Xalq yazıçısı Çingiz Abdullayev MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində açıqlamaları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Çingiz Abdullayev kişilərin xəyanəti barədə də danışıb.
O, "Niyə kişilər xəyanət etsə də, onları bağışlamaq olar?" sualını belə cavablandırıb: "Quranda da yazılıb ki, hər bir kişi dörd dəfə evlənə, 400 qadın saxlaya bilər. Mən saxlamıram. 35 ildə bir dəfə evlənmişəm, bununla da bitib. Qadına dörd ər saxlamağa icazə verilmir, kişilərə icazə verilir. Pis ya yaxşı tarixdə bu belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onlar qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək indi bu belədir də...”.
Yazıçı “Ölümdən qorxursunuz? sualına isə belə cavab verib: "Hələ ölümlə görüşməmişəm, ona görə də deyə bilmərəm. Amma görünür qorxuram, ona görə ki, təyyarədə uçmağı sevmirəm. Bir dəfə təyyarəmiz yanıb, bir dəfə Afrikada çevrilib, bir dəfə də yerdə toqquşub. Məndən soruşanda deyirlər, buna necə dözürəm? İldə 40-45 dəfə təyyarə ilə səfər edirəm. Getməyəndə deyirəm ki, qorxuram. Amma bir tərəfdən də necə qorxuram ki, hər həftə harasa uçuram. Ümumiyyətlə, heç vaxt içki qəbul etmirəm. İdmançı olmuşam, sağlam həyat tərzi sürmüşəm. Ölüm elədir ki, başa düşürsən ki, hər şey bitir. Cənnət və cəhənnəm haqqındakı fikrim geniş rezonans yaratdı, amma mən onu zarafat üçün demişdim.
Zarafatın içində də ciddi fikir var. Axı, insan hara düşəcəyini özü seçmir. Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar... Ağıllı kişilər də hamısı ora düşməlidir. Ona görə də bu baxımdan cənnətdə ancaq mollalar olmalıdır. O biri dünyada şansım olsa idi, atam-anam ilə görüşüb, danışmaq istərdim. Onları yuxularımda görürəm. Mən atama onu sevdiyimi demirdim. Atamla aramda pərdə də yox idi, biz dost idik, onun böyük oğlu idim. İndi imkanım olsa idi, atama onu çox sevdiyimi deyərdim. Siz də hər gün evə gələndə atanızı çox sevdiyinizi mütləq deyin, sonra gecikə bilərsiniz. Ömür boyu onun peşmanlığını yaşaya bilərsiniz. Həyatımda iki günü təqvimdən silərdim, atam və anamı itirdiyim günləri... Bunu da deyəndə bəziləri deyir ki, axı mənim anam vəfat edəndə 87 yaşı var idi, sən istəyirdin ki, 200 il yaşasın? Bəli, istəyərdim. Anaların ömrü olmur! Cənnət anaların ayaqları altındadır!”.