4 Oktyabr 2021 09:05
3 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik.

- Siyavuş müəllim, sentyabrın 27-də Anım Günü qeyd edildi. Qələbə təəəssüratlarınızı eşitmək istərdik.

- Qələbə təəssüratlarında ən yaxşı göstərici xalqın əhval-ruhiyyəsidir, biz də onun içində...Hamı sevinir, şənlənir, Şuşaya getmək, azad edilmiş torpaqlarımızda iş görmək istəyir. Əhval-ruhiyyə çox yüksəkdir. Ali Baş Komandanımız İlham Əliyevə və Silahlı Qüvvələrimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onlar öz qanı-canı bahasına qələbəni bizə yaşatdılar və ölkəmizin ərazi bütövlüyünü təmin etdilər.

- Şuşaya Xarıbülbül Festivalı zamanı bir dəfə getmisiniz. Yenidən getməyi planlaşdırırsınızmı?

- Təbii ki, bəli...

- Şuşada hansı hissləri yaşadınız?

- Sevinc hissləri keçirdim. Şuşaya gedəndə çox tələsirdik, tez çatmaq, görmək, Cıdır düzünə çıxıb, oranın havası ilə nəfəs almaq istəyirdik. Təbii ki, hər bir azərbaycanlının ümdə arzusu idi ki, Şuşaya getsin.

Şuşa Azərbaycanın görən gözü, vuran ürəyidir. Biz Şuşasız yaşaya bilmərik. Ona görə hər kəs Şuşaya getməyə can atır. Şuşa çox izdihamlı və dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Havası və musiqisi də gözəldir.

- Cıdır düzündə pianoda hansı əsəri ifa etmək istərdiniz?

- Ümumiyyətlə, Cıdır düzünün özündə olmaq istəyərəm. Bütün musiqilər gözəldir, hamısı ürəkdən, beyindən, istəkdən gəlir.

- Xalq artisti Rasim Balayev Şuşada torpağı öpdü. Sizin əhdiniz nə idi?

- Mənim əhdim Şuşaya getmək və Allaha şükür etmək idi ki, şükür, bunu bizə qismət etdin.

- Bir bəstəkar kimi azad edilmiş torpaqlarımızda şəhidlərimizin ruhuna həsr edilmiş əsər yazmağı düşünürsünüzmü?

- Təbii ki, şəhidlərimizə əsər yazmağı düşünürəm. Yazanda da yazmaq xətrinə yox, şəhidlərimizin ruhunu ifadə etmək üçün içdən və ürəkdən gələn əsər yazmaq lazımdır.

- Hər hansı ideyanız varmı?

- İdeyamız çoxdur, amma onları necə icra etmək söhbəti var. Onlar daxildə yetkinləşməli və bişməlidir.

- Torpaqlarımız 30 il işğal altnda qaldı. Amma Qarabağımıza həsr edilən hansısa əsər görmədik...

- Xeyr, əsərlər var idi. Mən hətta teatr musiqisi də yazmışdım. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyulan "Xəcalət" tamaşasının musiqisini. Əsərlərimiz vardı, deməzdim ki, yox idi, musiqiçilər, bəstəkarlar işləyirdilər.

- Şuşaya növbəti gedişi planlaşdırırsınız?

- Bəli, nə zaman icazə versələr, gedəcəm.

- Şuşada musiqi sahəsi ilə bağlı nə etmək olar?

- Şuşanın özü başdan-ayağa musiqidir, Azərbaycanın mədəniyyət mərkəzidir, musiqinin beşiyidir. Şuşanı, ümumiyyətlə Qarabağı Azərbaycanın, Qafqazın konsevatoriyası adlandırırlar.

- Pandemiya Azərbaycan Milli Konservatoriyasının tələbə axınına necə təsir etdi?

- Öncə deyim ki, tələbələrimiz üçün darıxmışdıq. Pandemiya elə bir meyardır ki, yalnız konservatoriyaya deyil, bütün dünyaya təsir edib, həm iqtisadiyyat, həm mədəniyyət, həm də siyasətə. Düşünürəm ki, inşallah, hər şey yaxşı olar.

- Yaxın günlərdə Milli Musiqi Günü qeyd edildi. Musiqi sahəsinin inkişafı üçün hər hansı təklifləriniz varmı?

- Təkliflər odur ki, daha çox öz musiqi və mədəniyyətimizi təbliğ etməliyik. Musiqimizi müsabiqə və festivallarda iştirak edib, daha çox bəyan etməliyik. Çox şükür ki, Qarabağımız, Şuşamız azaddır və orada musiqi layihələrimizi icra etməliyik.

- Musiqi təhsilinə meyl edənlər arasında qızlar, yoxsa oğlanlar çoxluq təşkil edir?

- Bərabərdir, qız da, oğlan da çox ola bilər, ən əsası istedad çox olsun.

- Azərbaycan bəstəkarlıq məktəbi sizi qane edirmi?

- Azərbaycanın möhtəşəm bəstəkarlıq məktəbi var. Üzeyir Hacıbəyovun təməlini qoyduğu, Fikrət Əmirov, Qara Qarayev, Aqşin Əlizadə, Rafiq Babayev, Tofiq Quliyev... Kimlər yoxdur ki?! Bu cür bəhrənin üzərində necə inkişaf etməmək olar?! Onlar artıq bəstəkarlıq məktəbinin təməlini qoyublar. Əlbəttə, bu irsi yaşadanlar hardasa zəifləyə bilər, idman sahəsi kimi... Bununla belə, düşünürəm ki, istedadlarımız kifayət qədər çoxdur.

- Tar sinfini bitirmisiniz, hansı alətdə ifa edərkən ruhunuzun ehtiyacını ödəyirsiniz? Hansı musiqi aləti sizin üçün əvəzedilməzdir?

- Baxır ovqatıma... Son zamanlar fortepiano.

- Fortepianoda hansı əsəri ifa edirsiniz?

- Onu demək olmur, baxır ovqatıma. Elə an olur ki, oturub musiqi ifa edirsən. Amma bilmirsən ki, hansı musiqini çalırsan.

- Ən çox sevdiyiniz musiqi janrı hansıdır?

- Mən musiqinin bütün janrlarını sevirəm.

- Rektor kimi musiqi zövqünüz maraqlıdır. Muğam ifaçılarından kimləri dinləyirsiniz?

- Azərbaycan musiqiləri ilə yanaşı İran və ərəb musiqilərini də dinləyirəm. Hər kəsin bir fərdi zövqü var, bu, yaradıcılıqdır. Əlbəttə, xoşuma gəlməyəni dinləmirəm. Xüsusi onu qeyd etmək istəyirəm ki, Azərbaycan ifaçılarının çox gözəl ifa tərzi var.

- Ailə üzvləriniz arasında musiqi sahəsinə həvəsi olanlar varmı?

- Mənim böyük oğlum Emin Kərimi tanınmış musiqiçidir, Amerikada yaşayır. Onun kiçik qardaşları da musiqi ilə məşğuldurlar. Tar və fortepianoda ifa edirlər. Biri altıncı, biri isə səkkizinci sinifdə oxuyur.

- Kiçik övladlarınızın gələcəkdə musiqi sahəsində davam etmələrini istərdinizmi?

- Onların özündən asılıdır, məcbur edə bilmərəm.

- Dünyanın gələcəyi ilə pessimistsinizmi? Dünyanın dəyişməsi yaxşı, yoxsa pis haldır?

- Dünyanı ancaq gözəllik xilas edəcək, amma bilmirəm, kim dəyişəcək?! Bilirəm ki, buna mənim gücüm çatmaz. Hər halda hər kəs öz işini görməlidir.

- Gənclik xəyallarınızı gerçəkləşdirə bilmisiniz?

- Qismən...

- İnsanın ən böyük düşməni kimdir?

- Özü...

- Bir yaradıcı insan kimi sevgini necə tərənnüm edərsiniz?

- Sevgi hədsiz bir röyadır. Sevgi çox ilahi bir hissdir. Ona düçar olan hər kəs xoşbəxtdir.

- İlk dəfə sevgi hisslərini məktəb, yoxsa universitet illərində yaşamısınız?

- Mənim üçün məhəbbətlərimin hamısı ilk olub.

- Həyat yoldaşınızla maraqlı sevgi tarixçəniz var. Həyat yoldaşınıza sevginizi necə tərənnüm edərsiniz?

- Həyat yoldaşıma dediyimi demişəm...Onu camaata niyə deyim... (Gülür).

- Bizim vasitəmizlə demək istəmirsiniz?

- Onu çox sevirəm...

Video: Röyal Adıgözəlov

Montaj: Ramazan Vəliyev


Müəllif: Rəqsanə Həsənova, Foto: Pərviz Həşimi