Regionun yeganə profilli "Kukla" art qalereyası tamaşaçıları müəllif kuklası mövzusunda silsilə layihələrlə tanış etməkdə davam edir.
Publika.az-ın məlumatına görə, noyabrın 5-də saat 19.00-da Muzey Mərkəzinin akt zalında məşhur rusiyalı rəssam, "Aleksandra" şirkətinin təsisçisi Aleksandra Kukinovanın çini kuklalar sərgisinin açılış mərasimi keçiriləcək.
Sərgi "Kukla" art qalereyası, Muzey Mərkəzi və "Aleksandra" şirkətinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
A.Kukinova kuklaçı-rəssam, müəllif kuklası ustası, Çexov adına Moskva Akademik Bədii Teatrının məktəb-studiyasının məzunu, Rusiya Rəssamlar İttifaqının üzvüdür. Bir çox mükafatların, eləcə də "Meqa ulduz" IV beynəlxalq kukla salonu (Rusiya), "Qrasiya və harmoniya" (Rusiya), "Doll of excellence" (ABŞ), "Most attractive exhibit" (ABŞ) və digər mükafatların laureatıdır. Əsərləri Rusiya, ABŞ, İtaliya, Fransa, Almaniya və başqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır, Boston Zərif Sənətlər Muzeyinin (ABŞ) daimi ekspozisiyasında sərgilənir.
Çini miniatürlər uşaq və böyüklər üçün zərif üslublu hədiyyədir.
Müəllifin Bakıdakı sərgisində tamaşaçılara 13 çini kukla, eləcə də kolleksiyalı çini miniatürlər təqdim olunacaq. Sərgi noyabrın 6-8-də nümayiş üçün açıq olacaq.