Teatrın direktoru: "Teatr xadimi universal biliyə malik olmalıdır"
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Yuğ Dövlət Teatrında olub. Teatrdan qəzetimizə verilən məlumata görə, nazir M.F.Axundzadənin komediyaları və "Kəmalüddövlə məktubları" traktatı əsasında hazırlanmış "Naməlum Axundzadə" tamaşasına baxıb. Tamaşadan sonra Ə.Qarayev kollektivlə söhbət edib, tamaşa barəsində və ümumiyyətlə, Yuğ Teatrı haqqında fikirlərini bildirib.
Onun sözlərinə görə, sözügedən teatrın Azərbaycan teatr məkanında yeri, teatrın yaradıcılıq axtarışları yüksək qiymətləndirilməlidir. O, həmçinin Yuğ Teatrını qoruyub-saxlamağın, burada gedən yaradıcılıq prosesinin stimullaşdırılmasının vacibliyini vurğulayıb. Nazir teatrın daha geniş arealda tanınması, beynəlxalq festivallarda və qastrol səfərlərində ölkəmizi təmsil etməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin həmişə köməyə hazır olduğunu bildirib. Ə.Qarayev həmçinin teatrın maddi-texniki bazasının, işıq və səs avadanlıqlarının təkmilləşdirilməsinin mühüm bir məsələ kimi gündəmdə olduğunu qeyd edib.
Yuğ Teatrının rejissoru Gümrah Ömərin quruluşunda hazırlanan "Naməlum Axundzadə" tamaşasını klassik irsə müasir yanaşma nöqteyi-nəzərindən yüksək qiymətləndirən nazir teatrın repertuar siyasəti, tamaşaların nümayişi, reklam-təbliğat işlərinin aparılması və s. məsələlərlə bağlı məsləhətlərini verib.
"Yaşlı nəsil öz gücünü itirməyib"
Qeyd edək ki, Yuğ Teatrı Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən 1989-cu ildə Akademik Milli Dram Teatrının nəzdində teatr studiyası kimi fəaliyyətə başlayıb. Teatr 1992-ci ildə dövlət statusu adını alıb.
Teatrın hazırkı durumu ilə bağlı suallarımızı direktor Tərlan Rəsulov cavablandırıb: "Hazırda teatrda işlər həmişəki kimi gedir. Vaqif müəllim iş prinsipini, təşkilati strukturu elə qurmuşdu ki, istənilən halda - onunla, ya onsuz - teatrın işləri sahmanında gedə bilsin. Bilirsiniz, yalnız Yuğ Teatrı deyil, bütövlükdə Azərbaycan teatrı Vaqif müəllimin bu dünyadan köçməsi ilə çox şey itirdi. Deyirlər, əvəzedilməz insan yoxdur, amma elə insanlar var, onlar, doğrudan da, əvəzedilməzdir. Vaqif müəllim də belə nadir insanlardan idi. Teatrımız içi mən qarışıq gözəl məsləhətçisini itirdi, mən şəxsən müəllimimi, dostumu, qardaşımı itirdim. O, əsl qurucu idi. Əsl qurucu, təşkilatçı, rəhbər o insandır ki, qurduğu struktur, sistem onun birbaşa nəzarəti olmadan da işləyə bilsin. Vaqif müəllim hər şeyi hərtərəfli düşünmüşdü. Bunun nəticəsidir ki, bu gün - Vaqif İbrahimoğlunun yoxluğunda teatr yaradıcı təsisat kimi öz işini tam gücü ilə davam etdirə bilir. Ustadımız özü də tez-tez belə bir ifadəni işlədərdi: "Nə mutlu o şəxsə ki, özündən sonra yolunu davam etdirəcək tələbələri, yetişdirmələri var". Hazırda zəngin yaradıcı potensiala məxsus olan kifayət qədər gənclərimiz var. Yaşlı nəsil də öz gücünü itirməyib. Sadəcə, Vaqif müəllim fiziki olaraq aramızda yoxdur. Çox vaxt hamımız elə bir məqama çatırıq ki, onun məsləhətinə ehtiyacımız olur. O məsələləri ki Vaqif müəllimlə müzakirə edərdik və onların həlli bizim üçün su içimi qədər asan başa gələrdi. İndi həmin problem üzərində günlərlə düşünməli oluruq. Bizi düzgün istiqamətə yönəldən, yanlışlardan sapındıran ustadımızı itirdik. Vaqif müəllim öz yaradıcılığı, fəaliyyəti ilə sübut edirdi ki, teatr xadimi təkcə tamaşa hazırlayan rejissor deyil, o bütün sahələrdə universal biliyə malik, hər hansı məsələ ilə bağlı konkret fikir söyləməyi bacaran insan olmalıdır. Hər birimiz yaradıcı proses zamanı, müəyyən sənət mübahisələri, müzakirələr vaxtı istər-istəməz Vaqif müəllimi yada salırıq".
"Yuğ" ruhi hala çox önəm verir"
Onun sözlərinə görə, teatr istənilən əsəri səhnələşdirə bilməz: "Teatrımızın poetikası Vaqif müəllim tərəfindən tərtib edilmişdi. Cəsarətlə deyə bilərəm ki, bu, dünyada analoqu olmayan üslubdur, teatr poetikasıdır. Bu poetikanın adını Vaqif müəllim vaxtilə "Psixosof" poetikası qoymuşdu. "Psixosof" poetikası Stanislavski sistemindən köklü surətdə fərqlənir. İstinad etdiyi poetikanın adından da göründüyü kimi, "Yuğ" yaradıcılığında ruhi kontakta, ruhi hala çox böyük önəm verir. Ona görə biz istənilən əsəri oynaya bilərik. Sadəcə bu, rejissorun hansı əsərdən təsirlənib və onunla nəyi demək istəməsi, ona şəxsi yanaşmasından asılıdır. Hərdən elə olur ki, rejissor öz sənət düşüncəsinə uyğun olan hansısa müəllifin əsərinə müraciət etmək istəyir. Bunu heç kim heç vaxt qadağan etmir. Tamaşalar rejissorların nə demək, nə istəmək arzusundan və teatrın repertuar siyasətindən yaranır. Repertuar teatrın simasıdır, bədii-estetik səviyyəsinin başlıca göstəricisidir. Biz həm klassik və müasir dünya dramaturgiyasını, həm milli dramaturgiyamızı, eləcə də, digər xalqların dramaturji nümunələrini əsas götürürük. Burada yaradıcı heyətin potensial imkanlarını nəzərə almaqla və truppada olan aktyorların bədii özünüifadəsi üçün şərait yaradan repertuar müəyyən etməyə çalışırıq. "Yuğ" un repertuarında teatrın kredosuna, amalına, poetikasına məhrəmlik duyulur".
"Bu, nazirliyin səlahiyyətindədir"
Qeyd edək ki, Vaqif İbrahimoğludan sonra teatra baş rejissor təyin olunmayıb. Direktor isə bildirir ki, hər hansı dövlət teatrına baş rejissorun təyin olunması Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətində olan bir məsələdir: "Nazirlik dövlət teatrları sisteminə daxil olan bütün teatrlar kimi "Yuğ" Teatrının fəaliyyətinə də yaxından bələddir. Hələ ki teatra baş rejissorun təyin olunması planlaşdırılmır. Baş rejissor həm vəzifə, həm də konkret istiqamətləndirici qüvvədir. Yuğ Teatrına isə istiqamət artıq verilib. Biz də istiqaməti təyin edib, problemləri demokratik şərtlərlə müzakirə edib, özümüz qərarlar veririk. Hələ ki, Vaqif müəllim tərəfindən əsası qoyulan istiqamət üzrə görüləsi işlər çoxdur. Bir çox eksperimentlər keçirilməli, sınaqlar olmalıdır ki, müəyyən yaradıcı işləri dəqiqləşdirək. Bu missiya indi bizim üzərimizdədir".
Nərmin Muradova