25 Oktyabr 2014 16:10
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

İxtisasca psixoloq olan, illər öncə klip rejissoru kimi tanınan Ülviyyə Könülün arzularından biri film çəkmək idi.

O deyir ki, bu sənətə klip çəkmək arzusu ilə gəlməyib: “Əlbəttə, heç vaxt demərəm ki, klip çəkməyi sevmirəm. Sevirəm, çünki bu mənim işimdir, çörək ağacımdır. Mən klipləri çəkə-çəkə yüksəldim. Amma sənətə film çəkmək arzusu ilə gəlmişdim. Film çəkmək istəyəndə hələ klip bazarı formalaşmamışdı. Tələbat yarandı və meydanda olduğumdan klip çəkmək mənim üzərimə də düşdü”.

Onun ilk filmi 1996-cı ildə çəkdiyi “Beşmərtəbəli binanın altıncı mərtəbəsi” olmuşdu. Ü.Könül Elxan Cəfərov, Aqil M. Quliyevlə birgə yazdıqları ssenari ilə çəkilən filmdən yalnız 10 il sonra yenidən bu sahəyə qayıda bildi. Belə ki, Röya Ayxanın baş rolu ifa etdiyi “İstanbul tətili” filmini Ülviyyə Könül 2007-ci ildə təhvil verdi. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi rejissora “Vəkil hanı?” tammetrajlı filmini çəkməyi həvalə etdi. Film çəkildi, premyerası baş tutdu. Amma uzun müddətdir ki, Ülviyyə Könüldən səs-soraq çıxmırdı, mediadan da qaçırdı. Ötən günlərdən birində onu Tünzalə Ağayevanın klip təqdimatında gördük, fürsəti əldən qaçırmayıb, ona iki-üç sual ünvanladıq.

- Ülviyyə xanım, neçə vaxtdır görünmürsünüz? Necəsiniz?
- Sağ olun, yaxşıyam. İşlər də yaxşı gedir.

- Sonuncu dəfə “Vəkil hanı” filmini çəkdiniz, ardınca qısa müddətdə “Sirr” serialında işlədiniz və sonra Sizdən xəbər-ətər gəlmədi. Hətta xəstələndiyiniz barədə də mətbuatda xəbərlər çıxdı...
- “Vəkil hanı”dan sonra film çəkməmişəm. Yalnız “Sirr” serialında bir müddət çalışdım. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin yerli turizmin inkişafına yönəlmiş silsilə verilişlərin çəkilişi ilə məşğulam.

- “Vəkil hanı” Sizin üçün düşərli oldumu? Gözlənilirdi ki, Sizə yeni film həvalə olunacaq.
- “Vəkil hanı” uğurlu layihə və uğurlu bir film oldu. Amma “Azərbaycanfilm” kinostudiyasının istehsalı və onun məhsulu olan bu film kifayət qədər reklam olunmadı. Hətta kinostudiya ilə danışıqlar aparmışdım ki, film televiziyalarda nümayiş olunsun. Film komediya olduğundan televiziyalar onu bayramqabağı efirdə göstərmək üçün mənə müraciət etmişdilər. Belə baxanda filmi çox az insanlar görmüş oldu. Öz tanışlarım, dostlarım və premyerada olan bir qisim insan. Ona görə də özümü Azərbaycan kinosunda görmürəm. Çünki dediyim məsələ rejissor üçün çox böyük problemdir. Yəni rejissorun çəkdiyi film onun məhsulu, onun balası kimidir. Məhsulu ortaya çıxartmışıq, amma o, kimsəyə lazım deyil.

- Kino ictimaiyyəti “Vəkil hanı?” filmini kommersiya cəhətdən uğurlu iş kimi qəbul edir. Və hesab edir ki, film gəlir qazandıra bilər.
- Amma kinoteatrda göstərilmir. Özünüz görürsünüz. Televiziyada reklam olunsaydı, tamaşaçılar bundan xəbər tutardı. Həmçinin kommersiya baxımından filmin disk satışını da həyata keçirmək olardı. Bununla filmin varlığı haqqında geniş kütlə məlumatlandırılardı.

- Sizinlə eyni vaxtda Elxan Cəfərov da kinoya gəldi. “Əlavə təsir”, “Dolu” filmini çəkdi, hazırda da “Əsgərin şücaəti” filmi üzərində işləyir. Onun kinoda imkanlarını və potensialını necə qiymətləndirirsiniz?
- Onun kino yaradıcılığını çox yüksək qiymətləndirirəm. Ümumiyyətlə, Elxan mənim ən sevimli kolleqalarımdan biridir. Çünki yüksək mədəniyyətə sahibdir. Ondan əlavə Elxan professionaldır. Doğrudur, ona daha çox müharibə janrlı filmləri çəkməyi həvalə edirlər. Düzünü desəm, özü də artıq bezib. Elə bu yaxınlarda “Gələrsən, görərsən” verilişimin çəkilişləri ilə əlaqədar Gəncədə idik. Elxanın çəkiliş qrupu ilə bir oteldə qalırdıq. Filmin çəkiliş meydançasında da olduq, reportaj hazırladıq. Elxan özü dedi ki, mən artıq batalistəm. Özüm də artıq yorulmuşam, fərqli janrda film çəkmək istəyirəm. Amma müharibə filmi onda uğurlu alınır. Üstəlik də Qarabağ müharibəsi ilə bağlı filmlərin çəkilməsi Azərbaycan üçün çox vacibdir. Mütləq belə filmlər çəkilməli, həm Azərbaycanda, həm də xaricdə təbliğ olunmalıdır. Amma yenə də deyirəm, heç onun çəkdiyi filmləri də geniş ictimaiyyət görməyib. “Dolu” müharibə mövzusunda olduğu üçün nisbətən daha çox reklam və nümayiş edildi. “Vəkil hanı?” komediyadır, yumor üzərində qurulub. Ona görə yiyəsiz uşaq kimi onunla heç kim məşğul olmadı.

- Amma, deyəsən, film aktyorlara düşərli oldu. Məsələn, Bəhruz Vaqifoğlu “Vəkil hanı?” filmindən sonra xeyli uğurlar əldə etdi...
- Bəli, Bəhruz üçün çox düşərli oldu. Bir dəfə Bəhruz “Facebook” da yazdı ki, Ülviyyə xanım sizin əliniz mənə düşərli olub. “Vəkil hanı?”dan sonra o, bir-birinin ardınca filmlərə çəkildi. Onlar arasında festivallarda uğur qazanan filmlər də var idi. Bərhuz çox istedadlı aktyordur. Onun xətrini çox istəyirəm və “Vəkil hanı?” filmindən sonra uğurlu kino karyerasının başlanmasına görə sevinirəm. Necə ki, teatr üçün Bəxtiyar Xanızadə onu kəşf edib, mən də onu kino üçün kəşf etmişəm.

- Ülviyyə xanım, siz bir müddət “Sirr” serialında rejissor kimi çalışdınız. Ümumiyyətlə, serial sektorunda olan çatışmazlıqlar çox gözə dəyir. Sizcə, problem və çatızmazlıq nədədir?
- Ən ciddi problem maddi vəsaitin azlığındadır. Kifayət qədər maliyyə ayrılmadığına görə zövqü, peşəkarlığı, istedadı olan insanları bu sektora cəlb edə bilmirlər. Televiziyalar, prodakşnlar məcbur olub kiminlə gəldi, hətta küçədən keçənlə də əməkdaşlıq edib serial çəkirlər. Bütün problem bundadır.

- Sizin də “Sirr”dən ayrılmağınıza səbəb maddi vəsait olub?
- Xeyr. İstədiyim qonorarı serialın istehsalçısı “SOY” prodakşn mənə verib. Sadəcə, serial işi çox gərgin işdir. Ona görə uzaqlaşmışam.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər