Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan musiqi gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində baş tutub.
Əsas məqsəd Azərbaycanın zəngin mədəniyyətini Tbilisidə bir daha nümayiş etdirmək, Azərbaycanla Gürcüstan arasında dostluq və mədəni əlaqələrin təşviqidir.
Gecədə Azərbaycanın əməkdar artistləri - pianoçu Nərgiz Əliyeva və kamança ustası Fəridə Məlikova bəstəkar və xalq mahnılarını təqdim ediblər.
Azərbaycanlı musiqiçilərin müşayiəti ilə Tbilisi Opera və Balet Teatrının aparıcı solisti Armaz Daraşvili “Tbiliso” mahnısını, opera müğənnisi İamze Urumaşvili “Sənsiz” romansını ifa edib.
Musiqi axşamında aşıq Nargilə Mehtiyeva da çıxış edib. Onun gürcü müğənni Dito Kisişvili ilə birgə ifa etdiyi Azərbaycanın “Ay bəri bax” xalq mahnısının premyerası da baş tutub. Azərbaycan və gürcü dillərində yeni yazılan duet mahnı böyük rəğbət və alqışlarla qarşılanıb.
Tədbir çərçivəsində Azərbaycanın mədəniyyət nümunələri – xalçalar, milli musiqi alətləri, məişət əşyaları, əl işi olan gəlinciklər də sərgilənib. Musiqi gecəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstanın mədəniyyət xadimləri, azərbaycanlı ziyalılar və gənclər iştirak ediblər.
Zəngin musiqi proqramı iştirakçılara xoş ovqat bağışlayıb.
Sonda çıxış edən musiqiçilər və müğənnilər Azərbaycan milli musiqisinin təbliğinə görə təşəkkürnamələrlə təltif olunublar.