30 Mart 2022 09:14
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Sənubər İsgəndərli televiziyalarımızda dublyaj edilən türk film və seriallarını birmənalı qarşılamadığını qeyd edib.

Teleqraf.com xəbər verir ki, Sənubər İsgəndərli sosial şəbəkədə qeyd edib: "TRT 2 kanalında "Nar baği" filmi dublyajsız, alt yazıyla nümayiş olundu. Biz niyə türk filmlərini dublyaj edirik, bilmirəm. Xarici filmlər dublyaj olunmalıdır, türk filmləri yox...”

Məsələ ilə bağlı əməkdar mədəniyyət işçisi Oqtay Əliyevə müraciət etdik. Saytımıza açıqlamasında o dedi: "Sözlərimiz bir-birinə qarışıb, elə sözlər var ki, başa düşülmür. Mənim daha çox narahat olduğum hal odur ki, gənclərimiz həm danışıqda, həm də sözlərin ifadə olunmasında türk sözlərindən istifadə edirlər. Türk musiqilərinə daha çox meyillidirlər.

Onu da bildirim ki, türk serialları çox nümayiş edilmir, çünki çox bahadır. Sənubər İsgəndərli özü də aktrisadır, aktyorlar və aktrisalar az da olsa dublyajdan beş-on manat pul qazanırlar. Heç olmasa bu sahədən pul qazansınlar. Beləliklə, türk filmlərinin nümayişi zamanı dublyaj ola da bilər, olmaya da...”.

Oqtay Əliyev “Siz televiziyalarımızda dublyaj edilən filmləri izləyirsinizmi?” sualına isə belə cavab verdi: "Bu gün Azərbaycanda 30-40 faiz dublyaj sahəsində irəliləyiş var. Elə film və seriallar var ki, onları yaxşı tərcümə edirlər. Sadəcə film və serialların orijinal versiyalarına baxmamışam və televiziyalarımızda izləyəndə də normal təsir bağışlayır.

Türk kanaları Amerika filmlərini yüksək səviyyədə dublyaj etmir. Sanki bir amerikalı türk dilində danışır. Azərbaycanda da sovet vaxtı rus filmlərini tərcümə edəndə rus ləhcəsi ilə təqdim edirdilər".

Əməkdar incəsənət xadimi Ayaz Salayev isə dublyaj edilən filmləri izləmədiyini bildirdi: "Ömrümdə serial izləməmişəm, nə türk, nə də başqa xarici ölkələrin seraillarını... Hərdən "Yutub”da "Möhtəşəm yüz il" serialının qısa fraqmentlərinə baxıram. Evimdə televizor yoxdur.

Türk dilindən Azərbaycan dilinə dublyaj mütləq lazımdır. Tələbələrimdən görürəm ki, yavaş-yavaş ədəbi dili türk dili olur. Onlar türk sözlərindən çox istifadə edirlər. Bunun Azərbaycan dilinə böyük təhlükəsi var. Mütləq tərcümə lazımdır. Türk dili xarici dildir, nə qədər də qardaş ölkə olsa da".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər