19 Noyabr 2021 20:00
2 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 19-da Nizami Kino Mərkəzində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi başlayıb.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, eyni zamanda ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Açılış mərasimində “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev bildirib ki, festivalın daha geniş tanınmasında 12 ildir çalışır: “O, əminliyini ifadə edib ki, noyabrın 23-dək davam edəcək festivalda tamaşaçılar bir-birindən maraqlı filmləri izləyəcəklər”.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev öz çıxışında qeyd edib ki, təmsil etdiyi qurum kinonun inkişafına xüsusi diqqət yetirir: “Mədəniyyətin vacib sahələrindən biri olan kino gəlirli bir sahədir. Kino mədəniyyətin inkişaf mərhələsinin göstəricilərindən biridir. Bu istiqamətdə Azərbaycan Kino Agentliyinin yaradılmasının son mərhələsindəyik. Gələn il festivalı daha geniş keçirmək niyyətindəyik. Biz istəyirik ki, bu festivallar ölkəmizdə kino sənayesinin inkişafına öz töhfəsini versin”.

Yeri gəlmişkən, bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film Yerli müsabiqəyə təqdim edilib.
Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.
Beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış publisist, yazıçı, bir çox bədii, sənədli filmlərin ssenari müəllifi Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının, Ukraynanın “Oskar” Komitəsinin üzvü, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, Belqrad Film Festivalının təsisçilərindən biri, müxtəlif festivallarda mükafat alan onlarla filmin prodüseri serbiyalı prodüser Miroslav Maqoroviç, beynəlxalq film festivallarının qalibi türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirəcək.
Mərasimdə festivalın xarici və yerli münsiflər heyəti səhnəyə dəvət olunub. Çıxışlarda qeyd edilib ki, bu il festival ilk dəfə olaraq Azərbaycan kinosunda xidmətlərinə görə “Qızıl Nar” mükafatını təqdim edəcək. Mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərimizə veriləcək.

Xatırladaq ki, builki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltaraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunması olacaq. Bundan başqa, Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın builki qaliblərə xüsusi töhfəsi də var. Belə ki, yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqənin ümumi mükafat fondu 5 min manatdır.

Başqa bir sürpriz isə Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) namizədlərinin xüsusi nümayişi olacaq. “British Council” ilə əməkdaşlığın nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də Nizami Kino Mərkəzində keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər