“Bölgədəki üç dövlət - Rusiya, Osmanlı və İran bir-birinə düşmən idi. Bura hər üç dövlətin marağındaydı. Amma dünyanı idarə edən Britaniya idi, xəritəni o müəyyən edir və təsdiqləyirdi. Tarixin ayrı-ayrı dövrlərində bir-biri ilə müharibə edən bu üç dövlətin əsas hədəfi Azərbaycanı ələ keçirmək idi. Rusiyanın Türkmənçay müqaviləsinə qədər Azərbaycanla bağlı hazır proqramı vardı, buranı tamamilə ələ keçirmək istəyirdi. Hətta Stalin dönəmində Azərbaycanın birləşdirilməsi məsələsi gündəmə gəlmişdi. Stalinin özü də bilirdi ki, Türkmənçay müqaviləsi strateji əhəmiyyət daşımır, hətta Təbrizə qoşun yeritmişdi”.
Tarixçi-alim Zaur Əliyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Azərbaycan torpaqlarını və xalqını bölən Türkmənçay müqaviləsinin imzalanmasından 194 il ötür. Rus İmperiyası üçün belə bir anlaşmanın imzalanmasında məqsəd nə idi?
- Türkmənçay müqaviləsinin bizə təqdim olunan mətni orijinal deyil. Eyni zamanda, İran və Rusiya mənbələrində olanlar da orijinal deyil. Əslində, Böyük Azərbaycanı iki yerə bölən Türkmənçay müqaviləsi həm də ingilis-rus razılaşması idi. Bu, Şərqdə güclü dövlətin olmamasını ehtiva edən anlaşmaydı.
Ruslar və Qarabağ Xanlığı ilə müharibə aparan Qacarın məqsədi bu idi ki, Azərbaycanı tam ələ keçirsin. Rusiya da buna imkan vermək istəmirdi. Bu savaşlar Azərbaycanı Cənub və Şimal olmaqla iki yerə parçaladı. Nəticəsi o oldu ki, parçalanan xalq iki fərqli mədəniyyətin– İran və Rusiyanın təsiri altına düşdü. Bir tərəfdə ruslar, bir tərəfdə də İran hökmranlıq etməyə başladı.
- Yəni Azərbaycanda mpərakəndəlikdən istifadə edib belə bir bölücü müqavilə imzaladılar?
- Bu proses xanlıqlardan sonra başlamışdı. Hər bir xanlıq öz müstəqilliyini elan etmişdi. Eyni zamanda, xanlıqlar arasında ciddi problemlər vardı, bir-biri ilə yola getmirdilər. Məsələn, Qarabağ Xanlığı Quba, Şəki və Şirvan xanlıqları ilə yola gedə bilmirdi. Yəni o dövrdə Vahid Azərbaycan ideyası yox idi.
Amma Qarabağ xanı danışıqlara getsəydi, bəlkə də bu gün Azərbaycanın parçalanması görməzdik. Bütün siyasi proseslərin kökü Qarabağ Xanlığından başladı. İbrahimxəlil Xan Qacarlara dirəniş göstərdi, axırda Şuşadan qaçdı. Ardınca Qacar gəlib Qarabağ Xanlığını aldı. Qacar burada öldürüldükdən sonra isə proses tamam fərqli hal aldı.
- Müqavilənin imzalanmasından bir il əvvəl Aleksandr Qriboyedov Qacar dövlətinin diplomatları ilə danışıqlarında Azərbaycana müstəqillik verilməsindən söz açırdı. Bəs bu nə idi: deyildiyi kimi təzyiq, yoxsa rusların həqiqətən belə bir planı olub?
- Dediyim kimi, o dövrdə müstəqillik anlayışı yox idi. Heç kim Azərbaycana müstəqillik vermək fikrində deyildi. Bunu hansı tarixçi yazıbsa, səhv yazıb. O dönəmdə Azərbaycana müstəqilliyin verilməsindən söhbət gedə bilməzdi. Problem o idi ki, xanlıqlar arasındakı nifaq regiona böyük təsir etdi. Xanlıqlar arasındakı problemlər böyük idi. Məsələn, Qarabağ Xanlığı Qacara qarşı müharibə etmək üçün Osmanlıya müraciət etdi. Xan öz vəzirini Osmanlı sarayına göndərib həm Qacara, həm də Rusiyaya qarşı savaşda sultandan kömək istədi. Əsasən də, bu köməyi Rusiyaya qarşı savaş üçün istəmişdi.
Osmanlı İbrahimxəlil xanın nümayəndələrinə bildirdi ki, müharibədən yeni çıxmışıq, Rusiya ilə yeni savaşa hazır deyilik. Diplomatik yolla Qarabağ Xanlığını başa saldılar ki, biz sizə kömək etməyəcəyik, özünüz başınıza çarə qılın.
Qacarın da Qarabağa təsiri vardı. Qacar bütöv Azərbaycanı ələ keçirməyə çalışırdı. Qarabağ Xanlığı isə danışıqlara getmək istəmirdi. Qacar da şərt qoymuşdu ki, mənim vassalım olacaqsan. İbrahimxəlil Xan isə müstəqillik istəyirdi. Xanın müstəqillik istəyi Rusiya ilə yaxınlaşmasına səbəb oldu. Gürcüstana gedib, orada gürcü çarı İraklinin tacqoyma mərasimində iştirak edəndə qubernator Burnaşovla görüşdü. Burnaşov onu diplomatik tonda başa saldı ki, biz sizə müstəqillik verə bilərik, amma o şərtlə ki, Rus İmperiyasına sədaqətinizi göstərəcəksiniz.
Hətta rus imperatriçası danışıqlar getdiyinə görə Azərbaycana qızıl əsa göndərmişdi. Amma Qacarın Qarabağ, ardınca Gəncəni işğal etməsindən sonra proses başqa hal aldı. Qacar geri qayıdandan artıq İbrahimxəlil Xan Şuşadan qaçmışdı. Beləliklə, İbrahimxəlil Xanın oğlu Qacarı öldürdükdən sonra Rusiya gördü ki, Qarabağ xanı artıq təslim olmağa meyllidir. Bundan sonra İbrahimxəlil Xan və oğluna Rusiya tərəfindən general rütbəsi verildi.
Bir sözlə, o dövrdə vahid Azərbaycanın yaradılması ideyası müzakirə mövzusu olmayıb. Araşdırdığım qədər deyə bilərəm ki, belə şey yoxdur. Hətta Türkmənçay müqaviləsinin orijinal surətinə baxanda orada erməni sözünün olmadığını gördüm. Müqavilə Sankt-Peterbuqda yenidən işlənilib. Keşiş Nersesin səfərindən sonra əlavələr olub, Qriboyedov ora erməni sözünü əlavə edib. Halbuki ilk danışıqlarda Cənubi Azərbaycan və İranda yaşayan xristian əhalinin köçürülməsi söhbəti vardı.
- Türkmənçaydan həmişə “Azərbaycanı Cənub və Şimala bölən anlaşma” kimi bəhs olunur. Maraqlıdır, Cənubi və Şimali Azərbaycan vahid coğrafi məkan sayılırdımı, tarixi mənbələr bu haqda nə deyir?
- Azərbaycan Səfəvi və Əfşar dövlətləri dövründə vahid mərkəzdən idarə olunurdu. Yəni vahid əsasdaydı. Məlumdur ki, bütün müqavimətlərin kökü Təbrizdəydi. Tarixdəki bütün müqavimətlər Təbrizdən başlayıb. Məsələn, Çingiz Xana, Əmir Teymura qarşı.
Qacarların fikri vardı ki, Əfşar İmperiyasının sərhədlərini yenidən bərpa etsin, həmin torpaqları yenidən özününküləşdirsin. Amma bu, ruslara sərf etmirdi. Azərbaycandan söhbət gedirsə, həm Səfəvi, həm də Əfşar dövründə iki Azərbaycan – həm Şimal, həm də Cənub bir idi. İki ərazi arasında sərhəd söhbəti yoxuydu. Söhbət burada sərhədlərin qoyulmasından gedir. Türkmənçay müqaviləsinin imzalanmasından sonra Şimal Rusiyaya, Cənub da İrana verildi, Araz çayı da sərhəd oldu.
Bizim tarixçilərimiz bunu deməyə qorxurlar, mən çəkinmədən deyirəm, Cənubi Azərbaycanın İran tərəfinə verilməsi Britaniyanın nəzarətinə verilməsi demək idi. Çünki İran tarix boyu Britaniyanın dediklərini edib. İran heç vaxt müstəqil dövlət olmayıb. Nadir Şah və Qacarın ölümündən sonra heç vaxt müstəqil ola bilməyib. Ağaməhəmməd şah Qacarın ölümündən sonra Britaniya İrana nəzarəti ələ almışdı.
- Müqavilənin imzalanmasından bir neçə gün əvvəl rus qoşunları Cənubi Azərbaycana daxil olmuş, Urmiya və Ərdəbili tutmuşdular. Bəs sonradan niyə geri çəkildilər?
- Əgər Rusiya müharibəni İranın içinə doğru çəksəydi, Osmanlı faktoru ortaya çıxacaqdı. Çünki Osmanlı da istəməzdi ki, ruslar onun sərhədlərində hər yeri öz nəzarətləri altına alsınlar. Burada söhbət Osmanlı, Rusiya, İran və Britaniya arasındakı anlaşmalardan gedir. Britaniya cidd-cəhdlə Hindistanı qorumağa çalışırdı. İstəmirdi ki, Hindistan kiminsə nəzarəti altında keçsin və Rusiyanın Qafqazdan Osmanlıya doğru hücuma keçməsinə göz yumurdu.
Amma iş o yerə gəlib çatdı ki, İran, Qarabağ Xanlığı, Naxçıvan Xanlığı, İrəvan Xanlığı ruslara dirəniş göstərdilər və torpaqlar qanla alındı. Bildiyim qədər Rusiyaya könüllü təslim olan Qarabağ Xanlığı olub, digərləri mübarizə aparıblar, savaşıblar.
Demək olar ki, bu gün Türkmənçay müqaviləsi heç bir tarixi-siyasi, hüquqi əhəmiyyət daşımır. Onun heç bir hüquqi əsasları yoxdur. Bu gün o müqaviləni imzalayan nə Rus, nə də Qacar imperiyaları var. Bu, müvəqqəti xarakterli müqavilə kimi nəzərdə tutulmalıdır. Azərbaycanın hüququ var ki, Türkmənçay müqaviləsinin pozulmasını tələb etsin. Bunun üçün əlimizdə sübutlar da var.
- Bizim tarixi mənbələrdə müqavilənin Qacar və Rus imperiyaları arasında imzalandığı deyilir. Bəs rus mənbələrində bu ad Qacar, yoxsa İrandır?
- Ruslar XX əsrin əvvəllərində Azərbaycanı işğal etdikdən sonra tariximizə müdaxilələ etməyə başladılar. Bəzi rus mənbələri bunu “İran”, bəziləri “Persiya”, bəziləri də “Qacar” kimi yazır.
Bilirsiniz, ruslardan ciddi tədqiqat gözləmək qeyri-mümkündür. Rusiya arxivlərindəki sənədlərdə Qacar İmperiyası olduğu yazılıb. Türkmənçay müqaviləsi beş ayrı dildə yazılıb. Amma onun orijinal, fransız nüsxəsi tamam başqa, İran və Rusiya nüsxələri tamam başqadır. Orijinal nüsxəsində “erməni” ifadəsi görmədim. Bu söz Türkmənçay müqaviləsində olmayıb. Bunu kimin yazdığını, tərcümə etdiyini dəqiqləşdirmək lazımdır. Beş dildə olan nüsxələrin hamısına baxılmalıdır, çünki tərcümə xətası ola bilər.
Ruslar Sankt-Peterburqda bura “erməni xalqı” sözünü əlavə ediblər. Axı orada erməni məsələsi olmayıb.
- Şifahi anlaşma ola bilərdimi?
- Bölgədəki üç dövlət - Rusiya, Osmanlı və İran bir-birinə düşmən idi. Bura hər üç dövlətin marağındaydı. Amma dünyanı idarə edən Britaniya idi, xəritəni o müəyyən edir və təsdiqləyirdi. Tarixin ayrı-ayrı dövrlərində bir-biri ilə müharibə edən bu üç dövlətin əsas hədəfi Azərbaycanı ələ keçirmək idi. Rusiyanın Türkmənçay müqaviləsinə qədər Azərbaycanla bağlı hazır proqramı vardı, buranı tamamilə ələ keçirmək istəyirdi.
Hətta Stalin dönəmində Azərbaycanın birləşdirilməsi məsələsi gündəmə gəlmişdi. Stalinin özü də bilirdi ki, Türkmənçay müqaviləsi strateji əhəmiyyət daşımır, hətta Təbrizə qoşun yeritmişdi.
Pişəvərinin mübarizəsi başlayanda Azərbaycanın birləşdirilməsi söhbəti gedirdi, bundan əvvəl Azadıstan dövləti qurulmuşdu. Yəni Stalin bunların hamısını bilirdi. Dediyim kimi, qərarı Britaniya verirdi. Britaniya da öz qərarını verdi: bir hissəsi İranın, bir hissəsi də Rusiyanın olsun.