Mikelancelo Merizi da Karavacco 1571-ci il sentyabrın 29-da Milanda doğulub. Rəssamın soyadı Milan yaxınlığındakı Karavacco qəsəbəsindən gəlir. Atası Fermo Merizi memar, anası Lusiya Aratori aşağı səviyyəli kübar ailədəndir. Milanda vəba zamanı ailə Karavaccoda məskunlaşır, lakin qısa müddət sonra – rəssam 11 yaşında olanda atası vəfat edir. Rəssamın uşaqlığı haqda çox məlumat yoxdur.
12 yaşında anası onu rəssamlıqla məşğul olmağa həvəsləndirəndə rəsm çəkməyə başlayır. Anası onu 1584-88-ci illər arasında Tizianonun tələbəsi olan məşhur rəssam Simon Peterzanonun yanına göndərir. Şagird olduğu bu dövrdə Lorenzo Lotto, Leonardo da Vinçi və Girolamo Savoldo kimi rəssamların izlərini daşıyan Lombardiya rəsm sənətini öyrənir. Həyatın realist dildə təsvir olunduğu bu üslub Karavacconun orijinal üslubuna çevrilir.
Davakar və qəribə
Karavacco 1592-ci ilin payızında Romaya gəlir. “Meyvə səbəti daşıyan oğlan” Karavacconun Romaya yeni gəldiyi vaxt çəkdiyi əsərdir, lakin həmin dövrə aid çox məlumat yoxdur. O, rəsmdə 16 yaşında olan dostu Mario Minnitini təsvir edib. Minnitini gələcəkdə də, rəssamın bir çox rəsmində onun modeli olub.
Karavacconu Milandan Romaya getməyə məcbur edən səbəb bir dava və ya qətldə ittiham edilməsi idi. Yeniyetmə yaşlarından davakar və qəribə xarakterə malikdi. Yaşlandıqca və karyerasında çətinliklərlə qarşılaşdıqca daha da narahat və qeyri-sabit şəxsiyyətə çevrilir. Romadakı ilk illərinə dair günümüzə qədər kifayət qədər məlumat gəlib çatmayıb. Məlum olan budur ki, tez-tez ev dəyişdirib, ev sahibləri ilə yola getməyib. Karavacconun Romadakı ilk günləri işsiz Milan rəssamları, heykəltəraşları və daş oymaçıları arasında keçir. Əvvəlcə Lorenzo Siciliano adlı naməlum rəssamın yanında işə düzəlir.
Kardinalın mülkündə
Rəssamın ilk patronu qalmaq üçün yer və yemək müqabilində dini rəsmləri köçürdüyü rahib Pandolfo Puççi Kampo Marzioda bir sarayda yaşayır. Amma rəssam burada çox qalmır, yenidən küçələrə qayıdır. Ciddi xəstəlikdən əziyyət çəkir, vəziyyəti ümidsizdir, ancaq altı ay sonra sağalır. Bu günlərdə ilk avtoportreti “Xəstə Bakus”u çəkir. Karavacco bu əsəri çəkərkən ayağındakı ciddi bir xəstəlikdən əziyyət çəkib. Araşdırmaçılar bu melanxolik tablonun rəssamın öz portreti olduğuna inanırlar.
Karavacconun Romada müşahidə etdiyi və böyük realizmlə təsvir etdiyi insan fiqurlarının yaradıcılığının ön planında olduğu da bu dövrdə üzə çıxdı. Rəsmlərində adi insanları, ağır iş şərtləri altında çalışan yoxsulları, fahişələri, onların geyimlərini, üz ifadələrini və bədənlərini bütün reallıqları ilə təsvir edir. Bu əsərlərə hakim olan melanxolik atmosfer sənətkar yaşlandıqca daha da güclənəcəkdi.
Satmaq üçün rəsm əsələri tacirinin emalatxanasında saxladığı “Falçı” rəsmi ilə Kardinal Frensisk Del Montenin diqqətini çəkir. Altı il kardinalın yanında işləyir. Karavacconun bu əsəri Barok rəsm sənətinin başlanğıcı kimi qəbul edilir.
Həm qadın, həm kişi
Karavacconun rəsmlərindəki homoerotik vurğu sənətkarın cinsi oriyentasiyasına diqqət çəkir. Lakin Kardinal del Montenin homoseksual olduğu, Karavacconun da onun zövqünə görə rəsm çəkdiyi iddia olunur. Kardinal heç vaxt evlənməmişdi və mülkündə çox sayda kişi qulluqçu və musiqiçinin olduğu deyilir. Eyni zamanda, həmin dövrdə erotik şeirin ən yaxşı nümayəndələrindən biri, klassik dövrün şairlərindən olan Ovidius həm kişi, həm də qadın seksuallığına malik idi, yəni ikili cinsiyyətin yer aldığı erotik hekayələr insanlar arasında çox yayğındı. Araşdırmaçılara görə, Karavacco da əsərlərini bu hekayələr və şeirlərdən ilham alaraq çəkə bilərdi.
Kardinal del Monte üçün çəkdiyi digər əsəri “İsgəndəriyyəlli müqəddəs Katerina” adlı rəsmində Fillida Melandroni adlı fahişə ona modellik etmişdi.
Karavacco artıq 1600-cü ildə özünü Romanın sənət dünyasına qəbul etdirmişdi. Rəsmləri yüksək qiymətləndirilir və nüfuzlu şəxslər əsərlərini almaq üçün az qala yarışa çıxmışdılar.
Karavacconun bəzi rəsmlərinin bir neçə kopiyası var. Rədd edilmiş əsərlərinin yeni versiyalarında tamamilə fərqli kompozisiyalar sınandığı üçün sənətkarın əsərlərinin kopiyalarını özü hazırlamadığı deyilir. Bunlar öz dövründəki və ondan sonrakı rəssamlar tərəfindən hazırlandığı ehtimal edilir.
Loreto bakirəsi
Karavacco 1604-cü ilin payızından etibarən özünü şiddətli hadisələrin mərkəzində tapır. Davalara qarışır və buna görə bir neçə dəfə həbsxanaya düşür. Nüfuzlu tanışları sayəsində həbsdən çıxır. 1605-ci ildə lisenziyasız qılınc və xəncər daşıdığı üçün həbs olunur və yenə də girov ödəyən dostları sayəsində sərbəst buraxılır. Doqquz gün sonra daha ağır bir cinayət törədir. İspaniya səfirliyinin qarşısında Karavacconun qadını kimi tanınan, “Loreto bakirəsi” əsərində model olaraq istifadə etdiyi fahişə Lenaya görə bir vəkilə qılıncla hücum edir. Məsuliyyətdən yaxa qurtarmaq üçün əvvəlcə Del Montenin sarayına, daha sonra Genuadakı zəngin və nüfuzlu müştərilərinin yanına sığınır. Qısa bir müddət sonra Romaya qayıdır.
Romadakı son günlərində Kardinal Borgeze üçün işləyir. Rəssam kardinalın iqamətgahı olan Villa Borgeze üçün “Müqəddəs İeronim”i çəkir. 1606-cı il mayın 28-də bir davada Romanın gecəqondu məhəllələrindəki bir dəstə lideri Ranuçço Tomassonini öldürür. İşlədiyi cinayətə görə veriləcək edam cəzasından yayınmaq üçün Romadan qaçır. Davanın bir oyun səbəbindən baş verdiyi bildirilsə də, əsl səbəbin bir qadın olduğu düşünülür. İddiaya görə, Karavacco davada başından ağır zərbə almışdı, yəni özünü müdafiə etmək üçün onu öldürmüşdü. Lakin rəssamın şişmiş cinayət dosyesinə görə əvvəlki hadisələrini ört-basdır edən nüfuzlu tanışları bu dəfə ona yardım edə bilmirlər. Bundan sonra Kolonna ailəsinin yanına – Neapola gedir. Neapolda da bütün diqqəti üzərinə çəkir. Burada Rembrandt və Velaskes kimi Barok sənətinin önəmli simalarına təsir etdiyi kimi, Neapolda yerli rəssamlar üzərində XVIII əsrə qədər davam edəcək böyük bir iz qoyur. “Karavacco kimi çəkmək” – napolili rəssamların əsas üslubuna çevrilir.
Malta cəngavərləri
Böyük uğurlar qazandığı Neapolda 8 ay qalır və naməlum bir səbəbdən Maltaya gedir. Malta cəngavərlərinin lideri Alof de Vinyakur üçün rəsm çəkir. Vinyakur sənətkarın işindən o qədər razı qalır ki, onu “Cəngavər” elan edir. Maltadakı sakit günləri təxminən beş ay davam edir. 1608-ci il avqustun sonlarında Malta cəngavərləri ilə girdiyi davada cəngavərlərdən biri ağır yaralanır və rəssam həbs olunur. Döyüşdə iştirak edən cəngavərlər təriqətdən qovulur. Bu, Maltanın cəngavərlərinin rəssamın ölümünə qədər davam edəcək qisas hissini alovlandırır. Böyük ehtimalla həbsdən Alof de Vinyakurun köməyi ilə qaçır.
Karavacconun məskən saldığı yeni məkan Siciliyadır. Sirakuza, Messina və Palermoda bir çox məşhur əsərini çəkir. Siciliyada da Malta cəngavərləri tərəfindən izlənilməsindən narahat olur. Mənbələr bu dövrdə Karavacconu özünü qəribə aparan, gündəlik paltarında və silahlanmış formada yatan, kiçik bir tənqidlərə görə rəsmlərini qılıncla doğrayan və yerli rəssamları aşağılayan bir insan kimi təsvir edir. Onun üçün ən etibarlı yerin onun qoruyucusu olan Kolonna ailəsinin yanı olduğunu və bu ailənin köməyi ilə papa tərəfindən bağışlanılacağını düşünərək doqquz ay sonra Neapola qayıdır. 1609-cu Romaya Neapolda bir davada öldüyünə dair xəbər gəlir. Əslində isə bir yeməkxananın qarşısında hücuma məruz qalmış, ölümcül yaralanmış və üzünü eybəcər hala gətirən dərin bir yaradan müalicə olunaraq sağalmışdı. Bu hücumun Malta cəngavərləri tərəfindən təşkil edildiyi düşünülür.
Qolyatın kəsilmiş başı
Neapolda yaşadığı günlərdə Maltada ona həmişə yaxşı davranmış və onu qorumuş Alof de Vinyakurdan əfv diləmək üçün ona cəngavərlərin müqəddəs mühafizəçisi Vəftizçi Yəhyanın təsvir olunduğu bir əsərini göndərir. Bu rəsmdəki Vəftizçi Yəhyanın kəsilmiş başı və eyni dövrdə çəkdiyi “David və Qolyat” tablosundakı Qolyatın kəsilmiş başı öz portretidir. Əsərdə təsvir edilmiş kəsik baş ona verilmiş ölüm hökmünü göstərir, peşmanlıq və bağışlanma arzusunu əks etdiririr. Bununla həm də, İsa Məsihin yer üzündəki nümayəndəsi papadan əfv diləyir.
1610-cu ilin yayında papa tərəfindən əfv olunacağını ümid edərək Romaya gedən bir gəmiyə minir. Neapolda çəkdiyi son iki rəsmini hədiyyə olaraq Sipione Borgezə aparır. Gəmi Palo limanına çatanda papanın keşikçiləri tərəfindən zorla endirilir və həbs olunur. Bu hadisənin Malta cəngavərlərinin tələsi olduğu düşünülür. İki gün sonra sərbəst buraxılır, lakin rəssamın əsərləri və əşyaları üzməyə başlayan gəmidə qalmışdı. Karavacco gəmiyə çatmaq üçün bataqlıq ərazilərdə 200 kilometr piyada gedərək Porto Erkola çatır. Sahildə huşsuz vəziyyətdə tapılır və xəstəxanaya aparılır. 1610-cu il iyulun 18-də ürək infarktı və yorğunluqdan qaynaqlanan qızdırmadan ölür. On gün sonra isə papa tərəfindən bağışlanıldığı bildirilən və çoxdan
gözlədiyi rəsmi məktub gəlir.