31 May 2021 15:56
3 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nəzakət Teymurova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşını qoydu. Tədbir iştirakçısı kimi təəssüratınız necədir?

- Çox möhtəşəm gün idi. Mən o torpaqlarda doğulmuşam, ilk addımlarımı Ağdamda atmışam. Mənim üçün doğulduğum yer müqəddəsdir. Həmişə deyirəm ki, vətən doğulduğun yerdən başlayır. Qəlbimizdə daim kədər, düşüncəmizdə daim narahatlıq vardı. Özümüzü ruhsuz insanlar kimi hiss edirdik.

Çox şükür ki, məhz 28 May Respublika Günündə Prezident İlham Əliyev ziyalıları, sənət adamlarını toplayıb, Ağdam şəhərinin təməlqoyma mərasimi keçirdi. Bundan böyük sevinc ola bilməz. Hörmətli prezidentimiz çıxışında qeyd etdi ki, Ağdamda gözəl layihələr olacaq, şəhər dəyişəcək. Sevincimizin həddi-hüdudu yoxdur. Ona görə Ali Baş Komandamıza ordumuza təşəkkür edirəm.

Şəhidlərimizin qarşısında baş əyirik ki, o torpaqları canları-qanları hesabına geri qaytardılar. O torpaqlar mənim üçün bir az da müqəddəsləşdi. Azad edilmiş ərazilərimizə hər gedəndə torpağı öpüb, gözümüzün üstünə qoymalıyıq. Çünki orada cavanlarımızı tökülüb, müqəddəsdir.

- Ağdam şəhərinin Əlimədədli kəndində dünyaya gəlmisiniz. Ağdama, doğulduğunuz rayona gedərkən hansı hissləri keçirdiniz?

- İndiyədək Quzanlıya qədər gedə bilirdik. Ağdam yolunda Uzun dərəni görəndə sanki sümüyümə nə isə işlədi. Əlimi qoluma atdım, elə bil bədənimə cərəyan verirdilər. Torpaq öz sakinlərinə qovuşurdu, yəqin bundan irəli gəlirdi.

İlk dəfə idi o hissləri keçirirdim. İllərdir həsrətində olduğumuz torpaqlara qayıtmaq ifadə olunmaz hiss idi.

- Ağdama ayaq basarkən muğam ifa etdinizmi?

- Neçə illər idi xəyal edirdim ki, torpaqlarımıza nə zaman gedəcəyik?! Amma reallda torpağımızı görəndə tamamilə başqa hisslər keçirdim. Ağdam yolunda düşünürdüm ki, cavanlığımız burada keçsəydi, bəlkə də həyatımız başqa cür olardı.

29 il idi doğma torpağımdan çıxmışdım. Mənim üçün çox fərqli hisslər idi, sözlə deyə bilmirəm. Ağdama gedəndə həqiqətən sanki iliklərimə nə isə işlədi... Bunu orada hiss etdim. Oxumaq ikinci-üçüncü planda idi. Doğma torpağa ilk olaraq bir sakin kimi yanaşdım.

- Evinizi görmək istəyərsinizmi?

- Artıq Ağdamda abadlıq işləri başladı. Hər yer minadır. Bəlkə də gedib, orada hönkürə-hönkürə ağlayacam. Orada olana qədər bilmirəm hansı hissləri keçirəcəm. Atamın, bacımın qəbrini ziyarət edəndə başqa dünyada olacam.

Ağdamda binalarımızı darmadağın ediblər. Bu günümüzə şükür edirəm, Allahımdan o qədər razıyam ki... Allah ah-naləmizi eşitdi. Torpağı öz sakinlərinə bağışladı.

- Ağdamda mədəniyyət sahəsi ilə bağlı hansı işləri görmək istəyərsiniz? Orada müəllimə kimi fəaliyyət göstərməyi arzulayırsınızmı?

- Bu, gələcəyin işidir. Dövlətimizdən təklif gəlsə, böyük məmuniyyətlə edərəm. Mən öz torpağımın əsgəriyəm, musiqi, mədəniyyətimiz tərəfdən iş görməyə hazıram.


Müəllif: Rəqsanə Həsənova