II Dünya müharibəsindən sonra Türkiyədə azərbaycanlı mühacirlərin qurduğu təşkilatlardan biri də İstanbulda fəaliyyət göstərmiş Azərbaycan Kültürünü Tanıtma Dərnəyidir.
5 avqust 1957-ci ildə dərnək binasında yaşlı və təcrübəli azərbaycanlıların iştirakı ilə tədbir keçirilib. Dərnək sədri Həsən Xəzər çıxış edərək ziyalı nəslin təcrübələrini bölüşmələrinin, dərnəyə yardım etmələrinin vacibliyindən bəhs edib. Daha sonra əməkli albay Baba Behbud, əməkli albay Həmid Gəncə, professor Əhməd Cəfəroğlu, əməkli cəza rəisi Hüsnü Özərdəm, tüccarlardan Səməd və Həsən bəylər, dərnəyin idarə heyətindən Vəli Orkun, Vəli Aran çıxış ediblər.
25 may 1958-ci ildə Yunis Xəzərlinin sədrliyi ilə İstanbulda dərnəyin illik qurultayı keçirilib. Qurultayın katibliyinə Türkan Aran və Əli Atropat seçiliblər. Dərnək sədri Nuri Muğan illik hesabatı oxuyub. Seçkilər nəticəsində Oruc Vurğun, Həsən Xəzər, Saleh Gəncə, Füsun Odoğlu, Yunis Xəzərli, Nuri Muğan, Əhməd Cəfəroğlu, Vəli Orkun, Məhəmmədəli Eldəgəz, Özər Yalçınqaya idarə heyətinə üzv seçiliblər. Müşahidə Şurasına Baba Behbud, Məhəmməd Ağpolad, Həmid Gəncə, İntizam Divanına Əsədulla Yalçınqaya, Əli Ərdəm, Hüsnü Özərdəm seçiliblər.
8 iyul 1958-ci ildə Azərbaycan Kültürünü Tanıtma Dərnəyi ilə Azərbaycan Yardımlaşma Dərnəyinin idarə heyəti bir araya gələrək ortaq qərarlar qəbul ediblər:
- Hər iki dərnək ictimai və mədəni əməkdaşlıq edəcəkdir. Bu xüsuslarda bir-birinə maddi-mənəvi kömək etməyi üzərlərinə götürürlər;
- Qaçqın və Mültəci Dərnəklər Federasiyasında bir-birini dəstəkləməyi üzərlərinə götürürlər;
- Hər iki dərnək milli Azərbaycan əleyhinə olan bütün fəaliyyətlərə haradan gəlməsindən asılı olmayaraq müştərək mövqe tutmağı üzərlərinə götürürlər.
6 mart 1959-cu ildə hər iki dərnək Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin salonunda Məhəmmədəmin Rəsulzadənin anım günü ilə bağlı tədbir keçiriblər. Tədbirdə professor Əhməd Cəfəroğlu Rəsulzadənin həyatı, şəxsiyyəti və ədəbi fəaliyyəti ilə bağlı mühazirə oxuyub. Ardınca Həsən İsmayıllı İkinci Dünya müharibəsi dövründə Almaniyada legionerlər olaraq Rəsulzadə ilə görüşdüklərini bildirib. Tədbirdə Çingiz Göygölün məktubu oxunub. Çingiz bəy Azərbaycan uğrunda çalışan insanların anım günlərinin qeyd edilməsinin önəmli olduğunu, ilk olaraq Fətəlibəyli, ardınca Rəsulzadə ilə bağlı bu mərasimin keçirilməsini alqışladığını, eyni zamanda Xəlil bəy Xasməhəmməd, Şəfi bəy Rüstəmbəyli, Əlimərdan bəy Topçubaşı, Əbdüləli bəy Əmircan kimi dövlət xadimlərinin də xatirə günlərində toplanmağın əhəmiyyətindən yazıb. Daha sonra Məhəmmədsadıq Aranın anım günü ilə bağlı fikirləri səsləndirilib. Almas İldırımın oğlu Azər Almas atasının bir şeirini oxuyub.
22 aprel 1959-cu ildə müştərək fəaliyyət göstərən dərnək üzvləri tanışlıq çayı təşkil ediblər. Gecədə milli rəqslər ifa edilib. Hər iki dərnək 27 aprel matəm gününü də birgə qeyd ediblər. Toplantını Azərbaycan Yardımlaşma Dərnəyinin sədri Səməd bəy açıb. Tədbirdə Məhəmmədsadıq Aran, Əhməd Cəfəroğlu 27 aprelin hansı şəraitdə baş verdiyindən bəhs edib, birlik çağırışı ediblər.
14 iyun 1959-cu il saat 10-da Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin Sultan Əhməddəki binasında illik qurultayı keçirilib. Qurultayın sədrliyinə yüksək mühəndis Məhəmmədəli Eldəgəz, müavinliyə Hüseyn Ərgün, katibliklərə mühəndis Yücəl Erdən və Kubilay Yalçınqaya seçiliblər. Qurultayda dərnək sədri professor Əhməd Cəfəroğlu illik fəaliyyət raportunu, müəllim Əli Erdəm isə Müşahidə Şurasının raportunu oxuyublar. Tədbirdə Ankaradakı azərbaycanlılar adından “Mücahid” jurnalının sahibi Çingiz Göygöl və pilot Məhəmməd Altunbay iştirak ediblər. Seçkilər nəticəsində Oruc Vurğun, Həsən Xəzər, Saleh Gəncə, Kubilay Yalçınqaya, Altay Erdəm, Məhəmmədəli Eldəgəz, Hüseyn Ərgün idarə heyətinin üzvü olublar. Ehtiyat heyətə Əfruz Yücəl, Faruk Azərtürk, Əli Atropat seçiliblər. İdarə heyətinin öz aralarında keçirdikləri seçki nəticəsində sədrliyə yüksək mühəndis Məhəmmədəli Eldəgəz, müavinliyə yüksək mühəndis Saleh Gəncə, ümumi katibliyə əczaçı Kubilay Yalçınqaya, mühasibliyə Altay Erdəm seçiliblər. Professor Əhməd Cəfəroğlu isə Müşahidə Şurasının sədri olub.
27 aprel 1960-cı ildə dərnəyin Sultan Əhməddəki binasında Cümhuriyyətin işğalının 40-cı ildönümü qeyd edilib. Tədbiri Oruc Vurğun açıb, ilk söz Ankaradan gələn Tağı Aran bəyə verib. Tağı bəyin çıxışı “Mücahid” jurnalında dərc edilib. Çıxışında o, maraqlı bir xatirəsindən bəhs edib: “1930-cu ildə milli bayramları münasibətilə Ankaradakı Polşa səfarətxanasına getmişdim. Səfarətin tanınmış şəxslərindən biri ilə Azərbaycanın istiqlalı mövzusu ətrafında danışırdıq. Bu şəxs bir ara öz millətinin tarixini xatırlamış olacaq ki bir az da qürurla: “Bir parça qan axıtmasını bilməlisiniz” demişdi. Dərhal cavab verdim: “Türk olaraq başqa heç bir millətdən bu xüsusda örnək almağa möhtac deyilik. Azəri türkləri olaraq 10 il içində 52 dəfə üsyan etmiş, yüz minlərlə qurban verdiyimizi bilməyinizi istəyirəm”. Bu cavabdan sonra susmaq məcburiyyətində qalmışdı”.
Daha sonra dərnəyin idarə heyətinin üzvü Faruk Azərtürk Azərbaycan türklərinin ruslarla mücadiləsi tarixindən, Cümhuriyyətin quruluşundan bəhs edib. Ardınca Azərbaycan Yardımlaşma Dərnəyinin sədr müavini Feyzullah Kılıçali və Dr. İskəndər İsfəndiyaroğlu Azərbaycan haqqında xatirələrini danışıblar. Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin idarə heyətinin üzvü Saleh Gəncə çıxışında 27 aprelin təkcə matəm günü kimi deyil, eyni zamanda Azərbaycan uğrunda şəhid olanların anım günü kimi də qeyd edilməsini qərara aldıqlarını bildirib.
16 oktyabr 1960-cı ildə professor Əhməd Cəfəroğlunun sədrliyi, Sevil Xəzər ilə Əli Atropatın katibliyi ilə dərnəyin illik qurultayı keçirilib. Ardınca dərnəyin idarə heyətinin üzvlərində əczaçı Kubilay Yalçınqaya illik hesabatı, müəllim Əli Erdəm Müşahidə Şurasının raportunu oxuyublar. Faruk Azərtürk və Səbahəddin Akın çıxış ediblər. Sonra seçkilər keçirilib və idarə heyəti gəncləşdirilib. Sədrliyə yüksək mühəndis Saleh Gəncə, sədr müavinliyinə müəllim Faruk Azərtürk, ümumi katibliyə əczaçı Kubilay Yalçınqaya, üzvlüyə Səbahəddin Akın, Altay Erdəm, Aydın Arran, Xəlil Gözəlsoy seçiliblər. Müşahidə Şurası Əhməd Cəfəroğlu, Həmid Gəncə və Kamil Gəncədən ibarət olub. İntizam Şurasına Sadullah Yalçınqaya və Əli Erdəm gətiriliblər.
Müştərək fəaliyyət göstərən Azərbaycan Yardımlaşma Dərnəyi ilə Azərbaycan Kültürünü Tanıtma Dərnəyi hər ayın ilk şənbə günü bir araya gəlmələri ilə bağlı qərar qəbul ediblər.
27 aprel 1961-ci il saat 17:30-da İstanbul Liseyi Mənsub və Məzunları salonunda hər iki dərnək tərəfindən “Şəhidləri anma günü” qeyd edilib. Tədbiri Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin sədri Saleh Gəncə açıb, Əhməd Cəfəroğlu, Faruk Azərtürk, Səbahəddin Akın çıxış ediblər, Cabbar Gəncər şeirlər oxuyub.
1961-ci ilin 28 may tədbirini də hər iki dərnək Sultansuyunda 400 nəfərlik heyətlə “Azərbaycan pikniyi” adı ilə qeyd ediblər. Əhməd Cəfəroğlu və Faruk Azərtürk günlə bağlı danışıblar.
12 noyabr 1961-ci ildə Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin Divanyolu 70 ünvanındakı mərkəzində Əhməd Cəfəroğlunun sədrliyində illik qurultayı keçirilib. Sədr Saleh Gəncənin raportuna görə, ötən müddətdə keçirilən 28 May tədbirinə vali müavini, Milli Birlik Komitəsi üzvlərindən general Ataklı, yazıçı Samih Nafiz Tansu, Hakkı Suha Gezgin və bir çox müsafirlər qatılıb. Hər iki dərnək birgə Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” əsərini səhnələşdirib. Eləcə də Hilton hotelində, Union Fransez salonunda iki dəfə çay toplantısı tərtib edilib.
Seçkilər nəticəsində idarə heyəti üzvlüyünə Saleh Gəncə, Səbahəddin Akın, Altay Erdəm, İsmət Şaman, Əfruz Yücəl, Hüseyn Ergin, Faruk Azərtürk, müşahidə şurası üzvlüyünə Oruc Vurğun, Mehmed Hüseyn Berk, Əhməd Cəfəroğlu, intizam şurasına Əsədullah Yalçınqaya, Əli Erdəm seçiliblər.
28 yanvar 1962-ci ildə Hilton hotelində “Azərbaycanlılar çayı” təşkil edilib. Tədbiri professor Əhməd Cəfəroğlu açıb, Milli Birlik Komitəsinin sabiq üzvü Camal Madanoğlu, qarnizon komandanı general Faruk Güvəntürk iştirak ediblər.
27 aprel 1962-ci ildə Azərbaycan Cümhuriyyətinin 42-ci ildönümü münasibətilə hər iki dərnək birgə tədbir keçiriblər. Saat 18-21 aralığında İstanbul Oğlan Liseyi Məzun və Mənsubları Dərnəyinin salonunda baş tutan anım gününü Səməd Göyçay və Faruk Azərtürk idarə edib. İlk çıxışı Azərbaycan Yardımlaşma Dərnəyinin sədri Həsən İsmayıllı edib. Ardınca Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin sədri Saleh Gəncə söz alıb.
Toplantıda çıxış edən Məhəmmədsadıq Aran bunları bildirib: “Ruslar bu gün dünyanı istila etməyə hazırlaşır. Dünya qəflətdən oyanmalıdır. Azad millətlər qırmızı fitnənin nə olduğunu bilmirlər. Qırmızılar ancaq qüvvət qarşısında boyun əyəcəklər”.
Tədbirdə Şimali Qafqaz mühacirlərini Kadircan Kaflı, Türküstan mühacirətini Dr. Saleh Erkinkol təmsil edib. Eyni zamanda Qars millət vəkili Hüsaməddin Tuğac, Dr. Samih Nafiz Tansu, “Mücahid” dərgisi adına Nurəddin Xəzər iştirak ediblər.
26 may 1962-ci ildə “Şan” sinemasında Türk Qaçqın və Mültəci Dərnəkləri Federasiyasının keçirdiyi Folklor Gecəsində Azərbaycan Kültürünü Tanıtma və Yardımlaşma Dərnəyi də qatılıb. Hüseynbala bəylə Əfruz xanımın idarə etdiyi Azərbaycan Folklor Qrupu iştirak edib.
1963-cü ilin dekabrında Səməd Göyçayın sədrliyində Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin illik qurultayı baş tutub. İdarə heyətinə Saleh Gəncə (sədr), Faruk Azərtürk, Əhməd Cəfəroğlu, Oruc Vurğun, Əfruz Yücəl, İsmət Şaman, Səbahəddin Akın, Cəlal Akın, İsa Kür seçiliblər. Sadullah Yalçınqaya ilə Hüseyn Akın intizam şurasına, Səməd Göyçay, Yusif Laçın, İbrahim Hür müşahidə şurasına üzv olublar.
22 mart 1964-cü ildə hər iki dərnək Tepebaşı Meşrutiyet caddəsi 65 nömrədə ortaq salonun alınması münasibətilə törən keçiriblər. 9 aprel 1964-də Taksim Bələdiyyə qazinosunda ziyafət veriblər. 27 aprel və 28 may tədbirləri ortaq binada qeyd edilib.
Dərnəyin sədri mühəndis Saleh Gəncə 5 may 1917-ci ildə Gəncədə doğulub. İlk təhsilini Gəncədə alan Saleh bəy 5 may 1930-cu ildə İstanbula, qohumu professor Əhməd Cəfəroğlunun yanına gəlib, orta təhsilini burada davam etdirib. 1936-cı ildə liseyi bitirdikdən sonra İstanbul Universitetinin ali kimya mühəndisliyi bölümünə daxil olub, kimya yüksək mühəndisi kimi məzun olub. Hələ universitet tələbəsi ikən geniş ailəsinə dəstək olmaq məqsədilə orta məktəbdə müəllimlik fəaliyyətinə başlayıb, ömrünün axırınadək bu sahədə çalışıb. Tələbə ikən Süleymaniyyə qız məktəbində, Vəfa liseyində, Fatih qız məktəbində, Pertevniyal liseyində köməkçi müəllim kimi işləyib. 1944-cü ilin fevralında fakültədən məzun olub. 6 aprel 1944-cü ildə Hikmət adlı xanımla ailə həyatı qurub.
Gəncə bir müddət Paşabaxça içki fabrikində, sonra Diyarbəkir və Qaziantəpdə rakı və şərab fabriklərində çalışıb. 1944-cü ilin oktyabrında hərbi xidmətə yollanıb, Qırıqqala barıt fabrikində ehtiyatda olan zabit kimi xidmət edib. 1947-ci ilin aprelində ordudan tərxis olub. Həmin tarixdən etibarən 1948-ci ilin fevralına qədər Ankara Dikmen şərabxanasında çalışıb. 1948-ci ilin mart ayından etibarən əvvəlcə Pertevniyal liseyində, ardınca Kabataş oğlan liseyində və özəl Şişli Terakki liseyində kimya müəllimi kimi çalışıb. Bir müddət Kabataş liseyində müdir müavini olub. Saleh Gəncə 1966-cı ildə Azərbaycana ziyarətə gələ bilib. Onun İstanbuldakı evi həm Türkiyədəki azərbaycanlıların, həm də Azərbaycandan gələn şəxslərin qonaq qaldığı yer olub. Evinin bir otağını məhz Azərbaycandan gələn qonaqlar üçün hazır şəkildə boş saxlayırmış.
S.Gəncə 3 aprel 1969-cu ildə infarktdan vəfat edib.