27 Aprel 2021 19:51
3 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov kinorejissor Şeyx Əbdül Mahmudbəyovun sabiq deputat Hüseynbala Mirələmovun əsərlərinin Akademik Milli Dram Teatrının səhnəsindən yığışdırılması haqqındakı fikirlərinə münasibət bildirib.

Hüseynbala Mirələmovun müəllifi olduğu "Xəcalət" pyesi əsasında hazırlanan tamaşanın quruluşçu resjissoru Bəhram Osmanov Teleqraf.com-a açıqlamasında Əbdül Mahmudbəyova sərt reaksiya göstərib:

"Hər kəs öz işi ilə məşğul olmalıdır. Heç kim başqa idarənin rəhbərinə əmr verə bilməz! "Xəcalət" Azərbaycan teatr tarixində yeganə tamaşadır ki, festivalda qalib olub. Şeyx Əbdül Mahmudbəyov bundan ibrət götürməlidir. Biz hələ bilmirik ki, bu nə məsələdir?! Hüseynbala Mirələmovun Azərbaycan üçün gördüyü işlərin müzakirəsinə ehtiyac yoxdur.

Hər bir tamaşanın yaranış və köhnəlmə dövrü var. Teatr canlı sənətdir. Tamaşa köhnələn zaman teatr rəhbərliyi repertuardan çıxaracaq. Bunun üçün sənət adamının başqa sənət adamına əmr, məsləhət verməsi qeyri-etik normalardır.

Hüseynbala Mirələmov öz həyatını yaşayır, özü bilər necə yaşayır? Bunun kimə nə dəxli var?! Hər ikisi yaşlı adamdırlar. Mən ancaq tamaşa haqqında fikrimi bildirə bilərəm. Son on beş ildə "Xəcalət" tamaşası qədər festivallara göndərilən, xarici ölkələrdə nümayiş edilən başqa tamaşa varsa göstərsinlər?!

Hüseyn Mirələmovun "Xəcalət" pyesi əsasında hazırlanan tamaşa teatrda artıq az nümayiş olunur. "Gəncə qapıları" tamaşası çoxdandır oynanılmır. "Gəlinlik paltarı" tamaşası haqqında isə məlumatım yoxdur. Şeyx Əbdül Mahmudbəyov öz işi ilə məşğul olsun!"

Qeyd edək ki, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov mətbuata açıqlamasında Akademik Milli Dram Teatrının repertuarından Hüseynbala Mirələmovun əsərləri əsasında hazırlanan tamaşaların yığışdırılmasını tövsiyə edib.

Xatırladaq ki, Hüseynbala Mirələmovun “Xəcalət”, “Gəncə qapıları”, “Gəlinlik paltarı” əsərləri uzun illər Akademik Milli Dram Teatrın səhnəsində tamaşaya qoyulub.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər