Jurnalist, kinorejissor Vahid Mustafayev yeni film çəkib.
Vahid Mustafayev Teleqraf.com-a açıqlamasında deyib ki, bu film qardaşı, Milli Qəhrəman Çingiz Mustafayev yox, əmisi Çingiz Mustafayev haqqındadır: "Film martın 30-da təqdim ediləcək. Atamın böyük qardaşı, əmim Çingiz Mustafayev həmfikirləri ilə 1942-ci ildə cəmiyyət yaratmışdı. Cəmiyyət Azərbaycanın müstəqilliyi uğrunda Məmməd Əmin Rəsulzadənin ideyaları ətrafında birləşmiş gənclərdən ibarət idi.
Sonra cəmiyyətin üzvləri repressiyaya məruz qaldılar. Film bu hadisədən bəhs edir. Yarıbədii, yarısənədli filmdir.
Bilmək lazımdır ki, Azərbaycanın müstəqilliyi uğrunda yalnız 1988-ci ildə mübarizəyə başlamamışıq. Qızıl Ordu Azərbaycana daxil olan gündən imperiyaya qarşı müstəqillik uğrunda dayanmadan döyüşlər davam edib.
1953-cü ildə də bir təşkilat yaranmışdı. Təşkilat üzvləri Qız Qalasının üstündə müstəqil bayrağımızı ucaltmışdılar. Onları həbs etmək istəyəndə biri özünü aşağı atmışdı. Bu haqda da ayrıca film çəkmək istəyirəm. Görün, bizim necə gənclərimiz olub?!
Haqqında danışdığım filmin çəkilişləri bitib, artıq montaj ərəfəsindədir. Çəkilən aktyorların adını hələlik qeyd etmək istəmirəm. Təqdimatda hər şey açıqlanacaq".