5 İyun 2017 12:00
5 850

O, həbsə düşəndə 11-ci kitabı çapa hazırlanırdı. Müasirləri arasında onu qısqananlar çox idi. Həm istedadlı, həm yaraşıqlı olması gənc yaşda parlamasına səbəb olmuş, oxucuların sevimlisinə çevrilmişdi.

Yeni hökumətin tərənnümçüsü idi, digər tərəfdən isə həmin hökumətin bəzi təbliğatına etiraz da edirdi. Əgər onun müasirləri Sovet hökumətinin tar qadağasına boyun əyib, hətta bunu dəstəkləyən şeirlər yazdısa, o, bu təbliğatın önündə sipər olan bir şəxsiyyət oldu.

Necə ki, hazırda onun ocağı ilə üzbəüz təpədə “Oxu” sözü və iri daşdan yonulmuş tar yoldan keçənləri ayaq saxlamağa vadar edir...

Elə biz də toy mahnılarında eşitdiyimiz Xızı dağlarının ətəyində yerləşən ocaqda ayaq saxlayıb xatirə muzeyinə daxil olduq...

003
“Mikayıl Müşfiq adına xatirə muzeyi 1988-ci ildə bir qrup Müşfiqsevər insan tərəfindən yaradılıb. Polis-polkovniki Əbülhəsən Əhmədov, Tofiq Novruzov, Aydın Zeynalov, Cabir Novruz, Nəbi Xəzri kimi insanların təşəbbüsü ilə Müşfiqin 80 illik yubileyindən sonra Müşfiq ocağının yaradılması qərarına gəlinib. Əvvəlcə istəyiblər ki, park və ya Müşfiq fondu yaradılsın, sonra qarabulaqlı şair Ağasəfanın ideyası əsasında Müşfiqin atası Əbdülqədirin bağ-bostan yeri olmuş kənd dəyirmanının yerində “Müşfiq ocağı” yaradılır” – bizi qarşılayan muzeyin direktoru Orxan Əzimov bildirir.

Müşfiq üçün öncə simvolik məzar qoyulur, büstü hazırlanır. Muzeyin girişində yerləşən həmin büst memar Münəvvər Rzayeva tərəfindən hazırlanıb. Daha sonra bina inşa olunub. Əvvəlcə ictimai əsaslarla fəaliyyət göstərib, hər il doğum və ölüm günləri qeyd olunub, müxtəlif tədbirlər keçirilib. 2004-cü ilə qədər beləcə davam edib.

IMG_8594

“Bura Xızının vizitkartıdır”

“2004-cü ilin 15 sentyabr tarixində o zamankı Mədəniyyət naziri Polad Bülbüloğlu tərəfindən verilən qərara əsasən, bina Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alıb. Mikayıl Müşfiqə aid yeganə tikilidir. Onun Bakıda yaşadığı ev qorunub saxlanılmayıb. Sayadlar kəndində doğulduğu ev də dağıldığı üçün məhz burada bina onun xatirə muzeyi kimi nəzərdə tutulub. Artıq on ildir ki, fəaliyyət göstərir. May ayından etibarən muzeyə kütləvi axın başlayır. Ekskursiyalar olur. Bura Xızı rayonunun vizitkartıdır. Buradan keçən hər kəs mütləq muzeyi ziyarət edir. Ən çox Bakı və Sumqayıt məktəblərindən şagirdlər gətirilir. Gün ərzində 100-200 nəfər ziyarətçinin gəldiyi olub. Yay aylarında isə şənbə-bazar günləri axın olur. Bakıdakı Mikayıl Müşfiq adına 18 saylı məktəbdən tez-tez ziyarətçilər gəlir” – O.Əzimov bildirir.

IMG_8619
Şəxsi əşyalar muzeyə gətiriləcək, amma…

Qutqaşınlının ev muzeyində olduğu kimi burada da əsasən fotoşəkillər və kitablar düzülüb. Müşfiqin şəxsi əşyalarına gəldikdə isə:

“Müşfiqin şəxsi əşyaları var, onlar sadəcə muzey bir otaqlı olduğuna görə burada deyil. Yəni burada saxlamağa şərait yoxdur. Onun əşyalarının çoxu əmisi nəvəsi, şair Vahab İsmayılzadədədir Vahab bəy Müşfiqin əmisi Əbdülcavadın nəvəsidir, Bakıda yaşayır. Onun anası Əziza İsmayılzadə (3-4 il əvvəl vəfat edib) Müşfiqin əmisi oğlu Yunus Dağlının həyat yoldaşıdır. Yunus Dağlı da o vaxtı həbs olunmuşdu. Müşfiqə xalq düşməni adı veriləndən sonra bu nəsli sıxışdırmağa başladılar. Müşfiq həbs olunandan sonra evindəki əşyaların bir çoxu yandırıldı, bəziləri isə əmisi tərəfdən nəsil davam etdiyinə görə onlar tərəfindən qorunub saxlanıldı. Əgər muzeyə otaqlar əlavə edilsə, stendlər düzəldilsə, o əşyaları muzeyə təhvil verəcəklər. Muzeyin yenidən qurulması planda var”.

IMG_8533

Müşfiqin qanının axdığı torpaq…

Muzeydə müxtəlif portretlər, xalçalar asılıb. Həmçinin Müşfiqin həyatına aid fotolar, sənədlər çərçivələnərək onun həyat yolunu canlı şəkildə göstərir. Minayət Dəyanətqızı tərəfindən Müşfiqin həyatını anlatan iri portret asılıb. Siyəzənli bir xanım tərəfindən toxunmuş xalça var. İsmət Axundovun çəkdiyi rəsm əsəri var.

“Burada əsasən fotoşəkillər, cinayət işindən götürülmüş həbs orderləridir. 3 iyun 1937-ci ildə Müşfiqin həbsinə order verilib, bir gün sonra isə həbs olunub. Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid üçü də bir gündə həbs olunub. Burada gördükləriniz sorğu-sual protokollarıdır. 12493 nömrəli cinayət işinin surətidir. Ölüm hökmünün sənədi var. 5 yanvar 1938-ci ildə hökm oxunub. Güllələnmə hökmü verilib, hökm də bir gün sonra Nargin adasında yerinə yetirilib. Müşfiq səhər saat 6-da güllələnir, meyiti Xəzərə atılır.

Burada rəmzi giliz var. O gilizin içində general-mayor Qasımov tərəfindən Nargin adasından bir ovuc torpaq götürülüb, Müşfiqin qanının axdığı torpağın simvolu kimi düzəldilib və muzeyə hədiyyə olunub”.

004

Müşfiqin “günah”ı nə idi?

Müşfiqin əsərlərini oxuyanlar bilir. Bugün bizim çox sevdiyimiz sevgi şeirləri ilə yanaşı onun sovet hökumətini tərənnüm edən çoxlu şeirləri var. Çünki Müşfiq yeni dönəmin şairi idi, müəllim idi, hakim təbliğata uyğun olaraq yaradıcılığına yön verirdi. Necə ki, Dilbər Axundzadə “Müşfiqli günlərim”də Müşfiqin bu cümlələrini qeyd edir:

“Dilbər, bu gün yığıncaqda bəzi bədxahlar məni o qədər tənqid etdilər ki, az qaldı ürəyim yerindən qopsun. Mənə deyirlər, sən xırda burjua şairisən. Bu söz mənə elə toxundu ki…axı burjua sözü deyəndə bizim gənclərin təsəvvürünə zəhmətdən qaçan, insanlıqdan kənar, xalqı, cəmiyyəti, vətənini sevməyən adamlar gəlir. Özün de, mən elə sifətlərə layiqəmmi?”

Elə isə onu repressiyaya, üstəlik sürgünə deyil, güllələnməyə aparan səbəb nə idi?

“Müşfiqin şeirlərində sovet hökumətini tərənnüm edən şeirlər var. Amma “Ana”, “Yenə o bağ olaydı”, “Həyat sevgisi” kimi şeirlər daha məşhur idi. Müşfiqin repressiyaya məruz qalmağının ilk qığılcımları 1929-cu ildə onun “Oxu Tar” şeirini yazması ilə başladı. O vaxt tara qadağa qoyulmuşdu, konservatoriyada tədrisi dayandırılmışdı, keçmişin qalığı, imkanlarının az olduğunu iddia edirdilər. Əsas məqsəd Azərbaycan muğamına zərbə vurmaq idi. Amma Üzeyir bəy həmin vaxtlarda tarı nota aldı, onun necə alət olduğunu isbatladı. Mikayıl Müşfiq Süleyman Rüstəmin “Oxuma tar” şeirinə cavab olaraq yazdı. O vaxt tara “məhkəmə” qurmuşdular. Müşfiqin o şeiri zalda deməsi böyük əks səda doğurmuşdu. O vaxt Müşfiqi sevməyənlər çox idi və həmin vaxt qəzetlərdə yazılırdı ki, kimdir axı 21 yaşlı Mikayıl Müşfiq ki, sovet hökumətinə meydan oxuyur. Daha sonra bəzi şeirlərində səhv tutmağa başladılar.

IMG_8521
Məsələn “Könlümün dedikləri” şeiri var. O şeirdə yazılır:

Mənim könlüm deyir ki, hələ bunlar nədir ki…
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər hələ qarşımızdadır!

Bu şeiri belə yozdular ki, Mikayıl Müşfiq Sovet hökumətini bəyənmir, böyük günlərin hələ qabaqda olduğunu deyir. Onun cinayət işində də var ki, Müşfiq deyir ki, Azərbaycanın öz “müstəqilliyi” yoxdur, Rusiyanın koloniyası kimi yaşayır.

Və ya “Duyğu yarpaqları” şeirində belə bir bənd var:
Mən gəncəm, bilirəm istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var,
Yelkənim açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.

Belə yozurdular ki, Mikayıl dünyanı böyük bir dəryaya, Azərbaycanı kiçik bir sandala bənzədir, Azərbaycan azadlığa getmək istəyir, amma qara yel adlandırdığı Sovet hökuməti onu getməyə qoymur.
Bu kimi şeirlərini yozaraq onun həbsi üçün bəhanə verdilər. Beş iyunda Müşfiq 29 yaşını həbsxanada qeyd elədi. Dilbər xanımın xatirələrində var ki, Müşfiq hazırlaşırdı ki, hamamda üzünü təraş etsin, səhər ad gününə qonaqları gələcəkdi. Həmin gecədə Müşfiqi apardılar”.

IMG_8599

Əzmini necə qırdılar?

“Firudin Qurbansoyun “Göylərin lacivərd ətəklərində” adlı arxiv materialları əsasında yazdığı kitabı var. Müşfiqə elan olunan əksinqilabi fəaliyyətləri o ilk öncə inkar edirdi, ittihamları təkzib edirdi. Deyirdi ki, heç bir gizli qruplaşma yoxdur, əksinqilabi fəaliyyətdə iştirak etməyib. Lakin bir müddət sonra onun qarşısına donoslar gətirilir ki, Müşfiqin əzmini qıran da bu olur. Oktyabrda ona tanıdığı, özünə dost bildiyi insanların yazılarını gətirirlər. Hətta ona işgəncə verən həkim dəhşətə gəlir ki necə dözümlüdür. Onun gündə bir dırnağı çəkilir, suyun içində saxlanılırdı…

Artıq bundan sonra məcbur qalır, o ittihamlara fərqli cavab verir. Düşünür ki, həbsdə qalacaq və ya sürgün ediləcək. O, gözləməzdi ki, 5 yanvar tarixində ona 20 dəqiqə ərzində hökm oxunacaq”.

IMG_8610

Ayna Sultanovanın təklifi

Ayna Sultanova həbs olunmamışdan bir neçə ay əvvəl Müşfiqi yanına dəvət edir. Ona deyir ki, bəs, Hüseyn Cavid həbs olunacaq, sən, Hüseyn Cavid əleyhinə bir-iki şey yaz, səni xilas edək, onsuz da Cavidi itirmişik. Müşfiq cavab verir ki, sağ əlimlə yazsam, sol əlimlə onu baltalayaram. Ayna Sultanova buna dözməyib ağlayıb otaqda.

Müşfiqin güllələndiyi gün Bağırovun qarşısına sənədi qoyanda görür ki, 29 yaşı var. Yumruğunu stola vurur ki, onu qurtarmaq olardı. Yəni Bağırovu birbaşa ittiham etməyək. O, Üzeyir Hacıbəyovu, Səməd Vurğunu repressiyadan xilas edib”.

IMG_8528

Qan pulundan imtina edən bacı

Mikayıl Müşfiqin öldürülməsindən sonra onun ailəsi də repressiyaya məruz qalır.
“Öncə böyük qardaşı Mirzə təzyiqlərə məruz qalır. Onun bizdə heç fotosu da yoxdur. O, ailəsi ilə birgə itkin düşüb. Bəzi məlumatlara görə, Astaranın Pensər kəndində hesabdar işləyirmiş.

Böyük bacısı Böyükxanım İsmayılzadənin yoldaşı, həmçinin bibisi oğlu olan Zeynalabdin güllələnir. Böyükxanımı həbs edəndə üzərinə neft töküb özünü yandırır. Balacaxanım İsmayılzadə isə həmin vaxt üç ayın gəlini idi. Savadlı bir qadın idi, məktəbdə müəllim işləyirdi. Balacaxanımın yoldaşı Şükür Şükürlü adlı şəxs olub. Şükür öldürülüb, Balacaxanım isə həbs olunaraq Arxangelskə sürgün olunub. Orada altı il lager həyatı yaşayıb. Lagerdə tibb bacısı işləyib.

1956-cı ilin may ayında Mikayıl Müşfiqə bəraət veriləndən sonra o, Azərbaycana qayıda bilir. Sağ qalmış ailə üzvü kimi hökumət Balacaxanıma qan pulu təklif edir. Balacaxanım İsmayılzadə o puldan imtina edir. Həmin qan puluna 56-cı ildə on dənə “Volqa” avtomobili almaq olardı. Halbuki sürgündən qayıdan insan idi, bir müddət kirayədə yaşamışdı”.

IMG_8556

“Dilbərnamə” yandırıldı

Müşfiqdən sonra onun xanımı Dilbər Axundzadənin başına da ağır faciələr gətirilir.
“Dilbər Axundzadə ilə 1933-cü ildə ailə həyatı qurmuşdular. Yalçın adında övladları körpə yaşında dünyasını dəyişmişdi. Müşfiq güllələnməmişdən bir həftə öncə dekabr ayında, Yeni il ərəfəsində Dilbər həbs olunur, 1939-cu ilin martına kimi həbsdə qalır. Ona verilən işgəncələrə bir qadın olaraq dözə bilmir, psixoloji durumu pozulur, həbsxananın nəzdində psixiatrik dispanserə yerləşdirilir. Nəhayət, bu kimi hallara görə azadlığa buraxılır və o doğma şəhəri Gəncəyə qayıdır. İkinci dəfə ailə həyatı qurur, bir oğlu, bir qızı olur. 1990-cı ilə qədər yaşayıb, “Müşfiqli günlər” əsərini yazıb.

Müşfiq həbs olunana qədər on kitabı çap olunmuşdu, hətta “Çağlayan” adlı 11-ci kitabı çapdan çıxmaq üzrə idi. Həbs olunanda dostları o kitabı gizlətdi, ta ki bəraət alandan sonra çap olundu. Müşfiq həbs olunandan sonra o dönəmdə çap olunan kitabları məhv edildi. Qadağan edilmiş kitablar kimi yandırıldı, bizə gəlib çatan şeirlərinin çoxu sovet hökumətinə aid tərənnüm şeirləridir.

Dilbərə yazdığı şeirlər isə Dilbər xanımın yaddaşında gəlib çatıb bizə. Onun “Dilbərnamə”si əlyazma şəklində evdən götürülüb yandırılıb. Dilbər xanım deyir ki, mən Müşfiqə neçə dəfə dedim ki, bunları götür nəşr elə, itib-batacaq. Dedi ki, kişinin öz qadınına yazdığı şeiri heç kim oxumamalıdır. “Qal sənə qurban” kimi şeirləri Dilbər xanım deyir ki, o qədər mənə oxuyurdu ki, artıq yaddaşıma yazılmışdı. Yəni bu şeirlər o vaxtı çap olunmamışdı, hamısı Dilbər Axundzadənin yaddaşında gəlib çatıb bizə”.

IMG_8537

Səməd Vurğunun göz yaşı

“Səməd Vurğun 9 iyun tarixində Müşfiq həbs olunandan beş gün sonra “Ədəbiyyat” qəzetində Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq haqqında bir məqalə yazıb. Səməd Vurğun deyir ki, biz Mikayıl Müşfiq, Əhməd Cavad kimi insanlara Yazıçılar İttifaqının qapısını açdıq. Amma sonralar Yazıçılar İttifaqında belə hadisə olub. Səməd Vurğun həmin vaxt artıq bir nömrəli şair idi. Həmin vaxt Məmməd Rahimə sual veriblər ki – bu vaxt Səməd Vurğun da arxada olub, onu görməyib – Mikayıl Müşfiq necə bir şair olub, o da deyib ki, indi bir-iki şeiri yadda qalıbsa, o demək deyil ki, güclü şair olub. Səməd Vurğun ağlayıb, gözündən yaş gəlib, əlini Məmməd Rahimin çiyninə vurub deyib: “Səni bilmirəm, məndən yaxşı şair idi”.

Yazı “Bakcell”in maliyyə dəstəyi ilə hazırlanıb


Müəllif: Dilqəm Əhməd, Mülkədar Rüstəmov
Загрузка...