12 Oktyabr 2021 16:46
2 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə ədəbiyyat yönümlü radionun açıldığı barədə məlumat yayılıb. Ona şair Alik Əlioğlu rəhbərlik edir.

Alik Əlioğlu Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- İlk dəfə Azərbaycanda fəaliyyərt göstərəcək Ədəbiyyat radiosu açmısınız. Planlarınız və məqsədiniz haqqında məlumat verməyinizi istərdik.

- Radio ədəbiyyat camiəsini cəlb etmək üçün nəzərdə tutulub. Düşünürəm ki, ədəbiyyat sahəsində buna ehtiyac var. Saytlar əsasən mətn və foto yerləşdirməyi nəzərdə tutursa, radio səslə işləyir. Belə bir layihənin faydalı ola biləcəyi qənaətinə gəldim.

Ədəbiyyat radiosu internet radiodur, radiotezlikdə olmasa belə, dünyanın iinternet olan istənilən yerində onu dinləmək mümkündür.

Çox maraqlı və ruhlandırıcı məqam odur ki, radio fəaliyyətə başlayandan sonra statistikaya baxıb gördük ki, onu xaricdə də dinləyirlər.

- Radio nə zaman fəaliyyətə başlayıb, missiyanızı ədəbiyyat adamları necə qarşıladı?

- Radio ideyası qəfil reallaşdı. Doğrusu, bir neçə il əvvəl də belə bir istəyim vardı, hətta maddi kömək üçün bəzi imkanlı ədəbiyyat adamlarına da müraciət etmişdik. Amma maddi mənada yaxın duran olamdı.

Şükür ki, radionu öz gücümə açdım və arzuladığım layihəni reallaşdırdım. Fəaliyyətə başladıqdan sonra çox maraqla qarşılandı və ideyamı dəstəkləndi. Amma şairlər, yazıçılar çox fəal deyillər, şeirlərini, səsli yazılarını göndərmirlər.

- Əlavə maddi dəstək göstərmək istəyənlər varmı?

- Düzü, maddi olaraq heç kimdən heç nə gözləmirəm, buna ehtiyac da yoxdur. Hazırda mənə dəstək efiri material ilə doldurmaqdır. Ona görə sizin sayt vasitəsilə dostlarıma, ədəbiyyat camiəsində olan adamlara demək istəyirəm ki, bu prosesdə aktiv iştirak iştirak etsinlər. Onlardan studiya yazısı tələb olunmur, öz səslərini yazıb, telefon vasitəsi ilə göndərə bilərlər.

- İşçi heyətiniz varmı? Gələcəkdə radio kollektivi yaratmaq fikrindəsinizmi?

- İşçi heyətimiz yoxdur, radionu qəflətən açdıq. Fəaliyyətə tək başladım. Texniki biliklərim olduğuna görə radionun bir hissəsini mən, yarı hissəsini isə hindistanlı bir tanış həyata keçirdi.

Hələlik belə çalışırıq. Bir müddət sonra studiya təşkil etmək istəyirik. Çalışacağıq ki, insanlar gəlib səs oxusunlar və radiotezliyə keçək.

- Radio-layihələrniz varmı?

- Hələlik layihəmiz yoxdur, amma müəyyən verilişlər düşünmüşük. Axşam saatlarında uşaqlar üçün nağıllar səsləndirmək istəyirik. Verilişləri şeir qiraəti formalaşandan sonra olacaq.




Müəllif: Rəqsanə Həsənova