6 Aprel 2022 13:12
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Doğma torpaq” tammetrajlı bədii filmin tamamlanması üçün maliyyə axtarışlarımız davam edir. Bununla bağlı hər gün müxtəlif şirkətlərin, qurumların rəhbərləri ilə görüşüb danışıqlar aparırıq. Amma hələ ki, lazım olan məbləğ toplanmayıb”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında filmin istehsalçı şirkəti “Narimanfilm” kinostudiyasının direktor müavini Leyla Dostəlizadə deyib.

Onun sözlərinə görə, filmin montaj işləri başa çatıb: “Hazırda səs və kompüter qrafikası üzərində işlər aparılır. Bildiyiniz kimi “Nərimanfilm” kinostudiyasının Azcinemaonline.com platforması fəaliyyət göstərir. Bu platformada film üçün ianə toplaşını da həyata keçiririk. Bu, hər bir Azərbaycan vətəndaşının layihəyə dəstək olmasına şərait yaradır”.

Leyla Dostəlizadə həmçinin bildirib ki, film zəfərimizin ikinci ildönümündə təqdim olunaq.

“Narimanfilm” və “Azərbaycanfilm” kinostudiyalarının müştərək istehsalı olan filmə Mədəniyyət Nazirliyi və özəl şirkətlər dəstək olub.

“Doğma torpaq” bədii filmi sovet dövründə daşnakların gizli fəaliyyətindən, azərbaycanlıların Qafandan qovulmasından, Xocalı faciəsindən bəhs edir və 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yekunlaşır. Filmin bəzi epizodları işğaldan azad olunmuş Şuşa şəhərində çəkilib.

Ekran əsərinin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safatdır.

Filmdə rolları Rüstəm Cəbrayılov, Alina Vorontsova, Hacı İsmayılov, Orxan Abbasov, Məbud Məhərrəmov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları canlandırıb.


Müəllif: Nərmin