28 Oktyabr 2014 11:59
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda "Qızıl Portağal" Antalya Film Festivalında "Ən yaxşı qadın aktrisa" mükafatına layiq görülən Nəsrin Cavadzadə Azərbaycan və Türkiyə barədə söylədiyi radikal fikirlərlə diqqət çəkib.

O deyib ki, Türkiyədə səni bir gündə ucalda, yarım saniyə içində isə yerə çırpa bilərlər: "Burada istədiyim kimi geyinə, arzuladığım rollarda çəkilə, siyasi fikirlərimi sərbəst ifadə edə bilmirəm. Türkiyə çətin ölkədir. Buna görə də burada hamımız özümüzə senzura qoyuruq. Gecə saat 10-dan sonra küçəyə çıxanda mənə söz atırlar". Ötən il "Tvitter" sosial şəbəkəsində paylaşdığı "Azərbaycanda Əkrəm Əylisliyə qarşı yürüdülən linç kampaniyası utancvericidir" statusu, ardınca 22 fevral 2013 tarixində ermənilərin Türkiyədəki nəşri olan "Agos" qəzetinə verdiyi geniş müsahibədə söylədiyi fikirlər həm sadə vətəndaşlar, həm də sənətçilər tərəfindən birmənalı qarşılanmayıb. Müsahibədən sitat: "Əylislinin başına gələnlər bir linç kampaniyasıdır. O, iki xalqa 70 il boyunca qardaş kimi yaşadıqlarını xatırlatmaq istədi. Əylislinin başına gələnlərin səbəbi budur".

"Çox tez "avropalaşırlar"

Xalq artisti Nurəddin Mehdixanlı hesab edir ki, azərbaycanlıların əcnəbi ölkələrdə yaşayaraq bu cür fikirlər səsləndirməsi heç də xoş hal deyil:

"Nəsrin Cavadzadə sənət meydanına yeni-yeni addım atır. Bu şəkildə referanslar edirsə, o da, yəqin millətini satıb Nobel mükafatı almaq istəyənlərin yolunu tutur. İstəməzdim ki, bizim Azərbaycandan kənarda yaşayan həmyerlilərimiz belə bir yol tutmuş olsun. Amma o ki qaldı Əkrəm Əylislinin "Daş yuxuları" ilə bağlı məsələlərə, mən o barədə fikrimi bildirmişəm. İndi də televiziyada söylədiyim fikirlərin arxasındayam. Türklər tarixin heç bir dönəmində ermənilərə qarşı soyqırımı törətməyiblər. Soyqırımı hadisəsi olubsa da, onu da ermənilər türklərə qarşı ediblər. Xristian olsaydıq, yəqin ki, bizə qarşı soyqırımı törətməzdilər. Bu gün artıq rənglər kifayət qədər açıq-aşkardır. Dünyada xristian-müsəlman savaşı gedir. Çox zaman deyirdilər ki, güc haqdadır. Amma artıq bugünkü dünya göstərir ki, haqq gücdədir. Ona görə hesab edirəm ki, "Daş yuxular" əsəri Azərbaycan türklərinə, ümumiyyətlə, türk dünyasına qarşı linç idi: türk dünyasının haqlarının tapdanması, haqlarının qəbul edilməməsi, özləri soyqırımına məruz qaldıqları halda soyqırımı törədən bir qövm kimi təqdim olunması. Tarixdən kifayət qədər xəbəri olan adamam. Nəsrin Cavadzadəni tanımıram. Amma bu günlərdə eşitdim ki, o, böyük uroloq Mirməmməd Cavadzadənin nəvəsidir, İstanbulda yaşayır. Adam İstanbulda da, Nyu-Yorkda da, Parisdə də yaşayar, amma bu, heç də o demək deyil ki, şöhrət və mükafat naminə öz millətinin düşmənlərinin yanında olasan. Yaxud haqsız olduqları halda onları müdafiə edəsən. Bizim sənətçilər ölkəmizdən kənara çıxan kimi çox tez "beynəlmiləl" olur, "avropalaşırlar". Bu, xoş olmayan mənzərədir. Fikrimcə, bir azərbaycanlı dünyanın harasında yaşamasından asılı olmayaraq millətimizin dostunu, düşmənini tanımalıdır. Bir də ki, ermənilər dünyanın harasında yaşamasından asılı olmayaraq erməni olaraq qalırlar. Və haqlı yaxud haqsız olmasından asılı olmayaraq hər zaman millətinin yanında dayanırlar. Mən də çox arzu edərdim ki, azərbaycanlılar da Azərbaycandan kənarda bu millətə, bu torpağa sədaqətli olaraq yaşayardılar, onda daha böyük dəyər və hörmət qazanardılar".

Pərvin


Müəllif:

Oxşar xəbərlər