27 Sentyabr 2021 17:07
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Sərəncamı ilə 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur, torpaqlarımız uğrunda qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir. Bu tarixi gündə uzun illər boyu Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın ölkəmizə hücumunun qarşısını almaq və ərazi bütövlüyümüzü bərpa etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cəbhəboyu əks-hücuma keçmək əmrini verdi.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən hazırlanan “Milli qürur günü” sərlövhəli yazıda yer alıb.

Yazını təqdim edirik:

"Məlum həqiqətdir ki, 1988-ci ildən başlayan Qarabağ hadisələri nəticəsində tarixi torpaqlarımız işğal olundu, on minlərlə günahsız insan, o cümlədən uşaqlar və qocalar öldürüldü, yüz minlərlə həmvətənimiz öz tarixi torpaqlarından didərgin düşdü. Şəhərlər, kəndlər dağıdıldı, tarixi və mədəniyyət abidələrimiz məhv edildi.

Azərbaycan dövləti dəfələrlə münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da, qarşı tərəf beynəlxalq hüquq qaydalarını kobud şəkildə pozdu və məsələnin həlli üçün uzun illər aparılan danışıqlar nəticəsiz qaldı. Bu müddət ərzində Azərbaycan tarixi torpaqlarının işğalı ilə barışmadığını dəfələrlə nümayiş etdirdi. 2016-cı ilin aprel ayında Lələtəpədəki, 2020-ci ilin iyul ayında Tovuzdakı döyüşlər bunun bariz nümunəsidir.
İşğalçı Ermənistanın çirkin siyasətini davam etdirməsi, dinc əhaliyə mütəmadi atəş açması, ərazilərimizdə təxribatlar törətməsi dövlətin və xalqın səbir kasasını doldurdu. 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandanımız İlham Əliyev cəbhəboyu əks-hücuma keçmək haqqında əmr verdi.

Onun müdrik rəhbərliyi ilə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlar həmrəylik, əzm və iradə nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Beləliklə, 44 gündən sonra müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, haqq savaşında Zəfər çaldı. Qüdrətli Azərbaycan dövləti və xalqı haqq və şərəf işimiz olan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, canı, qanı bahasına Azərbaycan bayrağını əzəli və əbədi torpaqlarımızda dalğalandırmış şəhidlərimizin işıqlı xatirəsini daim yaşadacaq. Allah şəhidlərimizə rəhmət eləsin!.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər