1 Yanvar 2022 09:16
3 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı-publisist Qurban Yaquboğlu Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Müsahibəni təqdim edirik:

- Qurban müəllim, sizinlə 2021-ci ilin son günlərində söhbət edirik. İl yaradıcılığınızda və şəxsi həyatınızda hansı yeniliklərlə yadda qaldı?

- Təəssüf və təəccüblə deməliyəm ki, hər şey - həm şəxsi həyatım, həm də işim və yaradıcılığım pandemiya konteksində qiymətləndirilə bilər. Pandemiyanın gətirdiyi narahatlıqlar nikbin gözləntilərin əksinə davam eləyir. Mənim üçün ən mürəkkəb məsələlərdən biri də pandemiya ilə bağlıdı. Bir qisim insanlar kimi mən də düşünürdüm ki, bəşəriyyətin üzləşdiyi bu problem insanların həyat tərzinə, təfəkkürünə çox ciddi təsir göstərəcək. Bu virusun bizə nəyisə təlqin etməyə gəldiyi fikrindəydim.

Virusun yayılmasıyla bağlı müxtəlif versiyalar hələ də qüvvədədi: bunu şüurlu varlıqlar, yəni insanlarmı yayıb, tamamilə təsadüf nəticəsində insana heyvandanmı keçib, yoxsa bu, Allah tərəfindən mesaj və ya göndərilmiş bəladı? Doğrusu, zamanla virusun mənşəyi haqda fikirlərim dəyişdi. İlk günlərdə COVID-19-u Allah tərəfindən göndərilmiş bir mesaj, bir sınaq sayırdımsa, bu fikir son zamanlar məndə zəiflədi və sarsıldı.

İkincisi, pandemiyadan sonra bütövlükdə bəşəriyyətin və insan münasibətlərinin dəyişəcəyi fikrindən də daşınmalı oldum.

Bu sarsıntının bəşəriyyətə bir təkan olacağı və yeni bir dövrün başlayacağı fikri mənə, ola bilsin, gözlə görünən sadə detalların müşahidəsini vəd edirdi. Amma indi görürəm ki, insanlar əvvəl necəydilərsə, elə o cürdülər. Bəlkə də dəyişiklik var, amma hələlik sezilmir.

- Necə düşünürsüz, növbəti bir qlobal müharibə insanları dəyişərmi? Savaş insanlara dərs verirmi?

- İnsanların dəyişməsiylə bağlı məsələ hər zaman problematik olub. Daimi mühərrik kimi insan beyni də dayanmadan suallar ətrafında çalışır. O suallardan biri də budu - görəsən, insanları nə dəyişir: elm, texnika, inqilablar, qorxular, lider və ya peyğəmbərlər?! Bu suala birmənalı, aydın cavab yoxdu. Mən qəlb və şüur etibarilə Allahmərkəzli biri olaraq insanların fövqəlgücün müdaxiləsi şəraitində yaşadığını qəbul edirəm və baş verən hadisələrdə hikmət axtarıram.

Müharibələr hadisələri kulminasiya nöqtəsinə aparan bir prosesdi, bir tərəfdə kütləvi coşqunluğa, o biri tərəfdə eyni qaydada pessimizmə gətirir. Hətta savaşda, döyüşdə iştirak eləməyənlər belə özünü onun içində görür.

Digər yandan müharibələr hansısa fərqli bir dövrə başlanğıc verir. Bəlkə də indi dünyada müharibə çatışmazlığı var. İnsanlar qəzəblərini gizli şəkildə reallaşdırırlar. İnsanlar qəzəbdən, hirsdən arınmadıqlarına görə çoxlu bəlalar törədirlər. Adama belə bir fikir doğma gəlir ki, bəlkə müharibə olsaydı, vəziyyət yaxşılığa doğru dəyişərdi.

Məsələn, 2020-ci ildə pandemiya dövründə baş verən 44 günlük Vətən müharibəsi kimin necə münasibət bəsləməsindən, hətta kimin qalib, kimin məğlub olmasından asılı olmayaraq bölgədə yeni bir düzənin, özü də, zənnimcə, ədalətli bir düzənin başlanğıcı olacaq. Bu mənada müharibələrin müsbət tərəflərini də qeyd etmək lazımdı.

- 44 günlük Vətən müharibəsindən bəhs etdiniz. İşğaldan azad edilən Şuşa şəhərinə səfər etmək nəsibiniz oldu, orada məsciddə namaz da qıldınız. Təəssüratlarınızı bilmək istərdik...

- Bir daha əmin oldum ki, Şuşa, Qarabağ dağları və Qarabağın özü olmadan Azərbaycan deyilən məfhum, dövlət mövcud ola bilməz. Bizim millət və dövlət kimi taleyimiz Qarabağın mövcudluğundan asılıdı. Mən buna qəti şəkildə əmin oldum.

Həm də Qarabağ toplum olaraq şüurumuzda ölüm-qalım məsələsi kimi kodlaşmışdı. Şuşanı azad etdikdə sanki bütövlükdə Azərbaycanı xilas elədik. Mənə elə gəlir ki, insanlar mif yaratmasalar yaşaya, qalib gələ, yürüşlər edə və finişə çata bilməzlər.

Şuşa sözün yaxşı mənasında bizim üçün həm də mifik bir əraz, sakral bir məkandı. Şuşa bizim varlığımızın açarıdı. Mənim vaxtilə Babadağı və Kəbə ziyarətimdən sonra ən çox təsirləndiyim ünvan Şuşa oldu. Şuşa taleyimizin həlledici şəhəridi. Onu qorumağa məhkumuq.

- Qurban müəllim, eşitdiyimizə görə, Babadağına gedərkən əhd etmisiniz...

- Bu barədə bir dəfə, deyəsən, dar dairədə danışmışam... Belə bir əhd olub, amma Babadağına bağlı deyildi. Mən müqəddəsliyə inanan insanam, amma müqəddəslik təkcə mücərrəd məfhum olub qala bilməz. Babadağına qardaşımla getmişdik, yol boyu ondan dağa nə zaman yetişəcəyimizi soruşurdum.

Babadağını görəndə bir qədər sarsıldım, çünki təsəvvürümün əksinə, sarıya çalan bomboz, adi bir dağıdı. Amma mənim dağla kontaktım alındı və möcüzəyə oxşar bir hadisəylə qarşılaşdım. Bu başqa bir söhbətin mövzusudu.

- Ola bilər ki, sizin əhdinizin yerinə yetməsi inancınızla yox, cəhdlərinizlə bağlı olub?

- Ümumiyyətlə, insanın bihudə yaranmadığına, onun kosmik varlıq olduğuna və yaradılışında uca, ali məna gizləndiyinə inanıram. Onu yalnız ayrı-ayrı din və kiçik inanclarla məhdudlaşmaq istəmərəm. Ziyarətə getdiyim yolun məğzi yalnız kiçik arzuyla sərhədlənmirdi. Mən özümü böyük bir dünyanın bir zərrəsi, amma əhəmiyyətli zərrəsi sayırdım. Sanki Allahla kontaktdaydım.

Fikrimcə, insan öz arzuları üçün böyük cəhdlər göstərməlidi. Eyni zamanda başa düşməlidi ki, arzuların da, insana verilənlərin də bir həddi var. Hər şeydən hər kəsə pay ayrılmayıb. Bir sıra arzular var ki, heç vaxt həyata keçmir. Bu, insanla ətraf aləmin və taleyin kəsişməsində çox mürəkkəb məsələdi. Əlbəttə, insan fəaliyyətinin hikməti cəhdlərlə sənə çatanlar arasında nisbətin dəyişməsindədi.

- İşiniz yaradıcılığınıza nə dərəcədə təsir edir? "Mən yoxam" adlı romanınızın çapından sonra davamının gəlməməsinin səbəbi nədi?

- Özümü həmişə, hətta heç nə yazmayanda da yaradıcılığın içində hiss eləmişəm. İlk şeirim erkən yaşımda - mən altıncı sinifdə oxuyanda rayon qəzetində çap edilmişdi. Təyinatla məktəbimizə müəllim gəlmiş, indi Bakı Dövlət Universitetinin professoru olan Alxan Bayramoğlu qəzetdə çıxan şeiri mənə göstərəndə bir anlıq sevincdən sanki qanadım çıxacaqdı.

- İlk şeiriniz nə haqda idi?

- Şamaxı haqqındaydı... Amma səkkizinci sinifdə həyatımda tamamilə başqa hadisələr başladı. Yeniyetməliyin anlaşılmaz diqətsi altında bir qıza vuruldum, arada məndən asılı olmayan xoşagəlməzliklər də baş verdi. Məhz bu hadisələr məndə böyük sıçrayış yaratdı. Belə bir qənaətə gəldim ki, insanın qarşılaşdığı stresə, sarsıntıya, hətta problemə mütləq neqativ nəticəyə gətirəsi bir dəhşət kimi yanaşmaq lazım deyil.

Rayon qəzetində işləyən Zahid Sarıtorpaq da onda qarşıma çıxdı və o, rayon partiya təşkilatının orqanı olan bir qəzetdə on beş günün içində mənim - 8-ci sinif şagirdinin iki şeirini çap elədi.

Söz vaxtına çəkdi. Redaksiyaya Yeni il ərəfəsində getmişdik, Zahidə apardığım dəftərin içində Yeni ilə həsr olunmuş şeirin bir bəndi indi yadımadı:

Sən də, ay Yeni il, yüyürüb, gəldin,

Gözümü açmamış, aça bilməmiş.

Mənim bu sevimli, əziz kəndimin

Yolların doyunca qaça bilməmiş.

- Bir yazıçı kimi ədəbi fəaliyyətiniz və ədəbi mühit haqqında fikrinizi öyrənmək istərdik...

- Kənardan da göründüyü kimi, mən ədəbiyyatla sistemli və ciddi şəkildə məşğul olmamışam. Bu, həm də mənim üçün özünü hansısa proseslərdən qırağa çəkmək üsuludu. Çalışmışam olduğumdan böyük görünməyim, ədəbiyyatla biliyim, intellektim, savadım çərçivəsində məşğul olum. Amma artıq qeyd elədiyim kimi, ədəbiyyat zamanında mənim həyatımı müəyyənləşdirən amilə çevrildi.

Erkən dövrlərdən başlayaraq rayon qəzetində, daha sonra ölkənin ədəbi qəzet və jurnallarında çap olundum. Təvazökarlıqdan uzaq olsa da bunu deməyə özümə borc bilirəm. Onda hələ ali təhsilim olmaya-olmaya Vaqif Bayatlının Aqil Abbasa tapşırğıyla "Ədalət" qəzetində işə düzəldim. Sonra "Xəzər" jurnalında və "Yol" qəzetində işlədim. Azərbaycan ədəbiyyatının ən tanınmış yazıçı və şairləriylə iş yoldaşı oldum.

Çox da təfərrüata varmadan tərcümeyi-halımda bu məqamı bir məsələyə görə təkrarladım. Yaxın günlərdə bir gənc yazıçı barədə tənqidi fikir bildirmişdim. O da cavabda təxminən belə yazmışdı ki, "bəlkə Qurban Yaquboğlu gənclik vaxtında zərbələr aldığına görə indi gəncləri vurmağa çalışır".

Əksinə, böyük qayğı görmüşəm. Mənim həmişə xüsusi bir şüarım olub, pis heç nə yazıb çap eləməyəcəm. İlham pərim və təbim gəlməyəndə yazmadım. Yaza bilməyəndə isə heç vaxt cəhd etmədim ki, mütləq yazıçı olmalıyam. Bilmirəm bu fikrimi kim necə dəyərləndirəcək... Bəlkə də həmin dövrdə mənə yaradılan imkanlar başqaları üçün açılsaydı, bu gün fəxri adları vardı, ədəbiyyat sahəsində mühüm mövqe tutmuşdular, Azərbaycan Yazıçılar Birliyində müxtəlif vəzifəyə təyin edilərək kostyum-qalstukda gəzirdilər.

Düzü, mən bu yolu tutmadım, düşündüm ki, yalnız fayda verəcəyim işlə məşğul olacam. Ona görə 1990-cı illərdə ictimai-siyasi jurnalistikaya getdim, yaza bilməyəndə isə yazmadım.

Heç vaxt pis adam olmayacağıma, heç kimə pislik etməyəcəmə söz verdim. Bu nə dərəcədə alındı, alınmadı bilmirəm. Hər zaman özümü pis əsərdən qorumağa çalışdım. Hesab edirəm ki, ən gizlin düşüncələrimi "Mən yoxam" romanımda göstərdim. Hazırda yeni mətnlər də yazıram. Yenə deyirəm, maksimum dərəcədə çalışıram pis mətn təqdim eləməyim.

Bunlar haqda mərhum gənc yazar Mövlud Mövluda da danışırdım. Onu öz aləmimdə özümə şəyird götürmüşdüm. Təəssüf ki, onun həyatı yarıda qırıldı, böyük acılar fonunda mənim işim də yarımçıq qaldı. Həmişə ona bir neçə söz deyirdim, bunu gənc yazıçıların da bilməyini istərdim. Mövluda deyirdim ki, yazıçı ədəbi pəhriz saxlamağı bacarmalıdı, ədəbiyyatla bağlı hərəkətlərində, davranışlarında, nəfsində çərçivələri gözləməlidi. Hər yetənə müsahibə vermək olmaz, gərək özünü şou əhli kimi göstərməyəsən.

Mənim ona və yəqin bütün gənc, hətta qoca ədiblərə də deyiləsi bir sözüm var: yazıçı sıradan bir insan deyil. O, özünü lətifə qəhrəmanı və ya mətbəx hərisi kimi göstərməkdən uzaq durmalıdı. Yazıçı ciddi fiqurdu.

- Anar, Elçin kimi yazıçıların ədəbi-ictimai və ya siyasi fəaliyyətinə necə baxırsız? İkinci sualımız: Şamaxının Göylər kəndində doğulmusunuz. Ümumiyyətlə, gələcəkdə rayonunuzu təmsil etmək üçün, məsələn, millət vəkilliyinə iddia edərsinizmi?

- Bizim gəncliyimizin əsas məşhur yazıçıları sırasında Anar və Elçinlə yanaşı Əkrəm Əylisli, Yusif Səmədoğlu, Sabir Əhməli, Mövlud Süleymanlı, şairlərdən Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Məmməd Araz da vardı. Əlbəttə, bu, tam siyahı deyil. Bura yazıçılardan Çingiz Hüseynovu, şair Eldar Baxışı da əlavə etmək lazımdı.

Mənə təsir edən yazıçılar sırasında Anarın adını xüsusi qeyd edə bilərəm. İkinci Yusif Səmədoğlu gəlirdi. Yazıçı Elçinin isə "Ölüm hökmü" romanını, bir sıra hekayələrini (məsələn, "On ildən sonra", "Beş qəpiklik motosikl", "Qatar. Pikasso. Latur. 1968.") indi də xatırlayıram.

O ki qaldı, yazıçının ictimai-siyasi həyatda iştirakına... Mən yazıçını həmişə hadisələrdən bir qədər yüksəkdə dayanan müdrik kimi görmək istərdim. Mənim yazıçı obrazım vicdanlı, haqqı-nahaqqa verməyən, gücü çatmayanda heç olmasa susan hikmətli bir şərq adamıdı. Elə bir yazıçı yoxdu ki, o, ictimai-siyasi proseslərdə iştirak etməklə itirməsin. Bu mənada düşünürəm ki, ən yaxşı yazıçımız da ictimai həyatda uduzub. Hər halda bizdə belədi.

İkinci suala gəlincə, son zamanlar bir terminlə tanış oldum və onun cazibəsinə düşdüm. Topofiliya - müəyyən məkanlara sevgi deməkdi. Düzdü, insan vətəndən kənar yerə də bağlana bilər, bu da topofiliya anlayışına daxildi. Mənə elə gəlir ki, yer üzündə mənim ən çox sevdiyim məkan elə doğulduğum yurddu, torpaqdı, coğrafiyadı və ola bilsin, bu, müəyyən tip insanlara xas bir bağlılıqdı. Bəlkə də zəiflik əlamətidi, çünki sığınmaqdı...

Mən 21 yaşımda Bakıya köçmüşdüm, hamıdan gizli saxlamağa çalışdığım bir xasiyyətim vardı. Düz iki həftədən sonra kəndimizdən darıxmağa başlayardım və uzağı 1 aydan sonra müxtəlif bəhanələrlə kəndimizə getməyə çalışırdım.

Mən diqqət eləmişəm, kəndinə, yurduna, vətəninə bağlılıqda, ola bilsin, tərəkəmə-maldar təfəkkürünün hələ də qalıqlarını yaşadan insanlarda belə bir şakər aparıcı olur - onlar kəndinə, bölgəsinə qida mənbəyi kimi, faydalanacağı bir coğrafiya kimi, bir az da kobud desək, örüş yeri kimi yanaşırlar. Mən isə kəndimizdən bəhrələnmək yox, ona nəsə verməyi düşünürəm. Üstün tutduğum motiv budu.

- Yazıçıların ictimai-siyasi həyatda uduzduğunu qeyd etdiniz. Ümumiyyətlə, Kamal Abdulla, Anar, Əkrəm Əylisli uduzdumu?

- Bəlkə də şəxs olaraq uddular, ədib kimi yox... Hər halda ədəbiyyatımız qazanmadı. Mən yazıçı Anarın yerinə olsaydım, yaxud o, məndən məsləhət alsaydı, çoxdan ona deyərdim, postunuzu təhvil verib, yaradıcılığınızla, yaradıcı aləminizlə, bir sözlə, ədəbiyyatla məşğul olun. Bu sözləri yuxarıda vurğuladığım kimi sevimli yazıçım olduğuna görə deyərdim.

Bir məqam da var, cavan şairlərin-yazıçıların Anara və digər yaşlı nəsildən olanlara münasibəti də mənə görə, anlaşılmaz bir şeydi. Bu, şeytani münasibətdi.

Mənim üçün ən böyük sarsıntı və sual yaradan məqam yazıçı Əkrəm Əylislinin sonuncu romanı idi, "Daş yuxular"dan söhbət gedir. Bu əsəri yaxın günlərdə tam oxudum və dəhşətə gəldim. Məşhur ədəbi saytlardan birinin jurnalisti Əkrəm Əylislidən müsahibə götürmüşdü. Ən qəribəsi bu idi ki, Əkrəm Əylisli kimi nəinki iki xalq arasında, ümumiyyətlə, hamının qarşısında hələ də özünü nadinc uşaq kimi aparan yazıçıya "Daş yuxular"la bağlı bir sual da verməmişdi.

Mən ədəbiyyatla maraqlanan hər bir oxucuya demək istərdim ki, o əsəri heç olmasa bir dəfə oxusun. "Daş yuxular" yalnız ona görə pis əsər deyil ki, iki xalqın münaqişəsində azərbaycanları hədəfə alıb, xeyr, bu, bütövlükdə həqiqətə atəş açan bir romandı. Müəllifin özünün iddiasının əksinə, ermənilərlə azərbaycanlılar arasında barışdırıcı nöqtələri yox, məhz qızışdırıcı məqamları axtarır, birtərəfli qaydada münaqişə tərəflərindən birini, özü də nədənsə öz xalqını günahlandırır.

Nə qədər paradoksal görünsə də, öz ədəbi nəsli arasında son illər ən cəsarətli addımı Əkrəm Əylisli atdı. O da Azərbaycan xalqının və mənim qəti inamıma görə, böyük hərfli həqiqətin ziyanına oldu. Bu cəsarətli addımı bir xalqa və bir xalqın simasında bütövlükdə həqiqətə vurulan təpik saymalıyıq.

- Əkrəm Əylisli haqqında danışanda onu müdafiə edənlər də var idi ki, yazıçının nə yazdığı sorğulanmamalıdı. Bu fikirlə razısınızmı?

- Hər halda əsər, mətn özünün qiymətini almalıdımı? Almalıdı. Hər bir oxucu, ədəbiyyatçı oxuduğu əsəri dəyərləndirməlidi və bunu da heç kəsə yasaqlamaq olmaz. O ki qaldı, ədəbi-estetik baxımdan dəyərləndirməyə, düşünürəm ki, "Daş yuxular" Əkrəm Əylislinin ən zəif əsərlərindəndi.

Ümumiyyətlə, fikrimcə, Əkrəm Əylisli öz ədəbi nəsli arasında Yusif Səmədoğludan da, Anardan da aşağı yazıçıdı. Yaradılış, kosmos, insan taleyi kimi qlobal temalar Əkrəm Əylislinin əsərlərinə yaddı.

- Necə düşünürsünüz, Əkrəm Əylislinin bu əsəri yazmaqda məqsədi nə idi? İnsan birdən-birə niyə belə bir addım atsın ki?

- Bununla bağlı müxtəlif versiyalar var, deyirlər ki, Nobel mükafatı almaq istəyib və sair. Bu, yazıçı təbiəti haqqında ən mürəkkəb suallardan biridi. Bəlkə də axına qarşı üzmək, hamıdan fərqlənmək eşqi olub? Bizim bilmədiyimiz elə məqamlar var ki, yazıçının yaşında, genetikasında və yaradıcılığında əvvəl-axır təzahür edir. Bu mənada görünür, bu tema Əkrəm Əylislinin uzun illər daxilində gəzdirdiyi vulkanik ocağın püskürməsidi.

Bu, heç bir halda təsadüfi ola bilməz. Heç bir yazıçı öz xalqını və yaxud başqa xalqı o dərəcədə aşağılamaz.

- Ədəbi mühitdən və oxuculardan "Mən yoxam" romanına reaksiyalar necə oldu? İstədiyiniz reaksiyanı ala bildinizmi?

- Doğrusunu desəm, düşünürdüm ki, "Mən yoxam" romanı kütləvi diqqət çəkə bilməz, amma bir qrup oxucunu silkələyə bilər. Düzdü, reaksiyalar oldu, amma mən gözlədiyim qədər yox. Bu məqamda əksər müəlliflərin təsəlli tapdığı bir sərfəli "gələcək zaman" anlayışı var... Yəni mənim mətnimin qədrini indi bilmirlər, amma bir vaxt gələcək ki... Və sair və ilaxır...

- Mövlud Mövlud həmişə deyərdi ki, kaş imkanım olaydı, Qazaxa gedib əsərimi yazaydım. Sizdə də belə istəklər olurmu?

- Öz yerinə-yurduna bağlı bir insan olmağıma baxmayaraq bu suala aydın cavabım yoxdu - doğrudan, mən harada, hansı məkanda tam və uzun müddətə rahat ola bilərəm?! Yer kürəsinin hansı bölgəsində hüzur taparam? Və mənim özüm üçün tam aydın deyil ki, harada, kiminlə, kimin yanında xoşbəxt olaram. Mən yəqin hələ öz coğrafiyamı bulmamışam.

Amma şübhəsiz ki, harada oluram-olum, insansız mənə çox çətin olar. Bilmirəm, başqalarında vəziyyət necədi. Hərdən ünsiyyət üçün dəhşətli dərəcədə darıxıram. Yəni birdəfəlik susmağı təsəvvür eləmirəm.

O ki qaldı yazmağa, bu, bütün maneələrin dəf olunmasından sonrakı prosesdi. Nədi o maneə? Milçək vızıltısı, hava şəraiti, temperatur, yüksək tonlu səs?.. Bəzən bunların hamısından çox insan. Tənhalıq yazmaq üçün ideal şəraitdi. Təklik insanı yazmağa kökləyən ən yaxşı vasitədi.

Hazırda bir roman və bir povestlə məşğulam. Yəqin onları başa çatdırmamağımın səbəbi bütün maneələri aradan qaldıra bilməməyimdi.

- Mövludla bağlı xatırladığınız hadisə çoxdumu?

- Mövlud elə insanlardandı ki, belələrinin ətrafında həmişə qəribə əhvalatlar cərəyan edir. Hətta öləndən sonra da... Bu yaxınlarda redaksiyada Mövluddan söhbət elədik. Mən Zahid Sarıtorpağa zəng eləməliydim, otaqdan çıxan kimi redaksiyanın telefonuyla ona zəng vurdum.

Həmişə aydın, gülümsər səslə cavab verən Zahid boğuq şəkildə "Bəli" cavabı verdi. İlk ağlıma gələn bu oldu: redaksiyanın telefonundan zəng eləmişəm deyə Zahid məni tanımadı. Tez qayıtdım ki, Zahid, mənəm, Qurbandı. Birdən səsi açıldı. Dedi, bəs Mövludun telefonundan zəng vurursan, axı. Bu nömrə dedi, məndə Mövludun adıyla qeyd edilib, Tərcümə Mərkəzində də Etimadgilə göstərdim ki, baxın, Mövluddan mənə zəng gəlir...

- Siz özünüzdən sonra necə bir iz qoymaq istərdiniz?

- Mənim ən çox qorxduğum cəhətlərdən biri eqoist görünməkdi. Bilmirəm bu yaşla bağlıdımı... Ona görə bu suala ehtiyatla cavab verim. Kunderanın belə bir sözü var, təxminən ifadə edəcəm: "Biz heç vaxt başqalarında necə təəssürat buraxdığımızı tam dolğunluğuyla bilməyəcəyik".

Bununla belə, zənnimcə, məndən sonra mütləq bir iz qalacaq, buna şübhəm yoxdu, bəlkə öz kəndimdə, bəlkə ədəbiyyatda, bəlkə kiminsə ürəyində, taleyində, xatirəsində... Bir dəfə mənə bir insan demişdi ki, sən təsirləndirməyi bacarırsan.

Unuda bilmədiyim bir qəribə əhvalatı danışım. 90-larda redaksiyaların birində işləyirdim. Cavan kollektividi, onların arasında, deyəsən, ən yaşlısı mənidim. Bir gün oradan çıxası oldum. Bütün kollektiv oğlanlı-qızlı məni coşquyla, hörmət-ehtiramla qapıya qədər ötürdü. Niyə belə alındı, niyə məhz həmin redaksiya və həmin kollektivlə?.. Həmişə bu haqda düşünürəm.

İnsanın iz buraxması mistik prosesdi. Hesab edirəm ki, hər bir insan İsa Muğanna demiş, hansısa Bağa bağlıdı...

- "Mən yoxam" romanında çoxsaylı qadın obrazları var. Maraqlıdı ki, bir yazıçı üçün qadın nə deməkdi?

- Sufilər hesab edirlər ki, kişinin ilk vurulduğu qadın Allahın təzahürüdü. Yəni sufilərin fikrincə, ilk sevgidə Allah qadın sifətində bəndəsinə təcəlla edir. Düzü, qadında mən də böyük məna və hikmət görməyin tərəfdarıyam.

Məndə sual doğuran daha bir məsələ budu: insanın əbədi sevə biləcəyi qadın varmı? Bu suala da konkret cavab verməkdə çətinlik çəkirəm. Çünki qadına sevgi məcrasından çıxmış çay kimi aşıb-daşır, sonra tufan yatır, insan sakitləşir, çay məcrasına qayıdr. Bəs onda əzəl başda biri-birini sevən əks-cinslərin vəd verib, vəd almaq istədikləri əbədi sevgi nədi? Bəlkə, insan öz əbədiyyətini qarşı cinsdə tapmağa meyillidi? Bu məntiqlə kişi də hesab edir ki, əbədiyyətə yalnız qadınla gedə bilər...

Bilmirəm bu, Adəm-Həvva düşüncəsindən yaranıb, yoxsa Adəm-Həvva insan düşüncəsinin məhsuldu.

- İnsan bəzən sevdiyinə qovuşur, amma xoşbəxt olmur. Niyə?

- Deyirlər, dərin hislər xoşbəxtlik gətirmir. Amma yenə də insan əsas xoşbəxtliyini əks-cinsdə axtarır. Bizə verilən ilahi proqram deyir ki, kişi qadınla, qadın da kişiylə xoşbəxt ola bilər.

- Son söz olaraq nə demək istərdiniz?

- Yeni il qabağı olmasına baxmayaraq biz bu müsahibədə insan və zamandan çox insan və məkandan söz açdıq. İndiyədək çox redaksiyalarda işləmişəm. On ilə yaxındı "Teleqraf Holdinq"dəyəm. Burada işlədiyim müddət ən çox yazdığım və ən məhsuldar dövrüm olub. Əgər bu kollektivdə yığışıb məni ötürmək əvəzinə yığışıb məndən müsahibə götürmək ideyası yaranıbsa, əlbəttə, bunu dəyərləndirməmək olmaz. Sizə təşəkkür edirəm!


Müəllif: Nərgiz Cavadzadə, Mənsur Rəğbətoğlu, Rəqsanə Həsənova

Oxşar xəbərlər