5 Noyabr 2014 17:49
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir: “23 dövlət tamaşasına 28 xarici mütəxəssis cəlb olunub”

Bu gün Bakıda Beynəlxalq Teatr Konfransı öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, vitse-spiker Ziyafət Əsgərov, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdula, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqaları iştirak ediblər.

Konfransda əvvəlcə birinci və ikinci Bakı Beynəlxalq Teatr konfranslarından bəhs edən videomaterial nümayiş olunub. Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının inkişaf yolundan danışıb. O son illər ölkəmizdə yeni teatr təsisatlarının yaradılmasına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb və bu istiqamətdə “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini xüsusi vurğulayıb. Budəfəki konfransa 45 ölkədən nümayəndənin qatıldığı deyən nazir əldə olunan nəticələrə diqqət çəkib:

“Bu gün konfransda iştirak edən beynəlxalq təşkilatların adlarını xüsusi qeyd etmək lazımdır. Bu təşkilatlar dünya teatr prosesinə müsbət təsir göstərir və real olaraq beynəlxalq əlaqələrin genişləndirilməsində böyük rol oynayırlar. Ona görə bugünkü konfransda məhz multikulturalizm anlamında Azərbaycan və dünya teatrının yeri və rolu haqqında çox ciddi fikir mübadiləsi aparılacaq. Konfransda 150-dən çox xarici mütəxəssislə yanaşı, Azərbaycan teatr ictimaiyyəti, tənqidçilər və tələbələr iştirak edir və onlar bu proseslərə qoşulacaqlar. Bu proses Azərbaycan teatrının beynəlxalq aləmdə yerinin gücləndirilməsinə təsir göstərəcək. Daha öncəki konfranslar Azərbaycan teatr sənəti üçün müsbət nəticələr verib. Belə ki, səhnəyə qoyulmuş 23 dövlət tamaşasına teatr sənətinin müxtəlif sahələrindən 28 xarici mütəxəssis cəlb olunub”.

Daha sonra çıxış edən Kamal Abdullayev isə bildirib ki, Azərbaycan öz multikulturalizm təhlükəsizliyini yaradır. Onun sözlərinə görə, bu gün Azərbaycanın ən ucqar nöqtəsində belə multikulturalizmə nail olunubsa, bu, xalqımızın uzun əsrlərdən gələn mədəni dəyərlərinin qorunub saxlanmasının nəticəsidir. Konfransın gedişatında Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jan Trüdo, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti xanım İvet Hardi fikirlərini söyləyiblər. Gün ərzində konfrans öz işini plenar iclaslarla davam etdirib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər