27 May 2021 09:20
4 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru Azər Paşa Nemətov Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Azərpaşa müəllim, 32 ildən sonra Şuşada "Xarıbülbül" musiqi festivalı baş tutdu. Qonaq qismində siz də iştirak etdiniz. Təəssüratlarınızı eşitmək istərdik.

- "Xarıbülbül" musiqi festivalı haqqında təəssüratlarım çox yüksəkdir. Zəbt edilməzdən əvvəl Şuşada olmuşdum. Bu şəhərə vurulmuşdum. Yerli camaat arasında dostlarım vardı. Lakin həmin ərəfədə Bakıdan Sankt-Peterburqa təcrübəyə getdim. O zaman 24-25 yaşındaydım. Orada mənə dedilər ki, təcrübəyə ehtiyacınız yoxdur, teatrda qalın, işləyin. İki il Sankt-Peterburqda teatrda işlədim.

Teatrın rəhbərinin studiyası var idi, sonra müəllim kimi fəaliyyət göstərdim. Həmin rəhbər mənə dedi ki, rejissor mütləq müəllim də olmalıdır. Hər il iyul-avqust aylarında məzuniyyətə gələndə bir neçə günlük Şuşaya gedirdim, dostlarımı görürdüm.

Şuşalıların çox gözəl ləhcəsi var. Orada ilk dəfə qara xəngəl yemişəm. Hətta dedim ki, xəngəl bakılılarındır, Şuşa hara, xəngəl hara?! Cavab verdilər ki, xəngəl burada qara undan hazırlanır, ona "qara xəngəl" adlanır. Xəngəli Şuşada Ərimgəldidə verirdilər. Ərimgəldi Şuşanın girişində bir təpənin ətrafıdı.

Deməli, orada kişilər naxıra və yaxud başqa işlərə gedərmişlər, günorta yemək üçün Ərimgəldi təpəsinə gəlirlərmiş, xanımlar onları orada qarşılayıb, yemək verərlərmiş. Kişilər axşam qayıdanda da xanımlar orada həyat yoldaşlarını qarşılayarlarmış.Ona görə təpə Ərimgəldi adlanır.

Orada Novruzəli adlı bir kişi var idi, Şuşaya gedəndə onunla görüşürdüm. Allah rəhmət eləsin. Mən Cıdır düzünə hər zaman dağın üzərindən, yüksəklikdən baxırdım. Şuşada Xurşidbanu Natəvanın ev muzeyinə gedirdim, yanında bulaq var idi. Bu dəfə gedəndə gördük ki, bulaq dağıdılıb. Cənab Prezident İlham Əliyev bulağın bərpası üçün tapşırıq verdi. Bulağın gözü açılıb.

Vaxtilə Molla Pənah Vaqifin məqbərəsinə də gedirdik. Şuşanın elə yeri var ki, sıldırımdır, oradan Cıdır düzü görsənir. Mən də yüksəklikdən Cıdır düzünə baxırdım. Həmişə fikirləşirdim ki, niyə bura Cıdır düzü adlanır, oraya atla necə getmək olar? Yaxınlığında isə balaca çay axırdı. Orada oturub, ən az yarım saat susub, Cıdır düzünü seyr edirdim.

Mənim üçün o illər çox maraqlı idi. İşğaldan sonra "xalq diplomatiyası" adı ilə bir dəfə Şuşaya getdik. Beş nəfər idik, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, mən, Kamal Abdulla, Fərhad Bədəlbəyli və şuşalı bir biznesmen. Biz Tərtərdən keçdik, Qarabağın meşəli yolu ilə davam elədik. Yollar pis gündə idi, demək olar ki, adam yox idi. Mən onda gördüm ki, buralarda günəş görsənmir. Düşündüm ki, yəqin ona görə bu torpaqlara Qarabağ adı veriblər - bura bağdır, bağa günəş şüaları düşmədiyinə görə isə qara adlandırıblar. Günəşin şüaları ağacların üstündə idi.

Sonra Şuşaya gəldik, oranı pis vəziyyətdə gördük. Yuxarı Gövhər ağa məscidi dağıdılmışdı. Şükür Allaha, qələbədən sonra Şuşaya getdik. Mən qürur hissi keçirdim. Teatr Xadimləri İttifaqı YUNESKO-nun Beynəlxalq Teatr İnstitutu və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür. Onlara da bu haqda məlumat verdim.

Mən Qarabağı bərpa edilmiş, evləri tikilmiş vəziyyətdə, camaatın müqəddəs torpaqlara köçdüyü günü görmək istəyirəm. Necə ki vaxtı ilə Novruzəlini görürdüm, istəyərdim ki, Şuşaya gedim, adamlarla çay içək, söhbət edək. Nəhayət, teatr rejissoru kimi onlara tamaşalar təqdim edək.

- Şuşa şəhəri prezindent İlham Əliyevin qərarı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.

- Bəli, Şuşa şəhəri mədəniyyət paytaxtı elan edilib. Şuşa buna layiqdir. Yüz faiz inanıram ki, biz hələ çox işlər görə bilərik və görəcəyik də. "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil edildi. Bu festivalın məhz Cıdır düzündə keçirilməsi möhtəşəm idi. Mən Cıdır düzünü belə görməmişdim...

- Şuşaya bu dəfə günəşli gündə getdiniz...

- Heydər Əliyevin Fondunun rəhbəri Mehriban Əliyevaya və işçilərinə təşəkkür edirəm. Bizə qələbəni cənab Prezident İlham Əliyev bəxş etdi. Ordumuz, qazilərimiz, şəhidlərimiz, mərd oğullarımız, cəsur insanlarımız namusumuzu tapdalamağa qoymadılar. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Bizdə qeyrət, vicdan hissini qaldırdılar, bir xalq kimi özümüzü daha üstün, zirvədə hiss elədik. O zirvələrdən biri də Şuşadır.

Şuşa elə bir nöqtədədir ki, Qarabağın hər yerini alıb, Şuşanı almasaydıq, Qarabağ itirilmiş sayılardı. Çünki Şuşa Qarabağın ürəyidir. Şuşanın əhalisi insanlığı, xeyirxahlığı ilə fərqlənir. Məsələn, mən heç vaxt unutmuram, mərhum bəstəkar Süleyman Ələsgərovun danışığında da Şuşa ləhcəsi var idi.

O, mədəni, səmimi, şirin ləhcə ilə danışırdı. Süleyman Ələsgərova əmi deyə müraciət edirdim. Həmişə maraqlanırdı ki, sənin neçə yaşın var, nə zaman evlənəcəksən?..

- Şuşada hansı tamaşanı qurmaq istəyərsiniz?

- İlk öncə demək istəyirəm ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında 30 ildən artıqdır ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan "Qarabağnamə" tamaşası nümayiş edilir. Bu tamaşa ilə teatr mövsümünü açır və bağlayırıq. Tamaşada neçə-neçə nəsil aktyorlar dəyişib.

Söz vermişdik ki, Şuşa azad edildikdən sonra "Qarabağnamə" tamaşasını orada oynayacağıq. Bizim arzumuz reallaşdı. Şuşa Dövlət Musiqili Dram Teatrı var, məkanı dağıdılıb, yenidən Şuşada teatr tikilməlidir. Teatrın kollektivinin Teatr Xadimləri İttifaqı ilə çox yaxşı münasibəti var. Onlara söz vermişəm ki, Şuşada bir tamaşa hazırlayacam. Qismət olsa, teatrın binası tikildikdən sonra teatrın açılışını orada edərik.

- Şuşada yaşamaq istəyərsinizmi?

- Mən Şuşanı çox sevirəm və sevdiyin məkanda yaşamaq, insanları tanımaq, insanlarla küçədə görüşmək və sair çox gözəl hissdir. Bu hissin qiyməti yoxdur.

"Xarıbülbül" musiqi festivalının birinci günündə Azərbaycanda yaşayan etnik millətlərin mədəniyyəti nümayiş edildi, ikinci gün isə dünya klassik musiqisi təqdim edildi. Cənab prezident çıxışında bildirdi ki, "Xarıbülbül" musiqi festivalı hər il təşkil ediləcək. Festivala folklor da əlavə etmək olar.

Gələcəkdə "Xarıbülbül" festivalına beynəlxalq kollektivlərin də gəlməsini istəyərəm. Mənə elə gəlir ki, "Xarıbülbül" musiqi festivalı dünya miqyasında məşhur festival olacaq. Festivalın miqyası böyüyəcək, mən buna inanıram. Şuşa şəhəri memarlıq baxımından çox dəyişəcək, şəhərin həm qədimliyini saxlayacaqlar, həm də ora müasirlik gətiriləcək. 21-ci əsrin memarlığı ilə tarixi memarlıq sintez təşkil edəcək.

Düşünürəm ki, Şuşa çox gözəl, möhtəşəm bir şəhər olacaq. Təmir işləri gedir, Şuşaya "Zəfər yolu" çəkilir. Mən Şuşaya getməyi möcüzə sayırdım, Allaha dua edirdim ki, bu gün nə zaman olacaq?! Möcüzə gerçək oldu.

- Xalq artisti Firəngiz Mütəllimova Şuşada əyilib torpağı öpdü. Siz hansı hissləri keçirdiniz?

- İlk öncə Yuxarı Gövhər ağa məscidinə getdik. Şuşada dağıdılmış, şüşələri sınmış binalara yaxınlaşıb, əlimi vurub, hiss etməyə çalışırdım. Şuşadan özümlə torpaq gətirdim. Torpağı kiçik hissələrə ayırıb, yaxın adamlara hədiyyə edəcəm.

- Tarixi abidələrimiz bərpa edilir. İlk olaraq kimin məqbərəsini ziyarət etmək istəyərsiniz?

- Allah qismət etsə Xurşidbanu Natəvan, İbrahimxəlil xanın, Üzeyir Hacıbəyovun, Bülbülün abidəsini ziyarət edib, baş əyərdim. Həmin nöqtədən Cıdır düzünə baxardım. Yenə o qartalı görərdim.

- Yenidən Şuşaya getməyi planlaşdırırsınızmı?

- Mütləq.

- Pandemiyaya görə teatrlar uzun müddətdir fəaliyyət göstərmir. Bununla bağlı Operativ Qərargaha müraciət etmisinizmi?

- Xeyr, biz dövlətə tabe olan, qanunu sevən insanlarıq. Bu bir il yarım bizim ömrümüzdən getdi, vaxt keçdi. Amma teatrların bərpa olunması da ağır prosesdir, xüsusilə də tamaşaçı məsələsi...Tamaşaçılar da ilyarımdır ki, teatrlara getmirlər. Hərdən jurnalistlər qeyd edirlər ki, teatrda tamaşaçı problemi var. Bu belə deyil. Akademik Milli Dram Teatrının və eləcə də digər teatrların hər zaman tamaşaçısı olub.

Pandemiyadan sonra teatrda tamaşaçı problemi olacağını düşünürəm, amma sonra yavaş-yavaş qaydasına düşəcək. Teatr fəaliyyətə başlayanda bütün qaydalara riayət edəcəyik, məsafə qorunacaq, zalda üç nəfərdən bir oturulacaq.

- Dünyanın bir çox ölkələrində qaydalara riayət etməklə bəzi teatrlar fəaliyyət göstərirlər.

- Teatr açılıb, 10-20 gün işləyib, yenidən bağlayıblar. Belə hallar az deyil. Rusiyada, İtaliyada, Fransada belə hallar çoxdur. Fransada qaydalar daha sərt oldu. Qaydalara riayət edilməklə, teatrlar açılır. Məsələn, zalda 350 nəfər iştirak edirdisə, 100 nəfər olacaq. Hələ ki, bu formada başlayacağıq.

- Teatrların nə zaman fəaliyyətə başlayacağı ehtimalı var?

- Qarşıdan yay gəlir, məzuniyyət başlayacaq. Düşünürəm ki, payızın ilk günlərində teatrın fəaliyyətinə icazə verilər. Repertuarda çoxlu tamaşalar var, onlar bərpa edilməlidir. Aktyorlar məşq etməlidirlər, onlar neçə vaxtdır tamaşaçı görməyiblər. Bunlar hamısı düşünülür və düşünürəm ki, buna zaman lazımdır.

- Teatrda yeni mövsümü "Qarabağnamə" ilə açacaqsınız?

- Bəli.

- Əməkdar artist Sənubər İsgəndərli teatrların fəaliyyəti ilə bağlı sosial şəbəkədə TƏBİB-ə müraciət ünvanlamışdı. Oradan isə bu məsələnin Operativ Qərargaha aid olduğunu bildirdilər. Teatrların açılması, teatr üçün darıxan aktyorlar sizə müraciət edirlərmi?

- Bütün aktyorlar mənimlə danışır, teatra gəlirlər. Teatra girişə icazə yoxdu, bütün otaqlar bağlıdır. Buna baxmayaraq aktyorlardan kim gəlibsə, qəbul etmişəm. Bir gün də teatra getmədiyim olmayıb. Aktyorlardan da görüşmək istəyənlər varsa görüşürük, dərdləşir və yeni tamaşalar düşünürük.

- Son olaraq Şuşa haqqında nə demək istərsiniz?

- Şuşa yalnız Azərbaycanın deyil, bütün dünyanın mədəniyyət mərkəzidir. Hesab edirəm ki, Şuşa dünyanın zirvəsidir.

Şuşada olanda hər kəs sevinirdi. Görmədim, kimsə desin ki, ev dağılıb, damı yoxdur... Bəli, damı yoxdur, amma olacaq. Bilirsən ki, yol pisdir, amma düzələcək. Prezident İlham Əliyev və xanımı vətən üçün yaşayan insanlardır. Bunu da sübut da etdilər, göstərdilər. İlham Əliyev Nikol Paşinyana cavab vermişdi ki, Qarabağ Azərbaycandır və nida! Nida da oldu...


Müəllif: Rəqsanə Həsənova, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər