və “pantürkist” ideyalarla silahlanan “Füyuzat”ın Hadiyə mənfi təsiri ilk növbədə onun ideya istiqamətinin dəyişməsi ilə əlaqəli oldu.

Ə.Mirəhmədov qeyd edirdi ki, Hadi başqa ədəbi mühitə düşsə idi, ədəbi taleyi belə acınacaqlı olmazdı. “Ə.Hüseynzadə və Ə.Kamal gənc, istedadlı, filosof təbiətli şairin yaradıcılığında və təbiətində olan müsbət cəhətləri inkişaf etdirmək bir yana, Hadini əvvəlkindən də gərgin, böhranlı bir vəziyyətə saldılar: onun həm ideya, bədii zövq cəhətindən, həm də həyat tərzi etibarilə düzgün , aydın bir yol tutmasına çox ciddi əngəl oldular”. (s.30)

Ə.Hüseynzadə haqqında yazırdı: “...nizamilər, füzulilər, axundovlar yetirmiş Azərbaycan ədəbiyyatının müstəqilliyini inkar edirdi. Dil sahəsində də eyni yolla gedən pantürkist yazıçı Azərbaycan dilini gözdən salmağa çalışır, ədəbi dil olaraq türk dilini qəbul etməyi təklif edirdi”. “Türkiyədən gəlmiş siyasi fırıldaqçı, dekadent şair Əhməd Kamal da bütün bu məsələlərdə Ə.Hüseynzadə ilə bir mövqedə dayanırdı”. (s.31)

Hadi əsərlərində dövrünün bütün ictimai-siyasi proseslərinə realistcəsinə, operativ şəkildə, qaynar nöqtələrin canlı şahidi kimi reaksiya verirdi. Bəzən eyni məsələyə iki fərqli münasibət sərgiləyirdi. Amma eyni zamanda yox. Ümidi doğrulmayanda açıq və aşkar şəkildə peşmanlığını və yanıldığını etiraf etmək dərəcəsində dürüst, realist idi. Məsələn, 1907-ci ildə “Füyuzat”da Dumanı təbrik edib onu alqışlayan şair iki ay sonra bolşevik mətbu orqanı olan “Yoldaş” qəzetində “Camaata ithaf” (“Dad istibdaddan”) şeirini çap etdirir:

Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,
Olduq əsiri pənceyi-qəhrü müsibətin!

Hər səmtdən atılmadadır tiri cangüdaz,
Yoxdur önün alan bu xədəngi-fəlakətin. (“Yoldaş” qəzeti 1907-ci il, №1 )

C.Məmmədquluzadənin “Niyə məni döyürsünüz?” məqaləsi, Sabirin “Nə yazım?” satirası və “Molla Nəsrəddin” jurnalının bu cür suallarla dolu olan digər şeir və məqalələri Hadi sualları ilə eyni mahiyyəti bölüşürdü:

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram!

Hələ mən dörddə birin yazmayıram, karına bax,
Üstümə gündə söyürsən bu qədər, arına bax,

Özün insaf elə, əfkarına, ətvarına bax!
Istəmirsən yazam? Öz eybli kirdarına bax!
(Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, “Turan” nəşrlər evi, 2002. s. 207)

Hadi “İrşad” qəzetinin 7 iyun 1907-ci il (№106) sayında “Molla Nəsrəddinə” adlı şeirini yazır. Şeirdə “a Molla” müraciəti ilə həmin dövr üçün aktual olan problem mövzuların tezisləri sadalanır və sonda hürriyyət sevdasının puçluğundan söz açılır:

Hürriyyəti sil lövheyi-fikrindən, a Molla!
Bunlara danış vadiyi-zülmətdən, a Molla!

Sabir Hadinin bir neçə şeirinə (“Rəhgüzari-mətbuatdə bir şükufеyi-məarif”, “İstiqbalımız parlaqdır”) nəzirə və ya cavab (“Çоcuq”, “İstiqbalımız lağlağıdır”) yazıb, bəzi məqamlarda isə qarşı tərəfə onun şeiri ilə cavab verib. Məsələn, Səmərqənddə “Tərbiyət” mədrəsinin qapanması ilə əlaqədar yazdığı məqalədə məktəbin əhəmiyyətini anlatmaq üçün Hadinin bu barədə yazdığı “Məktəb şərqisi” (“Dəbistan” jurnalı, 17 avqust 1906-cı il, №9) şeirindən bir parçanı məqaləsinə əlavə edir:

Məktəblə qılar növi-bəşər dəfi-bəlaya,
Məktəblə çıxar zahirə əsrari-xəfaya,

Məktəblə yaşar rahatü məsud rəaya.
Еylər qələmim şu sözü təkrar vəsaya

Darülədəbin bilməliyiz qədrini, millət,
Göstərməli İkmalına оlduqca həmiyyət.

Hadi iki dəfə erməni-azərbaycanlı davasının şahidi olub. 1905-ci və 1918-ci il mart qırğınının. Digər realistlərin, xüsusən də “Molla Nəsrəddin” müəlliflərinin (Ə.Qəmküsar, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.S.Ordubadi və b.) bu məsələyə münasibəti ilə üst-üstə düşən mülahizələrini konkret faktla yazır və izah edirdi. “Həyat” qəzetinin 9 aprel 1906-cı il ( № 77 ) tarixli sayında “Kürdəmirdən” adlı yazısı çap olunur. Məlum olur ki, Kürdəmir stansiyasında axtarış zamanı erməni keşişindən silah-sursat müsadirə edilmişdir. Həmişəki kimi müsəlmanlarla dinc şəraitində yaşayacaqlarına söz vermiş ermənilər yenə də təxribat və fitnə-fəsadla məşğuldur.

Keşiş insanları düz yola yönəltməkdənsə, özü suyu bulandırır. Aranı qarışdırır. Şamaxının erməni kəndlərinə gizli yollarla silah daşıyır və bu işdə ona Göyçayın naçalniki yardım edir. “Zəbt olunanlar bunlardır: Beşaçılan, mauzer tüfənginin patronu - 29 ədəd, qundaqsız berdanqa – 1 ədəd, mauzer tüfəngi qundaqsız – 2 ədəd, papaqda gizlədilmiş əlavə patron – 9 ədəd, arxalıqda gizlədilmiş ağacsız berqanda, 1 ədəd gözəl xəncər, barıt- 6 funt. Həmin əşyayai-mərqumə furqonda gedərkən bir nəfər cavan vəqti ilə xəbərdar olaraq strajniklərə əxbari- keyfiyyət edər, qazağlar isə zəbt edərək divana təslim edərlər və on kişi də dərdəst olunaraq həbs edilir”.

Hadinin bir çox şeirlərini və məqalələrini oxuyanda onun “Fyuzat”da deyil, “Molla Nəsriddin” redaksiyasında nəşrə imzalandığını təsəvvür edirik.

Ardı var.

M.Hadi, M.Ə.Sabir və Ə.T.Əfəndizadə

Müəllif: İradə Musayeva

Oxşar xəbərlər