5 Noyabr 2014 17:29
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəz filmlərin dublyajına da nəzarət edəcək

Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaranan Tərcümə Mərkəzinin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Mərkəzin bu vaxta qədər gördüyü işləri müzakirə olunub, gələcək fəaliyyət istiqamətləri açıqlanıb. Mərkəzin aparat rəhbəri Yaşar Əliyev öncə mərkəzin tarixi haqqında qısa məlumat verib. O bildirib ki, Respublika Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Azərbaycan Respublikası Nazirlər Sovetinin 1989-cu il, 6 mart tarixində sovet və dünya xalqları ədəbiyyatının ən yaxşı nümunələrini SSRİ və xarici ölkə xalqlarının dillərinə çevirib nəşr etmək, təbliğini həyata keçirmək məqsədi ilə yaradılıb.

Mərkəzin ilk sədri 1991-ci ildə faciəvi şəkildə avtomobil qəzasında həlak olmuş istedadlı türkoloq-alim, millət vəkili Aydın Məmmədov olub. 1991-ci ilin 13 iyun tarixindən 2014-cü ilin 16 may tarixinədək Mərkəzə yazıçı-tərcüməçi Afaq Məsud rəhbərlik edib.

Ölkənin ağır siyasi-ictimai dönəmində özünümaliyyələşdirmə qurumu kimi təsis edilmiş Mərkəz bu illər ərzində öz qüvvəsi ilə yüzlərlə aparıcı dünya ədəbiyyatlarının, Quranın, İncilin, dünya ədəbi fikrinin Frans Kafka, Qabriel Qarsia Markes, Uilyam Folkner, Tomas Vulf, Cerom Selincer, Aleksandr Soljenitsın, Akutaqava Rünoske və digər bu kimi simalarının əsərlərinin ilk dəfə Azərbaycan dilinə tərcüməsini, çoxminlik oxucu auditoriyası toplamış “Xəzər” dünya ədəbiyyatı jurnalının, həftəlik “Yol” tərcümə ədəbiyyatı bülleteninin nəşrini həyata keçirib.

Kurslar təşkil edəcəyik

Mərkəzin gələcək fəaliyyəti barədə məlumat verən aparat rəhbəri qeyd edib ki, yaxın günlərdə tərcümə kurslarına start veriləcək: “Bəziləri belə düşünürlər ki, mərkəzimiz ancaq ədəbiyyatla məşğul olacaq. Xeyir, bu belə deyil. Mərkəz bütün aspektləri özündə əks etdirən bir qurumdur. Bizdə bu vaxta qədər tərcümə sahəsində ixtisaslaşma olmayıb. Normal olaraq iqtisadi yazıları tərcümə edən insan tibbi yazıları tərcümə edərkən çətinliklər çəkir. Bədii tərcümə isə xüsusi istedad tələb edən sahədir. Hər tərcüməçi bədii tərcümədə özünü təsdiqləyə bilməz. Bəzən tərcüməçilər bir sahədə ixtisaslaşmayıb, müxtəlif aspektli yazıları tərcümə edirlər. Mərkəz olaraq bu sahədə yaranan boşluqları aradan qaldırmağa çalışacağıq. Belə ki, yüksək dərəcəli mütəxəssislərin cəlb olunduğu xüsusi kurslar təşkil olunacaq. Bu kurslara həmçinin əcnəbi peşəkarları cəlb edəcəyik”.

“Filmlərin dublyajına nəzarət edəcəyik”

Y.Əliyev bildirib ki, sözügedən Mərkəzinin Bakıda fəaliyyət göstərən başqa mərkəzlərlə səhv salınmaması üçün bəzi addımlar atılıb:

“Bakı şəhərində, eləcə də respublikanın demək olar bütün rayonlarında tərcümə mərkəzləri fəaliyyət göstərir. İnsanlar o mərkəzlərlə bizim Tərcümə Mərkəzinin səhv sala bilərlər. Çünki ad oxşardır. Amma birmənalı şəkildə deyirəm ki, o mərkəzlərin bizə aidiyyatı yoxdur. Biz məsələni gündəmə gətirib, həllinə nail olmaq istəyirik. Və ümid edirəm ki, yaxın günlərdə məsələ həllini tapacaq”. Onun sözlərinə görə, Tərcümə Mərkəzi hətta filmlərin dublyaj olunmasına da nəzarət edəcək: “Əslində bizim işimiz çox genişdir, bura küçə lövhələrindən tutmuş filmlərin dublyajına qədər olan məsələlər daxildir. Təbii ki, biz dublyajla bağlı telekanallara nəyisə diqtə etməyəcəyik, sadəcə çalışacağıq ki, bu sahələrə də nəzarət edək, müəyyən kəsirlərə köməklik edək”.

“Neftlə bağlı kitablar çap olunacaq”

Azərbaycan nefti ilə bağlı layihələr həyata keçirdiklərini deyən Y.Əliyev məsələnin aktuallığına diqqət çəkib: “Neftimizlə bağlı elmi araşdırmalarını aparmaq, eləcə də dünyaya Azərbaycan neftinin tarixinin çatdırılması istiqamətində işlərin görülməsi çox mühümdür. Mərkəz olaraq bu sahədə çox ciddi işlər görməyi planlaşdırırıq. İri bir layihəyə start vermişik, ilk kitabımız bu yaxınlarda nəşr edəcəyik.

Neftimizin tarixi, bu günü ilə bağlı növbəti kitabların çapı da nəzərdə tutulur”. Onun sözlərinə görə, yaxın günlərdə Ernest Heminqueyin “Qadınsız kişilər”, Akutaqava Rünoskenin “Tanrıların istehzası”, Fyodor Dostoyevskinin “Povest və hekayələri”, sufi mətnlərindən seçmələr – “Xilas yolunun yolçuları”, “Bəşəri poeziya” kitabları işıq üzü görəcək.

Tərcümə Mərkəzinin beynəlxalq əlaqələrinin günü-gündən genişləndiyini deyən aparat rəhbəri dünyanın ən mötəbər nəşriyyatları ilə danışıqların aparıldığını bildirib: “Bizim beynəlxalq əlaqələrimizi genişləndirməkdə məqsədimiz Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq və mütamadi onun təbliğatı ilə məşğul olmaqdır. Bu vaxta qədər ədəbiyyat nümunələrimiz fərdi qaydada beynəlxalq arenada tanıdılıb, amma bundan sonra Mərkəz olaraq bu işə ciddi nəzarət edəcəyik”.

Sonda mərkəzin rəsmi saytının (aztc.gov.az) və həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin saytının (aydinyol.az) təqdimatı olub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər