Qəbələ Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçilir. Festivalın ikinci günü axşam saatlarında tamaşaçılara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Kamera Orkestrinin konserti təqdim olunub.
Orkestrin bədii rəhbəri SSRİ-nin və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimov, dirijoru Cavad Tağızadədir.
Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzinin zalında gerçəkləşən konsert Vətən müharibəsinin qazisi, respublika və beynəlxalq müsabiqələr laureatı Vüqar Məmmədzadənin “Şəhidlərə ithaf” əsərinin ifası ilə başlayıb. Solist respublika və beynəlxalq müsabiqələr laureatı, qoboy ifaçısı Əziz Pənahdır.
Konsertdə Xalq artisti, pianoçu Murad Hüseynovun ifasında İ.Sebastyan Baxın “konsert re minor (III hissə), Prezident təqaüdçüsü İlham Nəzərovun ifasında F.Hendelin “Lasicia chio pianga” və Vasif Adıgözəlovun “Qərənfil”, Xalq artisti, pianoçu Yeganə Axundovanın ifasında D.Şostakoviçin 2 saylı Konsert, həmçinin orkestrin ifasında Fikrət Əmirovun “Nizami xatirəsinə”, Fərhad Bədəlbəylinin “Bahar valsı” və Qara Qarayevin iki rəqsi səsləndirilib.
Festival çərçivəsində avqustun 2-də saat 17:00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Musiqi Akademiyasının müəllimləri konsert proqramı ilə çıxış edəcək. Axşam 21:00-da isə musiqisevərlərə açıq səhnədə muğam axşamı təqdim olunacaq.