10 Mart 2022 20:57
2 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

MTV Azərbaycan kanalının bədii rəhbəri Səyavuş Hüseynli Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik.

- Səyavuş müəllim, MTV Azərbaycan kanalı olaraq qarşınıza qoyduğunuz hədəfə nə dərəcədə nail oldunuz?

- Kanal "Muz TV Azərbaycan" adı ilə fəaliyyətə başlayıb, 2018-ci ildən isə MTV Azərbaycan adı ilə fəaliyyətini davam etirir. Əvvəlcə kanal sırf musiqi formatında idi, son iki ildə formatını dəyişərək əyləncə və musiqi xarakteri aldı. Efirin 80 faizini kliplər, 20 faizini verilişlər təşkil edirdisə, hazırda 50 faizini verilişlər, 50 faizini isə musiqi təşkil edir. Məqsədimiz MTV Azərbaycan kanalını musiqili-əyləncəli kanal kimi tanıtmaq idi.

Verilişlərimizin sayı artdı, yeni proqramlarımız yarandı. Yaxın günlərdə gündəlik yayımlanan axşam proqramımız olacaq və hətta bunun üçün pavilion tikirik. Həftəsonu proqramlarımız da var. Filmlər gəlib, bununla yanaşı serial da yayımlanacaq. Öz serialımızı çəkmək iddiasındayıq. Həmçinin bir xarici serial da yayımlanacaq. Musiqili serial çəkmək niyyətindəyik.

- MTV Azərbaycan kanalı digər yerli kanallarla rəqabət aparırmı? Reytinq cədvəliniz haqda məlumat verə bilərsiniz?

- Musiqi kanalı olaraq hələ ki yeniyik, digər həmkarlarla tam ayaqlaşa bilmərik. Məqsədimiz işləmək, pul qazanmaq və bu pulla yeni layihələr hazırlamaqdır. Ölkə kanalları günü-gündən inkişaf edir. İki il əvvəl dünya miqyasında tanınan layihələr Azərbaycana gətirilməmişdi.

Qeyd etdiyim kimi tele-kanallarımız inkişaf edir, çalışırıq ki, bizim tele-kanalımız da yerində saymasın. Reytinq və peşəkarlıq baxımından ən yaxşılar sırasında olmaq istəyirik. Məqsədimiz tamaşaçılara baxımlı proqramlar təqdim edib, onların əyləncə və istirahətini yaxşı təşkil etməkdir.

- MTV Azərbaycan ilk gündən keyfiyyətli musiqilər təqdim etməyə çalışıb. Ümumiyyətlə, insanların musiqi zövqünə təsir edə bildinizmi?

- Müntəzəm şəkildə musiqi, özü də yaxşı musiqi təqdim etməyə çalışmışıq. Bir çox gənc müğənnilər bizim efirdən çıxıblar. Halbuki digər kanallar onlara efir vermirdilər. MTV Azərbaycan kanalında gənc müğənnilərin klipləri yayımlandı, verilişlərə qonaqlar dəvət edildilər.

Maraqlı və öz tərzi olan gənclər bu gün də kanalımıza gəlməkdədir. Kanal olaraq insanların musiqi zövqünə nə dərəcədə təsir etdiyimizi deyə bilmərəm, amma əminəm ki, insanlar MTV Azərbaycan efirindən yaxşı musiqilər eşidə bilirlər. Biz bu sahədə inqilab etmək iddiasında deyilik, bizimlə rəqabətdə olan, sosial şəbəkə və platformalar insanların musiqi zövqünün formalaşmasına daha çox təsir edir.

Bəzən insanları televiziyalar qıcıqlandırır, problemin kökünü efirlərdə görürlər. Bizim teleməkanda siqaretin təbliğatı yoxdur. Amma sosial şəbəkələr və digər platformalarda siqaret çəkib, içki içərək müsahibə verirlər. Orada nədənsə bu təbliğat kimi görünmür. Baxmayaraq ki, insanların əlində balaca bir ekran var, hər kəs onu görə bilir.

Televiziyanın öz qanun-qaydaları var və onların fəaliyyəti tənzimlənir. Televiziya insanlara yaxşı şeyləri təbliğ etməyə çalışır, o cümlədən də musiqi... Əgər pis musiqi və pis ifa varsa, onu televiziyalarda deyil, sosial şəbəkələrdə görə bilərsiniz.

- Çox təəssüf ki, sosial şəbəkələrdən də televiziyalara gedirlər...

- Yalnız çox az faizi televiziyaya gələ bilir. Qonaq qismində dəvət edib soruşursan, sən nə işlə məşğulsan ki, 25 milyon izləyicin var? Elə müğənnilər var ki, sosial şəbəkələrdə bayağı musiqi ifaçısı kimi tanınırlar. Tamaşaçı onların efir ifasında bəstəkar mahnılarını yenidən kəşf etməli olur. Onların sırasında muğam məktəbini bitirənlərə də rast gəlinir. Belə birini efirə gətirə, yaxşı musiqi təqdim etməsinə şərait yaratmaq da mümkündür. Bəzən belələri axına gedə bilirlər, amma bu, televiziyanın günahı deyil.

- Müğənni Hissin MTV Azərbaycan kanalında klipinin yayımlanmasına xalq artisti Röya Ayxanın qadağa qoydurması haqqında xəbərlər yayılmışdı. Bu, nə dərəcədə doğru idi?

- Hiss və onun kimi bir qrup gənclərə telekanal efir hədiyyə etdi, onların klipini yayımladı, verilişlərə qonaq çağırdı. Bu gün onları başqa televiziyalar da bəh-bəhlə efirə dəvət edirlər. Çünki onların müəyyən uğurları var, biz buna sevinirik. Hiss yaxın günlərdə Türkiyədə şirkətlərin biri ilə müqavilə bağladı. Bu təqdirəlayiqdir və hər ifaçının görəcəyi iş deyil. Biz onun kliplərini efirə verəndə bu işlərin heç biri yox idi.

Yaxın günlərdə mənə dedilər ki, Hiss sosial şəbəkədə post paylaşıb. Guya onun hansısa klipinin yayımlanmasına MTV Azərbaycan qadağa qoyub hansısa xalq artistinin zəngi ilə... İlk öncə deyim ki, bu kimi hallar kanallarda olmur, belə zəng etmirlər. Xahiş edə bilərlər ki, kiminsə klipini verin, yeni layihəsini yayımlayın, efirinizə dəvət edin. Zəng etsinlər ki, filankəsin klipini efirə verməyin və sair kimi hallar mümkün deyil.

Sonra belə bir şayiə yayıldı ki, guya Hissə mane olan xalq artisti Röya Ayxandır. Röya Ayxanın auditoriyası başqa, Hissinki isə başqadır. Onları birləşdirən və ya aralarında narazılıq yaradan nə ola bilər ki?! Heç bir müğənni kanallara zəng edib, kiminsə qarşısına sədd çəkdirmir. Yalan söhbətdir.

Hissə gəlincə, onu efirimizə dəvət edən ilk kanal olmuşuq. Hissin belə bir post paylaşması əvvəl təəssüf, sonra təəccüb doğurdu. Təəccüb ona görə doğurdu ki, bizim kanalda belə bir hal olmayıb. Onun həmin postu paylaşdığı gün iki klipi efirdə yayımlanmışdı.

Hər şey təcrübə ilə baş verir. Görünür, təcrübəsi olmadığı üçün belə bir addımı atmışdı. Onun prodüserinə zəng etdim ki, gəlin oturaq, müzakirə aparaq. Baxmayaraq ki, siz bizimlə danışmadan ittiham elan etmisiz...

Əslində, kanalın özü maraqlıdır ki, gənc və istedadlı ifaçıların musiqisi televiziyada səslənsin.

- Bir çox müğənnilərə bəzi kanallarda qadağa qoyulub. MTV Azərbaycan kanalının "qara siyahısı"na salınan müğənni varmı?

- Özünü yaxşı ifadə edən hər bir müğənnini MTV Azərbaycan kanalında görə bilərsiniz. Kanallar bu məsələdə maraqlıdırlar. Müğənnilərdən kanallarda pul alınması təcrübəsi dünyada var. Hollivud yeni film istehsal edir, onun piar işlərini hansısa şirkətə verir və külli miqdarda pul ayrırır. Həmin film haqqında böyük ajiotaj yaradılır və onun əksini ekrandan, kinoteatrlardan qazanırlar.

Efirimizdə müğənnilərimizin klip təqdimatı, aktyor, rejissorlarımızın filmlərinin təqdimatı olur. Hansı biri kanala pul verir?! Biz özümüz zəng edirik ki, təzə klipiniz olacaq, xahiş edirik, bizim efirdə yayımlayın.

Yaxın günlərdə Zamiq Hüseynovun konserti oldu, özümüz həm təşkilati dəstək olduq. Biz buna görə Zamiq Hüseynovdan pul alırıq?! Xeyr. Biz maraqlı idik ki, Zamiq Hüseynovun konserti efirimizdə yayımlansın, Zamiq Hüseynov isə maraqlı idi ki, onun gördüyü iş daha geniş auditoriyaya çatsın.

- Televiziyalarımız müğənnilərə nə zamansa qonorar verə bilərmi? Məbləğ hansı civarlarda ola bilər?

- Müğənni Eldar Qasımov kanalımıza müsahibə verdi ki, Avropada hansısa kanal efirə dəvət edib, deyiblər ki, sizə bu qədər pul verməliyik, amma dördə bir hissəsini təqdim edəcəyik. Onlar da razılaşıblar.

Xarici kanallarda da müğənnilərə verilən məbləğ böyük deyil. Eşitdiklərimizə görə, məbləğ 300-500-2000 min dollar arasında ola bilər. Amma bizim kanallarda müğənnilərə qonorar vermək təcrübəsi bu gün real deyil, televiziyaların maddi vəziyyətinə görə... Bir-iki müğənni üçün yaxşı maddi imkanı olan kanallar bu addımı ata bilər. Amma bu da bir-iki dəfə...

- Məsələn, hansı müğənniləri nəzərdə tutursunuz?

- Röya Ayxan, Aygün Kazımova, Brilliant Dadaşova qonorar istəyə bilərlər. Yaxud gündəmdə olan hansısa müğənni deyə bilər ki, efirə çıxmağımı istəyirsinizsə, ödəniş edin.

- Ümumiyyətlə, müğənni Xatirə İslam və Natəvan Həbibidən televiziyalara qonorar müqabilində çıxmaq təklifi gözləyirdinizmi? Onların Röya Ayxan, Aygün Kazımova və Brilliant Dadaşova ilə müqayisədə televiziyalardan qonorar tələb etməsi nə dərəcədə doğrudur?

- Kimisə çıxışına görə əsassız ittiham etmək düzgün deyil. Nəinki Xatirə İslam, öz həyatını, sağlamlığını sənətə həsr edən hər bir insan bu iddianı irəli sürə bilər. Hər bir insan fikir bildirməkdə azaddır. Sadəcə bu təklif realdırmı, bunu reallaşdırmaq mümkündürmü? Müzakirə predmeti budur.

Qonorar məsələsi Avropa və Türkiyə telekanallarında mövcuddur.Yenə deyirəm, bu gün bizim televiziyalar üçün bu, real deyil.

Türkiyə kanallarında müğənnilərsiz bir çox verilişlər efirə gedir. Televiziyalar seriallara daha çox üstünlük verirlər. Əgər sabah bütün müğənnilərimiz qonorar iddiası irəli sürsə, kanallar dünya təcrübəsindən istifadə edib, öz istiqamətini, formatını dəyişəcək.

Kanal yarışlar təşkil etməli, öz verilişlərinin aparıcılarını qəhrəmana çevirməlidir. Kanal peşəkar jurnalistlərini yetişdirməlidir. Bu halda müğənnilərə möhtac olmayacaq.

- Məsələn, siz Xatirə İslama qonorar verib efirə dəvət edərsinizmi?

- Əgər telekanalın maddi imkanı olsa, ortaya maraqlı işlər qoyan istənilən məşhur müğənniyə qonorar verə bilər. Bunun da öz şərtləri var. Gərək müğənni başqa heç bir efirə çıxmasın, tamaşaçılar onu yalnız sənin kanalında izləsin, sponsor cəlb olunsun. Bu halda müğənnini piar edib nəinki ona pul verəcəksən, hətta ondan qazanacaqsan da. Əslində, qonorar məsələsi qıcıq doğuracaq hal deyil.

- Son günlər televiziyaları tənqid edirlər ki, tamaşaçıların arxasınca gedirlər. Bu fikirlə nə dərəcədə razısınız?

- Kanalların hədəfi və qarşısına qoyduğu məqsəd keyfiyyətli iş təqdim etməkdir. Telekanallar çalışırlar ki, insanlar təqdim edilən verilişlərdən nəsə öyrənsinlər, maariflənsinlər, istirahətlərini mənalı keçirsinlər. Kanal bütün istəkləri nəzərə alacaq proqram təşkil etməlidir.

- Hazırda insanların daha çox hansı formatlı verilişləri izləyirlər?

- Reytinq cədvəlinə əsasən deyə bilərəm ki, sosial xatakterli veriliş və seriallar daha çox izlənir. Bir də xəbər proqramları...

- Necə düşünürsünüz, televiziyalarımızda dünya miqyaslı layihələrin qəbul edilməməsinin səbəbi nədir?

- Əvvəl AzTV-də, sonra isə İTV-də yayımlanan "Səs Azərbaycan" yarışmasına böyük məmuniyyətlə baxırdım. Sabah eyni formatlı veriliş yayımlansa, yenə izləyəcəm. Sadəcə böyük layihələri xarici yayımlarda daha çox bəyənirik, nəinki özümüzdə...

Vaxt var idi ki, televiziyalarımızda yayımlanan filmlərin dublyajını bəyənmirdik. Hazırda mən çox bəyənirəm, çox peşəkarcasına dublyaj edirdilər.

- Kanal olaraq qarşıdakı hədəfləriniz nədən ibarətdir? Hansısa xarici layihəni efirinizə gətirmək fikriniz varmı?

- Xarici layihə üçün əvvəlcə maliyyə məsələsini həll etmək lazımdır. Hələ ki, öz kreativ işçilərimizin düşüncələrinə söykənirik. Xarici və yerli serialların yayımı olacaq.

Bundan başqa kanalımızın loqosunu dəyişmək istəyirik. Siz MTV Azərbaycanı tezliklə yeni qrafik dizaynda görəcəksiniz.


Müəllif: Rəqsanə Həsənova, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər