Noyabrın 7-də Səttar Bəhlulzadənin ev-muzeyində rəssamın qrafik əsərlərindən ibarət fərdi sərgisinin açılışı keçiriləcək.
Teleqraf.com-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sərgidə S. Bəhlulzadənin şəxsi kolleksiyalarda qorunan və əksəriyyəti bu vaxta kimi nümayiş olunmamış 30 əsəri sərgilənəcək.
Nazirlikdən bildiriblər ki, sərgi rəssamın anadan olmağının 105, ölümünün 40 illiyi münasibəti ilə təşkil olunacaq.
S. Bəhlulzadənin qrafik əsərlərindən ibarət sərgisi 1966-cı ilin oktyabrında Çexoslovakiyanın paytaxtı Praqada keçirilib. Bu, Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi olub.
Fərdi sərgidə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İçərişəhər Dövlət tarix-memarlıq qoruğu idarəsi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Ev-muzeylərinin əməkdaşları iştirak edəcək.