23 Noyabr 2014 19:36
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 23-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin türkiyəli həmkarı Ömər Çelikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Teleqraf.com-un məlumatına görə, Əbülfəs Qarayev ötən il Türkiyənin üç şəhərində keçirilmiş Azərbaycan Mədəniyyəti Günlərinin mədəniyyətimizə və incəsənətimizə böyük maraq doğurduğunu söyləyib. Nazir ümidvar olduğunu bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən Türkiyə Mədəniyyəti Günləri də əlamətdar hadisəyə çevriləcək, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına təkan verəcək. Bu həm də Türkiyə mədəniyyəti ilə daha yaxından tanışlıq üçün böyük əhəmiyyət kəsb edir.

Bodrumda türkiyəli nazirlə keçirdiyi görüşü xatırladan Ə.Qarayev mədəniyyətin və turizmin inkişafına, birgə layihələrin həyata keçirilməsinə dair aparılan fikir mübadiləsinin, imzalanan bir çox sənədlərin önəmini qeyd edib. O, hər iki tərəfdən turistlərin sayının ildən-ilə artdığını, bir neçə birgə layihənin həyata keçirilməsinə başlandığını diqqətə çatdırıb.

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik deyib: “Biz qardaş Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Bizim dilimiz, dinimiz, tariximiz birdir, gələcəyə ümumi baxışlarımız var. Demək olar ki, ümumi razılığa gələ bilmədiyimiz heç bir məsələ yoxdur. Biz öz irsimizi hər zaman dəyərləndirməli, qardaşlıq əlaqələrimizi daha da dərinləşdirməliyik".

Ömər Çəlikin sözlərinə görə, Azərbaycan və Türkiyə lavaş başda olmaq üzrə bir çox məhsullarını və mədəni irsini YUNESKO-nun mədəni irs siyahısana salmalıdır: "Koroğlu mövzusunda da birgə iş görürük. Biri mədəniyyət, digəri turizm sahəsində davamlı çalışan iki komitə quracağıq. Bu komitələr altı ayda bir nazir müavinlərinin rəhbərliyi altında bir araya gələcəklər. Biz də ildə bir dəfə bir araya gələrək onların işlərini nəzərdən keçirəcəyik. Tarixi İpək Yolu və Dədə Qorqudun tarixi irsinin canlandırılması mövzusunda birgə layihələr həyata keçirəcəyik".

Türkiyəli nazir hər iki ölkədə keçirilən mədəniyyət günlərinin qardaş xalqlarımızın bir-birinin mədəniyyətini daha yaxından öyrənmələri baxımından önəmini vurğulayıb.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun da iştirak edib.


Müəllif:

Oxşar xəbərlər