Xalq artisti Firəngiz Mütəllimova ata yurdu Şuşada baş tutan "Xarıbülbül" musiqi festivalında iştirak edib.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Firəngiz xanım, Şuşa azad edildikdən sonra ilk dəfə doğma ata yurdunuza ayaq basdınız. Təəssüratlarınız necədir?
- İlk olaraq qürur hissi yaşadım. O vaxt Şuşadan çıxanda necə idisə, elə də qalıb. Şuşa əlçatmaz və müqəddəs şəhərimizdir. Oraya gedərkən Prezident İlham Əliyevə təşəkkür etdim, şəhidlərimizin ruhuna dualar oxudum. Sevinc, fəxarət hissi yaşayırdım. Elə bilirdim ki, sevincdən yıxılacam, beynimə nəsə olacaq, beyin əməliyyatı keçirmişəm. Cıdır düzündə olanda sərin meh əsirdi, özümü gənc qız kimi hiss edirdim. Əməliyyatdan sonra bir ayağımda zəiflik qalıb, amma Şuşada özümü quş kimi hiss edirdim. Sanki gənclik illərimə qayıtmışdım. Allah bütün arzusunda olan insanlara bu sevinci yaşatsın. Şuşa bütün Azərbaycan vətəndaşlarınındır.
- Şuşada ilk olaraq torpağı öpdünüz...
- Bəli, torpağı qoxuladım, əyildim, öpdüm. Ona görə birinci torpağa baş əydim ki, orada balalarımızın ayaq izləri var, onu öpdüm. Mənə dedilər ki, niyə ilk olaraq qalanı öpmədin?! Şuşa azad ediləndə mənə torpaq göndərmişdilər, onu valideynlərimin məzarına səpdim. Şuşadan gəldikdən sonra kim məni bağrına basırsa, deyir ki, səndən Şuşanın qoxusu gəlir. Orada çoxlu yasəmən qoxuladım.
- Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı baş tutdu...
- "Xarıbülbül" musiqi festivalı çox gözəl keçdi. Ulu öndər Heydər Əliyevin səsli qeydini dinləyəndə kövrəldim. Heydər Əliyev hakimiyyətə gələndə atam demişdi ki, Şuşa azad olunacaq.
O günləri xatırladım. Torpaqlarımızı ulu öndərin layiqli davamçısı bizə qaytardı. Həm sevinc, həm də kədər hissi bir yerdə idi. Prezidentimiz çox prinsipial insandır. Şuşa bərpa olunur, təmir işləri başlayıb. Müasir dizaynda "Xarıbülbül" oteli tikilib. Elə bildim ki, xarici ölkədəyəm. Mənə elə gəlir ki, bütün dünya Şuşanı görmək istəyir. Şuşaya Həmidə Ömərova ilə birlikdə getdim. Onunla eyni otaqda qaldıq, həsrətimə şərik oldu. Mənim Şuşada doğulub-böyüdüyüm ev tarixi binadır. Darvazamız böyük idi, amma bu dəfə kiçik gördüm.
Ev dağılıb, ətrafında yaşayış olub. Hər dəfə narahat Şuşa görürdüm, indi rahat Şuşa...Sanki gedişimizə Şuşa sevinirdi.