6 May 2014 14:58
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qanun” nəşriyyatında yazıçı Aslan Quliyevin “Ağrı” romanı çap olunub.

Teleqraf.com-a açıqlamasında Aslan Quliyev kitab haqqında məlumat verib. O, romanın qəhrəmanının yazıçı olduğunu deyib:

“Romanın qəhrəmanı yazıçıdır. Əfqanıstanda xidmət eləyib. Nəşriyyat onun yeni kitabını çap eləməkdən imtina eləyir, Bakıdan ruslar və digər millətin nümayəndələri, o cümlədən onun sevdiyi qız da köçüb gedir. Yazıçı darıxır və tənqidçi dostu ona kəpənək qanadlarının belə səsinin eşidldiyi yerə getməyi məsləhət görür. Yazıçı ucqar rayonda, meşənin içərisindəki, hamının köçüb getdiyi, cəmisi 13 nəfərin yaşadığı kəndə gedir. Kənddə məscid və dünyada fəaliyyət göstərən yeganə alban kilsəsi var. Buna uyğun olaraq molla və dünyada sağ qalan sonuncu alban keşişi də kənd sakinidilər. Bu ucqar, boşalmış, az qala ətraf aləmlə əlaqəsi kəsilən kənddə də yazıçı qaynar hadisələrin içinə düşür.”

Aslan Quliyev romanın oxucuların marağına səbəb olacağını düşünür: “Bizim xalqın faciəsi yadellilərin bu torpaqlara ayaq açması, öz dinlərini bizə qəbul elətdirməsi və tədricən torpaqlarımıza sahib çıxmaları ilə başladı. Böyük torpaqda yaşayan xalqın yarısı islamı qəbul elədi, bu faciə deyildi, faciə bu xalqın islamı qəbul eləməyənlərin hamısını özlərinə yad sayıb, erməni adlandırmaları ilə başladı. Amerikada hinduların torpaqları necə əlindən alındısa, bu zaman hansı üsullardan istifadə elədilərsə, bu xalqın da torpaqları o üsullarla, amma daha qəddarcasına əlindən alındı. Romanda bu mövzulara toxunmuşam. Düşünürəm ki, məhz buna görə kitab oxucuların marağına səbəb olacaq”.

Qeyd edək ki, “Ağrı” romanı mayın 10-da Park Bulvar AVM-də yerləşən “Ali və Nino” kitab evində oxuculara təqdim ediləcək.


Müəllif: